Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Göyçə həsrəti ilə yaşayan alim
23.05.2026 17:10
  • A-
  • A
  • A+

Göyçə həsrəti ilə yaşayan alim

Azərbaycanın zəngin elmi və mənəvi irsinin qorunub gələcək nəsillərə ötürülməsində fədakar alimlərin xüsusi rolu var. Bu ziyalılardan biri də ömrünün üç onilliyindən çoxunu qədim əlyazmaların tədqiqinə, İslam hüququnun araşdırılmasına və milli-mədəni yaddaşımızın yaşadılmasına sərf etmiş fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Bahadır qızı Şirinovadır.

Rübabə Şirinova 28 may 1966-cı ildə Qərbi Azərbaycanın qədim Göyçə mahalının Basarkeçər rayonunun Zərkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Tale onu erkən yaşlarından Bakıya gətirsə də, doğulduğu yurda bağlılıq heç zaman qəlbindən silinməyib. 1967-ci ildən etibarən Bakı şəhərində yaşayan gələcəyin alimi hələ məktəb illərindən Şərq mədəniyyətinə, humanitar elmlərə və dini-fəlsəfi düşüncəyə xüsusi maraq göstərirdi.

Bu maraq onu 1992-ci ildə Bakı İslam Universitetinə gətirdi. Təhsil aldığı illərdə yüksək intellekti və nümunəvi göstəriciləri ilə seçilən Rübabə xanım universiteti 1997-ci ildə fərqlənmə diplomu ilə bitirdi və müstəqil Azərbaycanın ilk Prezident təqaüdçülərindən biri oldu.

Onun peşəkar elmi taleyi isə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlandı. 1996-cı ildə burada baş laborant kimi fəaliyyətə başlayan alim qısa müddətdə öz zəhməti və bilikləri sayəsində elmi pillələr üzrə yüksələrək institutun aparıcı tədqiqatçılarından birinə çevrildi.

Dosent Rübabə Şirinovanın elmi fəaliyyətinin əsas istiqamətini İslam hüququ – fiqh elmi, xüsusilə də ərəbdilli nadir mənbələrin tekstoloji araşdırılması təşkil edir. Uzun illərin zəhməti nəticəsində o, 2015-ci ildə “Yusif Dövlətoğlu və onun “Mənzum fiqh” əsəri Hənəfilik tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda dissertasiyasını uğurla müdafiə etdi.

Bu nailiyyət ona təkcə fəlsəfə doktoru elmi dərəcəsi qazandırmadı; eyni zamanda Bakı İslam Universitetinin məzunları arasında elmi dərəcə alan ilk qadın tədqiqatçı kimi tarixə düşdü.

2017-ci ildə “Dinşünaslıq” ixtisası üzrə dosent elmi adına layiq görülən alim hazırda XVII-XVIII əsr Azərbaycan əlyazmalarının tekstoloji xüsusiyyətlərini araşdıran doktorluq işi üzərində çalışır.

200-dən artıq elmi məqalənin müəllifi olan Rübabə Şirinovanın tədqiqatları Türkiyə, İran, Macarıstan, Özbəkistan və Rusiyada çap olunaraq beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edib.

2025-ci ildə onun “Cəlaləddin Ruminin müasiri olan Qara Xəlil Əfəndinin əsərləri əlyazmalar xəzinəsində” adlı məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunaraq şərqşünaslıq sahəsində maraq doğurdu.

Elmi fəaliyyətinin ən mühüm uğurlarından biri isə 2025-ci ilin oktyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük keçmişin irsi – işıqlı gələcəyin təməli” beynəlxalq forumunda iştirakı oldu. Dünyanın 40 ölkəsindən yüzlərlə tanınmış alim və mütəxəssisin qatıldığı mötəbər tədbirdə Rübabə xanım Azərbaycanı layiqincə təmsil etdi.

