Bu fikirləri AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayevlə birgə hazırladığı “Elmlərarası diskursda türkoloji folklorşünaslıq: inkişaf istiqamətləri” mövzusunda məruzəsi zamanı səsləndirib.
Məruzə “Azərbaycan türkologiya elmi: sələflər və xələflər” mövzusunda keçirilən gənc alimlərin respublika elmi konfransının plenar iclasında təqdim olunub. Məruzədə türkoloji düşüncənin müasir mərhələdə yeni metodoloji və epistemoloji yanaşmalar əsasında yenidən nəzərdən keçirilməsinin zəruriliyi vurğulanıb.
Hikmət Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “Bizim ailəmiz Türk dünyasıdır” tezisi yalnız siyasi və mədəni inteqrasiya modeli deyil, eyni zamanda humanitar və ictimai elmlər üçün yeni elmi-paradiqmatik yanaşma kimi qiymətləndirilə bilər.
Hikmət Quliyev qeyd edib ki, cənab Prezident İlham Əliyevin 7 oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə görüşündə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi barədə irəli sürdüyü təşəbbüs və 22 oktyabr tarixində bununla əlaqədar imzaladığı Sərəncam türkologiyanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hikmət Quliyev çıxışında Birinci Türkoloji Qurultayın tarixi və epistemoloji mahiyyəti barədə danışıb. Alim qeyd edib ki, Qurultayın əsas missiyası türkologiyanı ideoloji kimlik vasitəsinə çevirmək deyil, onu dil, tarix, folklor, ədəbiyyat və kollektiv yaddaşın qarşılıqlı əlaqələrinə əsaslanan müstəqil elmi-paradiqmatik istiqamət kimi formalaşdırmaq idi.
Məruzədə sovet ideoloji sisteminin türkologiyanın metodoloji müstəqilliyinə yaratdığı məhdudiyyətlərdən də bəhs olunub, milli kimlik və ortaq mədəni yaddaşla bağlı tədqiqatların uzun müddət ideoloji nəzarət altında saxlanıldığı diqqətə çatdırılıb.
Plenar məruzənin əsas istiqamətlərindən biri türkoloji folklorşünaslığın müasir humanitar elmlər kontekstində yeni elmi-konseptual paradiqma kimi təqdim edilməsi olub. Alim vurğulayıb ki, folklor yalnız mətn, poetik struktur və ya estetik ifadə forması kimi deyil, kollektiv yaddaşın, sosial münasibətlərin, davranış modellərinin, mədəni stereotiplərin və performativ praktikaların kompleks sistemi kimi nəzərdən keçirilməlidir. Bu baxımdan folklor xalqın tarixi təcrübəsini, dünyagörüşünü, psixoloji reaksiyalarını, sosial adaptasiya mexanizmlərini və mədəni özünüdərk formalarını əks etdirən çoxqatlı kommunikativ sistem funksiyası daşıyır.
Qeyd olunub ki, ənənəvi filoloji folklorşünaslıq əsasən mətn mərkəzli təhlil prinsiplərinə söykənərək dil, üslub, poetika və janr xüsusiyyətlərinin araşdırılmasını prioritet hesab edib. Lakin müasir dövrdə türk xalqlarının folklor irsinin daha dərindən və obyektiv şəkildə öyrənilməsi üçün sosial-antropoloji folklorşünaslıq diskursuna keçid zərurəti meydana çıxır. Bu yanaşma folkloru yalnız “qeydə alınmış mətn” kimi deyil, canlı sosial-mədəni proses, kollektiv davranış modeli və ictimai münasibətlərin funksional mexanizmi kimi qiymətləndirməyə imkan verir.
Hikmət Quliyev bildirib ki, türkoloji folklorşünaslıq konsepti ortaq mədəni irsin yalnız oxşar motiv və süjetlər əsasında müqayisəsini deyil, həm də türk xalqlarının fərqli sosial-tarixi təcrübələrinin folklorda necə təzahür etdiyini araşdırmağı nəzərdə tutur. Bu istiqamətdə kollektiv yaddaş, kimlik, sosial travma, stereotiplər, tabu sistemləri, ritual davranışlar və performativ mədəniyyət formaları mühüm tədqiqat obyektləri kimi çıxış edir. Vurğulanıb ki, folklor sosial gerçəkliyin yalnız idealizə olunmuş və estetik qatlarını deyil, sosial-mədəni münasibətlərin müxtəlif tərəflərini, mövqe və rakurslarını özündə əks etdirdiyindən həmin komponentlərin sistemli şəkildə araşdırılması türkoloji folklorşünaslığın obyektivlik prinsiplərindən biri hesab edilməlidir.
Alim çıxışı zamanı antropologiya, kulturologiya, semiotika, psixoanaliz, performans nəzəriyyəsi, mədəni yaddaş və kommunikasiya nəzəriyyələri kimi müasir metodoloji istiqamətlərin türkoloji folklorşünaslığın nəzəri bazasını genişləndirdiyini qeyd edib. Bildirilib ki, bu metodoloji yanaşmalar folkloru statik mətn kimi deyil, sosial mühitdə daim yenilənən və funksional məna qazanan dinamik mədəni sistem kimi araşdırmağa imkan verir. Eyni zamanda folklorun rəqəmsal transformasiya şəraitində keçirdiyi dəyişikliklərin, virtual kollektivliklərin və yeni kommunikasiya mühitlərinin də türkoloji folklorşünaslığın aktual tədqiqat istiqamətlərindən birinə çevrildiyi diqqətə çatdırılıb.
Hikmət Quliyev məruzədə türkoloji folklorşünaslığın əsas nəzəri müddəalarını da diqqətə çatdırıb. Qeyd edib ki, “–logiya” komponenti türkologiyanın elmi mahiyyətini müəyyənləşdirən əsas anlayışlardan biridir və ideoloji romantizmin elmi rasionalizmə tabe tutulmasını tələb edir. Məruzəçi türkoloji istiqamətli elmi tədqiqatlarda terminoloji dəqiqlik, metodoloji şəffaflıq və disiplinlərarası koordinasiyanın vacibliyini xüsusi vurğulayıb.
Məruzənin sonunda vurğulanıb ki, qarşıda duran əsas vəzifələrdən biri türk dünyasının ortaq mədəni yaddaşını emosional və romantik “yaddaş” səviyyəsindən sosial-antropoloji “logiya” səviyyəsinə yüksəltmək, yəni onu funksional elmi və institusional platformaya çevirməkdir. Bu baxımdan “Bizim ailəmiz Türk dünyasıdır” metakonseptinin humanitar elmlər sahəsində yeni inteqrativ elmi modelin formalaşmasına mühüm metodoloji zəmin yaratdığı qeyd olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.