"Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum və ya qısaca WUF) Birləşmiş Millətlər Təşkilatının (BMT) sürətli urbanizasiya problemləri və şəhərlərin gələcəyi məsələlərinə həsr olunmuş ən böyük qlobal platformasıdır. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən bu forum şəhərsalma sahəsində dünyanın aparıcı konfranslarından biri hesab olunur. Əsas fəaliyyət istiqamətləri və məqsədləri aşağıdakılardır:
Qlobal dialoq: Dövlət qurumları, urbanistlər, memarlar, alimlər, cəmiyyət nümayəndələrini bir araya gətirir.
Dayanıqlı inkişaf: İqlim dəyişikliyi, yaşıl enerjiyə keçid, inklüzivlik və fəlakətlərdən sonrakı bərpa kimi problemlərə innovativ həllər axtarır.
Təcrübə mübadiləsi: Şəhərlərin ekoloji, iqtisadi və sosial cəhətdən necə daha yaşana bilən hala gətirilə biləcəyi ilə bağlı ən yaxşı təcrübələri paylaşır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərsalma məsələlərini dövlət siyasətinin prioritetlərindən biri elan edir. Bakı 17-22 May 2026-cı il tarixlərində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edir. Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmışdır. Tədbir çərçivəsində Azərbaycan sərgisi də da daxil olmaqla müxtəlif ölkələrin sərgilərin yer aldığı, şəhərsalma yenilikləri sərgisi fəaliyyət göstərir. Tarixin ən böyük şəhərsalma sərgisi çərçivəsində 1500 kvadratmetr ərazini əhatə edən ən böyük sərgi məhz Azərbaycanındır. Sərgidə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi müasir “ağıllı şəhər” və “ağıllı kənd” layihələri nümayiş olunur.
Ümumilikdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi ən mühüm nailiyyət olmaqla, Azərbaycanda inkişafın uğurları dünya liderliyinə gedən tarixi, şərəfli yoldur. Prezident İlham Əliyev qeyd edir: "Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir". Dövlət başçısı bu fikirləri qlobal səviyyədə şəhərsalma siyasətinə, əhalinin rahatlığına və şəhər infrastrukturunun inkişafına dair vurğulayıb.
Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan (WUF13) ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsi, ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür.
Azərbaycan beynəlxalq dialoq platformalarının ünvanına çevrilib. Prezident İlham Əliyevin uzaqgörən strategiyası sayəsində Bakıda dünyanın şəhərsalma gündəliyi müəyyən edilir.
Bu strategiyanın əsas uğur göstəricilərinə aiddir:
1.Dayanıqlı Şəhərsalma və "Ağıllı Şəhər" Konsepsiyası: 2026-cı ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi və işğaldan azad edilmiş ərazilərdə (Ağdam, Zəngilan, Xankəndi və s.) sıfırdan inşa edilən yaşayış məntəqələrində yaşıl texnologiyaların tətbiqi və s.
2. BMT ilə Tərəfdaşlıq Əlaqələri: Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və UN-Habitat arasında imzalanan niyyət sənədləri, ölkəmizin dayanıqlı məskunlaşma və urbanizasiya siyasətinin formalaşdırılmasındakı aparıcı rolunu təsdiqləyir.
3. Cari ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi şəhərsalma siyasətinin Azərbaycanda dövlət idarəçiliyinin ali prioritetlərindən biri olduğunu rəsmən nümayiş etdirir.
Prezident İlham Əliyevin bu mühüm qlobal missiyanın Azərbaycana həvalə edilməsinə görə təşəkkürünü bildirməsi və səmərəli əməkdaşlığı vurğulaması ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini göstərir. Cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi: Beləliklə, WUF13 platforması çərçivəsində Bakıdan səslənən bəyanatlar, Azərbaycanın şəhərsalma fəlsəfəsinin reallığını əks etdirir.
Günel Məlikli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.