Onun “Sədr əş-Şəriə əl-Əvvəl və “Viqayə” əsərinin Əlyazmalar İnstitutunda qorunan nüsxələri” mövzusunda təqdim etdiyi məruzə böyük maraqla qarşılandı. O, həmçinin Azərbaycanda qorunan nadir tibb, astronomiya, riyaziyyat və hüquq əlyazmaları barədə ətraflı məlumat verərək ölkəmizin zəngin elmi irsini beynəlxalq auditoriyaya tanıtdı.

Rübabə Şirinova yalnız dini-fəlsəfi mətnlərin araşdırıcısı deyil, o, həm də doğma Göyçə mahalının folklor xəzinəsinin yorulmaz toplayıcısıdır.

Onun “Göyçə aşıqları: Aşıq Şirin, Aşıq İdris” kitabı saz-söz ənənəsinin qorunmasına xidmət edən mühüm əsərlərdən sayılır. Bununla yanaşı, “Yusif Dövlətoğlunun “Mənzum fiqh” tərcümə abidəsi” və həmmüəllifi olduğu “Ərəbdilli əlyazmaların kataloqu” kimi nəşrləri də Azərbaycan elmi üçün qiymətli mənbələr hesab olunur.

Hazırda alim orta əsr Azərbaycan fiqh məktəbi və əlyazma irsi ilə bağlı yeni monoqrafiyası üzərində çalışır.

Rübabə xanım yalnız elmi kabinetlərdə çalışan tədqiqatçı deyil, həm də fəal ictimaiyyətçidir. Uzun illər Əlyazmalar İnstitutunun elmi seminarlarının katibi, müdafiə şuralarının üzvü və Dövlət İmtahan Mərkəzində məsul vəzifələrdə çalışıb.

2023-cü ildən etibarən Qərbi Azərbaycan İcmasının idarə heyətində və Qadınlar Şurasında fəaliyyət göstərən alim doğma Göyçə mahalından didərgin düşmüş insanların haqq səsinin çatdırılması istiqamətində də fəallıq göstərir.

Bütün elmi uğurlarına baxmayaraq, Rübabə Şirinovanın qəlbində bir nisgil yaşayır – doğulduğu Zərkənd kəndinə dönüş arzusu. Onun ən böyük istəyi babası İdris Şirin oğlunun inşa etdirdiyi tarixi evi yenidən bərpa etmək və orada ailə adına bir xatirə muzeyi yaratmaqdır.

Bu, sadəcə şəxsi arzu deyil, köklərə, tarixə və milli yaddaşa bağlılığın ifadəsidir. Elmə xidmətlə yanaşı, doğma yurda sədaqəti ilə seçilən Rübabə Şirinovanın həyatı Azərbaycan ziyalısının fədakarlıq nümunəsi kimi dəyərləndirilə bilər. Bu gün ömrünü elmə, milli-mənəvi irsimizin qorunmasına və Azərbaycan şərqşünaslığının inkişafına həsr edən dosent Rübabə Şirinova həyatının əlamətdar yubileyini qarşılayır. Onun keçdiyi zəngin həyat yolu, elmi fəaliyyəti və milli dəyərlərə bağlılığı gənc tədqiqatçılar üçün örnəkdir.Qədim əlyazmaların sirrini açan, Azərbaycan elmini beynəlxalq platformalarda layiqincə təmsil edən, eyni zamanda doğma Göyçə sevgisini ürəyində yaşadan Rübabə xanıma bu əlamətdar yubiley münasibətilə möhkəm cansağlığı, yeni elmi uğurlar, tükənməz enerji və bütün müqəddəs arzularının gerçəkləşməsini arzulayırıq.

İnanırıq ki, onun zəngin elmi irsinə yeni əsərlər əlavə olunacaq, qəlbində yaşatdığı doğma yurd həsrəti isə bir gün öz xoş sonluğuna qovuşacaq. Hörmətli Rübabə xanım, yubileyiniz mübarək olsun!

Lamiyə Rəhimova, AMEA Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent

“525-ci qəzet”

  • Paylaş: