Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Əxlaqi qanunvericilik (moral legislation): əxlaq və qanunun vəhdəti, ictimai-siyasi funksiyası
21.05.2026 09:28
  • A-
  • A
  • A+

Əxlaqi qanunvericilik (moral legislation): əxlaq və qanunun vəhdəti, ictimai-siyasi funksiyası

Qeyd etməliyik ki, hüquq normaları ictimai qruplar əsasında yaranır və bu qruplarda da ictimai əlaqələri qanunun tələbləri əsasında yerinə yetirmək istəyi olur. Buna görə də hüquq normaları əxlaq və qanunla birlikdə ictimai-siyasi əlaqələri tənzimləmək üçün mühüm hesab olunur, çünki hər bir qanun dəyərlərdən və inanclardan yaranır və sonrakı mərhələdə qanunvericiliyə əsaslanır. Məlum olduğu kimi hər bir ölkənin qanunları təlim və tərbiyəvi təsirlərə malikdir. Qanunlar istər-istəməz vətəndaşların şəxsiyyətində, davranışında və inanclarında qəbul olunan və olunmayan (yaxşı və pis) əməlləri göstərir. Belə olan halda əxlaq və qanun arasında bağlılıq yaranır və bunların arasında hər hansı bir ayrılığı axtarmaq mümkünsüz hesab olunur.

Əxlaqi qanunvericiliyin mövcud olub-olmamasını təhlil etməzdən əvvəl bilməliyik ki, hansı etik xüsusiyyətlər qanun baxımından zəruri və məcburidir? Qanunlar əxlaqi qanunvericiliyə əsaslanır, həmçinin inanclar sistemindən qaynaqlanır. Qanunun meydana gəlməsində və həyata keçirilməsində məsələ bu deyil ki, əxlaq qanunvericiliklə tənzimlənməlidir, burada əsas sual bundan ibarətdir ki, hansı etik norma qanunvericiliklə uyğunluq təşkil edir? Əxlaq və qanunun nisbəti və bunlar arasında olan uyğunluq mühüm əhəmiyyət kəsb edir və sualın da olması vacibdir, çünki əxlaqla bağlı olan əməllər bərabər deyil, bəziləri müdrik, faydalı, səmərəli, əhəmiyyətli, qəbul olunan, bəziləri isə faydasız, səmərəsiz, qəbul olunmayan və bəzi hallarda da cinayətə səbəb olunandır. Qanun əxlaqi dəyərlər və məsələlərlə məşğul olur və əsas məqsədi bundan ibarətdir ki, özünün inamını qorumaq üçün nə etməlidir. Qanunun tərbiyəvi təsirə malik olması (ona tabe olmayanları cəzalandırması, islah etməsi və s.), həmçinin ictimai asayişin qorunmasına kömək etməsi üçün etik normalar mülki qanunda təsbit edilmişdir. Buna görə də deyə bilərik ki, əxlaqi qanunvericilik seçim deyil, bu, qaçılmaz bir zərurətdir. Qeyd: əxlaqi qanunvericilik qaçılmaz olduqda bütün günahların cinayətə səbəb olduğunu söyləmək düzgün olmazdı. Heç bir hökumət şəhvət, zorakılıq və ya sözdə yalana qarşı qanunları effektiv şəkildə tətbiq edə bilməz, hətta bu əməllər günah olsa belə. Əgər bu cür qanunların icrası qeyri-mümkün olarsa, nəticədə, daha çox cinayət baş verəcək. Ədalət, bərabərlik, insaf, vicdan kimi etik xüsusiyyətlər vətəndaşların öz hökumətindən gözlədikləri, həmçinin dövlətlə bağlı olan qanunların insanlara şamil edilməli olduğu bu cür məsələlər əxlaqı əks etdirir. Quldurluq, oğurluq, qətl, fırıldaqçılıq, başqalarının haqqını mənimsəmək və bu kimi əməllər qəti şəkildə qadağandır, çünki belə əməllər əxlaq normalarına ziddir. Qanunun gücü ondadır ki, belə əməllərin qarşısını alır və baş verməməsi üçün əxlaqla birlikdə irəliləyir. Qanunverici orqan əxlaqa zidd olan əməllərin baş verməməsi üçün hər bir qanunda etik normalara yer vermişdir. Məhz buna görə də bəzi hallar istisna olmaqla əxlaq və qanun arasında ayrılıq mümkün deyil.

Əxlaqi qanunvericilik və insanın azadlığına gəldikdə isə əxlaqi qanunvericilk və insanının azadlığı, hazırkı mövzu ilə bağlı mühüm məsələləri araşdırmazdan əvvəl, bəzi vacib məqamları nəzərdən qaçırmamalıyıq. Bəzən insanlar əxlaqi qanunvericilik qarşısında müqavimət göstərirlər, ancaq bu, o demək deyil ki, əxlaq və qanunun birliyinə müxalifdirlər, bəlkə azadlığı müdafiə etdikləri üçün əxlaqi qanunvericiliyə müqavimət göstərirlər. Ancaq onlar (əxlaqi qanunvericilik qarşısında müqavimət göstərənlər) düşünmürlər ki, əxlaqın qanundan ayrılma cəhdləri azadlığın qorunub saxlanmasına yox, məhv olmasına səbəb olacaq. Əxlaqi qanunvericiliyin əlehdarlarından biri, pozitiv hüquq nəzəriyyəsinin əsas tərəfdarlarından olan israilli hüquq, etika və siyasət üzrə filosof Jozef Raz (Joseph Raz: 1939-2022) olmuşdur. O, əxlaq və qanun arsında olan vəhdəti qəbul etməmiş, bunların fərqli olduğunu bildirmişdir. Onun nəzərində hüquq sisteminin legitimliyi üç əsas elementdən ibarətdir: yol göstərici (that opens the way), institusionallıq (institutionality) və mənbələr (resources). (Raz Joseph. The Authority of Law: Essays on Law and Morality. Oxford: Oxford Univeristy Press, 2009, p. 42). Ancaq inkar etmək olmaz ki, qanunların yaranmasında və işlənməsinmdə etik normaların mövcudluğu əsas şərtdir. Bunlar Jozef Razdan əvvəl yazılmış pozitiv qanun nəzəriyyəsində tədsbit olunmuşdur. Əvvəldə də qeyd olunduğu kimi hər bir pozitiv qanunun təməlində təbii qanunlar mövcuddur və təbii qanunlar da etik normalara əsaslanır. Bildiyimiz kimi qanunverici orqan hakimiyyətlə bağlıdır və onun bütün qərarları dövlət tərəfindən tənzimlənir. Bu onu göstərir ki, əgər insan əxlaqi qanunvericiliyə qarşı çıxırsa, deməli, hakimiyyətə qarışı çıxır.

Hakimiyyət əxlaq normalarını təcəssüm etdirən siyasi bir qüvvədir ki, qanunverici orqan qarşısında əxlaq normaları ilə birlikdə qanunlar yazmağı tələb edir. Belə olan halda bunu təkcə hakimiyyət deyil, etik normaları əks etdirən əxlaqi hakimiyyət adlandırmaq daha doğru olar. Deməli, insan əxlaq normalarını təcəssüm etdirən bir qurumu (əxlaqi hakimiyyəti) qəbul etməsə, nizamlı, təhlükəsiz bir mühitdə yaşaya bilməz. Əgər insanlar etik normaları qəbul etməyib bunu ictimayyətdən uzaqlaşdırısa, belə bir vəziyyətdə azadlığı deyil, qanunu pozan bir system yaratmış olurlar. Ancaq insanlar təkcə kütlə formasında deyi, fərd olaraq hakimiyyət və qanunverici orqanın tələblərini təkcə hüquqi və siyasi baxımdan deyil, həm də etik normalar baxımından nəzərdən keçirməlidir.

Etik qanunlardan kənar yaşamaq insanın köləliyinə və ölümünə səbəb olar, çünki siyasi azadlığı həyata keçirə bilən etik qanunlar olmadan insan həyatı qısa və nəticədə qeyri-mümkün olar. Əslində, etik qanunlar tətbiq olunmasa, nəticdə azadlıq deyil, xaos yaranacaq. Etibarlı və siyasi azadlıq əgər qüvvədə qalmaq və ifratçılığın qarşısını almaq istəyirsə, ilk olaraq atdığı hər bir addımında etik normalara söykənərək elm və hikmət əsasında qərar verməlidir. Bundan əlavə, azadlıq əxlaqla yanaşı, həm də ədalətə uyğun olmalıdır, çünki ədalətin əsas şərtlərindən biri budur ki, əgər şəxs azadlığı iddia edirsə və buna sahib olmaq istəyirsə, azadlığın funksiyalarını bilməkdən əlavə, həm də buna ləyaqəti olmalıdr. Bir sözlə, qanunların ictimai təsirinə diqqət olunmalıdır. Qanunlarda mövcud olan əxlaq normaları insanların ictimai, sosial davranışlarına birbaşa təsir edir.

Əxlaq və qanunun əsas üstünlüklərindən biri də budur ki, milli dəyərlərə əsaslanır. İnsanlar unutmamalıdırlar ki, qanun valideynin səlahiyyətini əvəz etmir. Ona görə də demək olmaz ki, əxlaq tərbiyəsi valideynlərin yeganə vəzifəsidir və dövlətin heç bir vəzifəsi yoxdur. Fakt budur ki, valideyn əxlaqı qanun kimi öyrətmir və öyrətməməlidir də, valideyn və qanun arasında ən azı ümumi bir cəhət var, onlar istər-istəməz yaxşı və ya pis əxlaq müəllimi kimi çıxış edirlər. Valideyn bu vəzifəni layiqincə yerinə yetirmədiyi halda (bu qeyri-adi hal deyil, belə hallarla hər an qarşılaşmaq mümkündür) qanun bunun üçün əlindən gələni etməlidir. Əxlaq normalarının fərdlər tərəfindən həyata keçirilməsi o demək deyil ki, insanların islah olunmasında ictimai, mülki, social əxlaq ya qanuni meyarlar olmamalıdır. Əslində əxlaqın fərdi meyarının olması əxlaqın ictimai-siyasi meyarının inkar olunması demək deyil. Diqqət etmək lazımdır ki, fərdi əxlaqın mövcudluğu ictimai əxlaqa olan ehtiyacı ödəmir.

İctimai əxlaqın mövcudluğunda ictimai fəzilətə (civil virtue) ehtiyac vardır və belə bir cəmiyyətdə üstün cəhətlərə malik olan insanlara ehtiyacın olması qaçılmazdır. Məhz buna görə də əxlaq və qanunun vəhdəti, həmçinin əxlaqi qanunvericilik və insanın azadlığı dedikdə ictimai fəzilətə diqqət etmək zəruridir. İctimai dəyərlərin qorunmasında əxlaqlı insanlara ehtiyacın olması: etik mülahizələri qanuni məsələlərdən kənarlaşdırmağa çalışanlar unudurlar ki, mədəniyyətlər (sivilizasiyalar) təkcə rahatlıq, ləzzət, elm, texnologiya, hətta özünü ifadə, özünü qoruyub saxlamaq kimi məsələlər və fikirlər üzərində qurulmur, bəlkə ictimai və özəl fəzilətlər üzərində qurulur. Yaxşı cəmiyyətin (xalqın müdafiəsi və rifahı üçün çalışmaq) mövcudluğu fəzilətdən asılıdır ki, bu da yaxşı vətəndaşlıq kimi müəyyən edilə bilər. Yalnız cəsarət, özünü idarəetmə və fədakarlıq sayəsində yaxşı cəmiyyət qurmaq olar. Yaxşı vətəndaşı müəyyən edən vətəndaşlıq keyfiyyətləri – ictimai məsuliyyətlər öyrənilməli və təlim olunmalıdır. Doğulan hər yeni nəsil savadlı və mədəni şəkildə tərbiyə olunmalı, cəmiyyət üçün fəzilətli, nümunəvi, faydalı bir insan kimi formalaşmalıdır. Təbii ki, bunlar zəruridir, ancaq qeyri-təbii sosial bacarıqları və vətəndaş üstünlüklərini (fəzilət) yaratmaq üçün bunların yetişdirilməsinə və istiqamətlənməsinə ehtiyac vardır; etik dəyərləri aşılamaq sağlam və inkişaf edən vətəndaş cəmiyyətinin ilkin şərtidir.

Vətəndaşların məqbul və fərdi davranışlarının qəbul olunmasından əvvəl ölkənin qanunları əxlaqi dəyərlərə töhfə verir və şəxsiyyətin formalaşmasına səbəb olur. Unutmaq olmaz ki, şəxsiyyətin formalaşmasında qanunlara yanaşı siyasi cəmiyyətin də mühüm əhəmiyyəti vardır, çünki siyasi cəmiyyətdə etik normalar daha qabarıq olaraq fərdin fəaliyyətində özünü göstərir. Təbii ki, bu fikrilə razılaşmayan da olar, çünki bəzi tanınmış müəlliflər siyasi cəmiyyətin daha öndə olduğunu qeyd etmiş, əxlaq normalarının məhz siyasi cəmiyyət üçün yarandığını bildirmişlər. Nikkolo Makiavelliyə görə, “belə düşünmək olamz ki, siyasi cəmiyyət əxlaq üçün yaranıb, əksinə, bu siyasi cəmiyyətdir ki, əxlaq onun üçün yaranıb. Çünki gerçək siyasi həyat əxlaqa tabe deyil, bəlkə demək lazımdır ki, siyasi cəmiyyətdən kənar əxlaq mümkün deyil və siyasi cəmiyyət əxlaqın başlanğıcıdır”. (Ştraus Leo. Siyasi fəlsəfə nədir? Fras dilinə tərcümə edən: Fərhəng Rəcayi. Tehran: Elm-e fərhəngi, 2015, s. 145).

Ancaq bu bir həqiqətdir ki, əxlaqa əsaslanmayan – dəyərləri nəzərə almayan, etik məsələlərə etinasız yanaşan qanun istər vətəndaş cəmiyyətində, istərsə də siyasi cəmiyyətdə olsun şəxsiyyətin etik dəyərlər əsasında formalaşmasına nail ola bilməz. Əxlaqa əsaslanmayan qanun vətəndaşlara öyrədir ki, əxlaq qaydalarına riayət etmək nə onların xoşbəxtliyi, nə də yaxşı cəmiyyət və vətəndaş nizamının qurulması, idarə olunması üçün lazım deyil. Əlbəttə, bu, zərərli bir yanaşma olaraq cəmiyyəti geri aparan amil hesab olunur. Cəmiyyətin hər bir fərdi əxlaq və qanun anlayışını nəzərdən keçirərkən diqqətli olmalı, bunların faydasını təkcə sözdə deyil, əməldə də yaratmalı və inkişaf etdirməlidir. İctimai-siyasi təhlükəsizliyə və sabitliyə nail olmaq üçün əxlaq və qanunun birlikdə olması əsas şərtlərdəndir. Əgər qanunlarda əxlaqla bağlı naliyyətlər olmasa ictimai tərəqqi mümkün olmayacaq, həmçinin əgər cəmiyyət özünün qanuni prinsiplərində əxlaq normalarını nəzərə almasa nə məhkəmə sistemində, nə də əxlaq normaları əsasında cəmiyyətin qanunları ilə formalaşan vətəndaş şəxsiyyətini görmək mümkün olmayacaqdır. Məsələyə digər aspektdən baxsaq deyə bilərik ki, bizim şəxsi maraqlarımıza və özümüzdən razı qalmağa təbii marağımız vardır, buna görə də bəzən hər şeyi özümüzə qurban vermək istəyimiz olur və bu istək güclü olur. Özümüzə qarşı dürüst olduğumuz anlarda bilirik ki, etik zəifliyimiz bəzən hökuməti və qanunu arzu və istəklərimizə uyğunlaşdırır. Baxmayaraq ki, etik zəifliyimiz bunları (hökumət və qanun) təhrif edir, ancaq bununla belə biz bu fürsəti əldən vermirik. Belə olan halda yalnız qanun köməyimizə çatır, yəni təkcə dəyişməz, əxlaqa əsaslanan icra qanunlarıdır ki, bu təhlükəni aradan qaldıra bilər. Bu, həm də onu deməyə əsas verir ki, vətəndaş cəmiyyəti insanların həyatı üçün qanunun prinsiplərində mövcud olan əxlaq normalarına ehtiyacı vardır. Əxlaq normalarına əsaslanmayan vətəndaş cəmiyyətinin qurulması məcburi əxlaqın yaradılmasına bənzəyir; yəni kamil, nümunəvi olmayan, əxlaqa mənsub olan qanuni prinsiplərin yarada bilmədiyi bir şey kimi.

Dövlət öz vətəndaşları üçün istər şəxsi, istərsə də kollektiv olaraq istədikləri ən yüksək imtiyazları və inkişaf imkanlarını yaratmır, çünki yüksək imtiyazların və inkişaf imkanlarının bəzi növləri daha yaxşı, daha sosial və etik baxımdan daha uyğundur. Qeyd: Nəzərə almaq lazımdır ki, burada dövlət dedikdə hər hansı bir ölkənin dövləti deyil, siyasi təşkilatın funksiyası nəzərdə tutulur. Dövlətin əsas məqsədlərindən biri vətəndaşları daha yüksək imtiyaza və inkişafa nail olmaq üçün maarifləndirməyə kömək etməkdir. Əxlaq normaları və bu normaların tərbiyəvi əhəmiyyəti qanunun funksiyalarından biridir ki, ictimaiyyəti qorumaq üçün yüksək mədəniyyətə malik olan insanlar hazırlayır və belə insanlar əxlaq və qanuna əsasən tərbiyə olunurlar.

Qanunları icra edən orqanlar – ictimai qurumlar insanlarda olan eqoist istək və hərəkətlərin qarşısını almaqda səy göstərməlidirlər. Əgər bunu etməsələr, bu, xaosdan daha pis bir şeyə gətirib çıxaracaq ki, bu da mədəni və əxlaqi pozğunluğa səbəb olacaqdır. Başqa sözlə desək, siyasi və hüquqi suallar əxlaqla bağlı olan suallardır; bəzən hakimiyyət bəzilərinin cavabını bilmədiyi suallar verir və bunları cavablandırır: məsələn, “həyatda hansı şeylərə sahib olmağa və qorumağa dəyər”? “Ölkə, cəmiyyət və insanlar üçün hansı öhdəliklər və xərclər tələb olunur”? Nəzərə almaq lazımdır ki, müasir dövrdə dövlət siyasəti məsələləri, sadələşdirilmiş siyasi və iqtisadi funksiyalar etik normalarla bağlı olan mühüm suallar yaradır ki, bunların cavablandırılması təkcə siyasət və hüquq çərçivəsində deyil, burada etik normaların da mövcudluğu əsas şərtdir. İctimai sferada və ideyaların toqquşduğu yerdə ölkə siyasəti davamlı və sabit dəyərlərə malik olmağa çalışmalıdır. Müdrik dövlət siyasəti ən yaxşı işləyən qanunlar sistemi yaratmaq üçün əxlaq normalarından uzaqlaşmaq yox, ona tərəf getməlidır.

Əxlaq və qanun hakimyyəti idarə edən başçının vəzifələrini bölüşür; özünə hakim olan, öz hərəkətlərində hər an etik meyarlara əsaslanan üçün əxlaqı, bunun əksi olan üçün isə qanunu göstərmək olar. Əxlaq və qanun bir çayın iki sahili kimidir; çay insanın əməli, arzu, duyğu və istəkləridir ki, hərəkətin mənbəyi hesab olunur. Çayın iki sahili az-çox paraleldir, biri sola və ya sağa dönərsə, digəri də eyni şeyi edər. Əgər sahillər olmasa çay bataqlığa çevrilər, çürüklük və durğunluq yaranar. Bir çayın sahili kimi əxlaq və qanun da insanın fitrətindəki çatışmazlıqların qarşısını almaq üçün az-çox eyni istiqamətdə hərəkət etməlidir. Əgər əxlaq və qanun birlikdə insan fitrətindəki çatışmazlıqların qarşısını almasa, insan və onun mövcud olduğu cəmiyyət tez bir zamanda bataqlığa çevrilər, daha aydın desək, ictimai dəyəri və ya fəziləti dəstəkləyən, inkişaf etdirən icra qanunu olmadıqda, uçuruma doğru irəliləyən bir vəziyyət yaranar. Bizi bürüyəcək bataqlığa düşməmək üçün qanun gərək əxlaq normaları ilə birlikdə hərəkət etsin. Əgər əxlaq və qanunun təhsil aspekti olmasaydı, biz ən yaxşı potensial müdrik müəllimlərimizdən (əxlaq və qanun) məhrum olardıq və nəticədə fərdi və kollektiv olaraq zəifləyərdik.

Qanunun etik tərbiyə aspektindən qorxanlar mühüm bir məsələni unudurlar ki, insanın varlığı həddindən artıq azadlıq və məhdudiyyətsizliklə sıxışdırıla bilər. Təbii ki, bu idrak çatışmazlığının altında insan təbiətində təhrif olunmuş baxış dayanır, çünki insanın təbiətinin etik təlimlər və qanunlar olmadan hər hansı bir mədəniyyət daşıya biləcəyini güman etmək sadəlik olardı. Nəzərə almaq lazımdır ki, qanun təklikdə deyil, məhz əxlaqla birlikdə təlimçidir, bir növ öyrədir. Əxlaqa əsaslanan qanun bizə doğru ilə səhvi, günahsızlıqla günahı, ədalətlə ədalətsizliyi bir-birindən ayırmağa kömək edir. Əgər öyrəndiyimiz və istimai məsələlərdə tətbiq etdiyimiz qanun düzgün əxlaqdan qaynaqlanmayıbsa, onda öyrəndiklərimiz zərər, rəzilət və zəlalət mənbəyidir, çünki qanun bu cür əxlaq normalarına zidd olan hərəkətlərin (günah, bəla, rəzilət, zəlalət, ədalətzsizlik, vicdana zidd, insafsızlıq və s.) qarşısını alır, daima öyrədir və öyrədilir. Əxlaq və qanunun vəhdətindən, ictimai-siyasi funksiyasından və prinsiplərindən bəhs edərkən əxlaqı qanundan ayırmaq istəyən iddialara da diqqəti yönəltmək olduqca faydalıdır, çünki pozitiv qanun tərəfdarları səy göstərmişlər ki, qanunu əxlaqdan ayırsınlar. Əslində onların məqsədi təkcə əxlaqı qanundan ayırmaq deyil, burada əsas hədəf hüququ əxlaq və ədalətdən ayrımağa yönəlmişdir.

Əgər bu baş verərsə, yəni əxlaq qanundan ayrılmış hesab olunarsa ictimaiyyət hansı problemlərlə üzləşər? Bu sualın cabvabını bilmək üçün aşağıdakı mövzuya diqqət edək. Əxlaqı qanundan ayırmağın nəticəsi: əxlaqı qanundan ayırmağın nəticəsi dedikdə ilk olaraq idarəeçilik və qanun arasında olan fərqə nəzər salmalıyıq. İdarəçilik nəyin bizim üçün xeyirli, nəyin bizim üçün pis və bizə zərər verə biləcəyi ilə bağlı suallarla cavab verir. Ancaq qanun isə əxlaq normalarını rəhbər tutaraq dəyərləri, nəsihəti, düzgün istiqaməti, ona doğru hərəkət etməyi, pislikdən çəkinməyi öyrədir və bütün bunlar qanunun əsas fəaliyyətidir. Belə bir halda, əxlaqı qanundan ayırmaq bir növ fəziləti, humanist dəyərləri qanundan uzaqlaşdırmaq deməkdir. Əxlaq normaları olmadan qanun yazmaq istəyənlər təbii ki, hüququn dəyərli və mühüm funksiyalarının məcmusunu təmsil etmirlər. Əgər bu insanlar (əxlaq normaları olmadan qanun yazmaq istəyənlər) uğur qazansalar, təkcə biz deyil, onlar da saysız-hesabsız zərərlərə düçar olacaq, ən vacibi isə faydalı əxlaq təlimçilərinin (müəllimlərin) məhvinə səbəb olmuş olacaqlar. Onlar əxlaq normalarını qanundan ayırmaqla ictimaiyyət üçün ən faydalı və dəyərli olan üstünlüklərin (fəzilət), nümunəvi təlimçilərin süqutuna səbəb olurlar. Beləliklə, onlar ölçülmüş sosial davranış üçün ən təsirli təlimatları və ona aid olan yaxşı əməlləri məhv etmiş olurlar. Əxlaq normalarına əsaslanmayan qanun ictimai intihara səbəb olar, yəni əxlaq və qanun arasında olan ayrılığı idda edənlər bilərəkdən və ya bilməyərəkdən ictimai nizam-intizamın pozulmasına kömək etmiş olurlar.

Etik məsələlərin mürəkkəbləşdiyi, texnoloji tərəqqinin inkişafı və bu inkişafın üstün olduğu bir dövrdə biz çalışmalıyıq ki, ən yaxşı üstünlüklərə nail olmaq üçün müdrik, nümunəvi və motivasiyalı insanları yetişdirək. Bizim əxlaqın bələdçiliyi ilə qanundan ən yaxşı formada istifadə etməyimizə ehtiyacımız vardır. Etiraf etməliyik ki, əsil – nəcib insanların doğulması, inkişafı üçün qanunları əxlaq normalarına söykənən nizamlı cəmiyyətə ehtiyacımız vardır və belə bir cəmiyyətin qurulması vacibdir. Unutmaq olmaz ki, qanun bir millətin həm özünü ifadəsi – simvolu, həm də vicdanını formalaşdıran vasitədir. Nəticə olaraq demək lazımdır ki, uzaqgörənliyi olmayan, qanunu əxlaqdan ayırmağa çağıran azğın hərəkət təhlükəli olduğu qədər də qeyri-mümkündür. Çünki əxlaq normaları və etik dəyərlər ölkənin, hər bir insanın və şəxsiyyətin indiki və gələcək taleyini müəyyənləşdirir. Hüquq normaları insanlar arsında əxlaq və qanunun ictimai-siyasi prinsiplərini reallaşdırır; unutmamalıyıq ki, hər bir qanun dəyər və inanclardan yaranır. Deməli, hər bir qanun əxlaqla bağlı olan qanunvericiliyin bir nümunəsidir. Qanunlar istər göstəriş verən (əmr), istərsə də məhdudlaşdırıcı olsun, əxlaqa əsaslanır və bunu əxlaqi qanunvericilik də adlandırmaq olar. Bütün qanunlar məzmunundan və niyyətindən asılı olmayaraq, bəziləri doğru, bəziləri yanlış, bəziləri yaxşı və pis, bəziləri daha yaxşı və daha pis olan dəyərlər və inanclar sistemindən qaynaqlanır. Digər tərəfdən isə qanunların ictimai təsirinə (etik normalarla birlikdə) önəm verilməlidir, çünki qanunlarda mövcud olan əxlaq insanların ictimai əxlaqına çevrilməyə meyllidir. Əxlaq və qanunun vəhdətinin üstün cəhətlərindən biri də budur ki, ictimai – milli xarakter formalaşdırır. İnsanlar əxlaqi qanunvericiliyə etiraz etdikdə unudurlar ki, onların əxlaq anlayışı təklif etdikləri və müdafiə etdikləri qanunları dəstəkləmək üçün bir stimuldu. Cəmiyyətin hər bir fərdi əxlaq və qanun anlayışını nəzərdən keçirərkən diqqətli olmalı, bunların faydasını təkcə sözdə deyil, əməldə də yaratmalı və inkişaf etdirməlidir. İctimai-siyasi təhlükəsizliyə və sabitliyə nail olmaq üçün əxlaq və qanunun birlikdə olması əsas şərtlərdəndir. Bu, onu deməyə əsas verir ki, vətəndaş cəmiyyəti insanların həyatı üçün qanunun prinsiplərində mövcud olan əxlaq normalarına ehtiyacı vardır, çünki təbii şəxsiyyətimiz bizi kifayət qədər məhdudlaşdıra bilməz. Əxlaq normaları və bu normaların tərbiyəvi əhəmiyyəti qanunun funksiyalarından biridir ki, ictimaiyyəti qorumaq üçün yüksək mədəniyyətə malik olan insanlar hazırlayır və belə insanlar əxlaq və qanuna əsasən tərbiyə olunurlar. Əxlaqa əsaslanan qanun bizə həm ifrat, həm də zəifliklərdən qaçmağı öyrətməklə azadlığımızdan maksimum yararlanmağa kömək edir; yaxşı qanun insanın ifrat hərəkətlərini, əxlaq isə qanunu cilovlayır. Qanun insan təbiətinə uyğun olduğu kimi, əxlaq da qanun üçün eyni rola malikdir, yəni qanun insanları, əxlaq isə qanunu tənzimləyir. Bu baxımdan bəzi insanların əxlaqa əsaslanan qanuna etiraz etməsi (utanc, təqsir və xüsusi cəza qorxusu) onu göstərir ki, bunlar əxlaqi və mədəni dəyərləri o qədər də anlamamışlar. Unutmamalıyıq ki, bütün mədəniyyətlər köklü dəyərlərin ifadəsidir; mədəniyyətlər bu dəyərlərin tarixi nəticəsidir; şəfqətə, gözəlliyə, müharibəyə, azğınlığa, qəhrəmanlığa və tənəzzülə aparan dəyərlərin bəşəri, tarixi nəticəsi.

Qanun mədəniyyətin funksiyasıdır, bütün mədəniyyətlərin qanunları var; bu, o deməkdir ki, qanun əxlaqi – mənəvi dəyərlərin funksiyasıdır. Əxlaq və qanun arasında olan nisbət, oxşar və fərqli cəhətlər bunu deməyə əsas verir ki, əxlaq insanın daxili, qanun isə xarici – zehindən kənarda (beyond the mind) davranışını tənzimləyir və yeri gələndə bunlara nəzarət edir. Bütün davranışları mühakimə etməkdə əxlaq və qanun həmfikirdir; qeyri-qanuni davranış əxlaqdan kənar, həmçinin əxlaqa zidd olan davranış da qanundan kənar hesab olunur və beləliklə, əxlaq və qanun arasında əlaqə yaranır. Əxlaq insanın vicdanının gözətçisidir və məqsədi daxili rahatlığı təmin etməkdir, qanun isə insanın başqaları ilə münasibətlərini tənzimləyir və zahiri rahatlığı təmin edir. Qanunun əsas hədəfi ictimai asayişi qorumaqdır, ancaq şəxsiyyətin xoş niyyəti və islah olunması kimi digər mühüm məsələlər ikinci dərəcəli məsələlər olsa da, bu, əxlaq normaları olmadan mümkün deyil. Əxlaq hər bir ölkədə vətəndaşlıq və dövlət hüquqlarını bərqərar etmək üçün qanunun aliliyinin və sosial qanunların həyata keçirilməsinin əsas yardımçısıdır. Bu iki kateqoriya – əxlaq və qanun həm ictimai, həm də sosial məsələlərin həllində bir-birnə ehtiyacı vardır. Əxlaq və qanunun əsas hədəfi insanlığı qorumaq – ləyaqətli, etik normalara əməl edən sağlam düşüncəli insanlardan ibarət sosial cəmiyyətlər yaratmaqdır.

Əntiqə Paşayeva, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: