Bu fikirləri AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayev “Azərbaycan türkologiya elmi: sələflər və xələflər” mövzusunda keçirilən gənc alimlərin respublika elmi konfransının plenar iclasında səsləndirib. Alim çıxış edərək bildirib ki, AMEA prezidenti akademik İsa Həbibbəylinin son illərdə türkologiyanın yalnız filoloji istiqamətlərlə məhdudlaşmaması, bütövlükdə humanitar və ictimai elmləri əhatə edən geniş elmi sistem kimi inkişaf etdirilməsi ilə bağlı irəli sürdüyü fikirlər müasir mərhələdə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə aparılan müzakirələrdə diqqət yetirilməli olan əsas məsələlərdən biri türkologiyanın metodoloji gələcəyidir.
Səfa Qarayev qeyd edib ki, Birinci Türkoloji Qurultayın keçirildiyi 1926-cı il dünya humanitar elmlərinin fərqli metodoloji mərhələsinə təsadüf edirdi. Başqa sözlə, ötən yüz il ərzində dünyanın elmi-fəlsəfi diskursu dəyişmişdir. Həmin dövrdə elmi düşüncənin əsas istiqamətlərini pozitivizm, tarixi-müqayisəli metod, klassik filoloji məktəb, təkamülçü yanaşmalar və rasionalist-maarifçi dünyagörüşü müəyyənləşdirirdi. Türkologiyanın formalaşma mərhələsi də əsasən dilçilik, mətnşünaslıq, tarixi-filoloji araşdırmalar və mənşə problemlərinin öyrənilməsi üzərində qurulmuşdu. Sonrakı yüz il ərzində isə humanitar elmlərdə bir neçə böyük nəzəri dönüş baş vermişdir. Strukturalizm mədəni hadisələrin daxili quruluşunun öyrənilməsini ön plana çıxarmış, semiotika mədəniyyətin işarələr sistemi kimi araşdırılmasına imkan yaratmış, poststrukturalizm və diskurs nəzəriyyələri məna, bilik və hakimiyyət münasibətlərinin yeni izah modellərini formalaşdırmışdır. Sosial və mədəni antropologiya, performans nəzəriyyəsi, kollektiv yaddaş və identiklik tədqiqatları, psixoanalitik yanaşmalar, gender araşdırmaları və s. biliklərin predmetini və informativ dəıyərini əhəmiyyətli dərəcədə genişləndirmişdir.
Alimin sözlərinə görə, əgər Birinci Türkoloji Qurultayın keçirildiyi dövrdə əsas məqsəd türk xalqlarının dili, tarixi və mənşəyi haqqında biliklərin sistemləşdirilməsi idisə, bu gün qarşıda duran vəzifə həmin bilikləri müasir nəzəri-metodoloji yanaşmalar vasitəsilə yenidən şərh etməkdir. Bu baxımdan türkologiyanın gələcəyi yalnız ortaq keçmişin araşdırılması ilə deyil, həm də müasir elmi diskurslarla dialoq qurmaq bacarığı ilə müəyyənləşəcəkdir.
Səfa Qarayev bildirib ki, müasir mərhələdə əsas müzakirə mövzularından biri türkologiyanın hansı prinsiplər əsasında inteqrasiya olunacağı məsələsidir. Onun fikrincə, türkologiyanı yalnız ortaq tədqiqat obyekti və ya ortaq etnik mənşə ideyası ətrafında birləşdirmək kifayət etmir. Daha vacib məsələ müxtəlif türkoloji istiqamətləri vahid nəzəri-metodoloji platforma və ortaq epistemik sistem daxilində əlaqələndirməkdir. Çünki müasir elmdə inteqrasiyanı təmin edən əsas amil yalnız predmet birliyi deyil, həm də bilik istehsalının ortaq nəzəri prinsipləri və metodoloji əsaslarıdır. Bu baxımdan XXI əsrdə türkologiyanın qarşısında duran əsas vəzifələrdən biri ortaq keçmiş ideyası ilə yanaşı ortaq epistemik sistem modelinə keçidi təmin etməkdir.
Alim bildirmişdir ki, türkologiyanın gələcək inkişafı onun müxtəlif elm sahələrini özündə birləşdirən inteqrativ xarakterinin gücləndirilməsindən də asılıdır. Lakin belə bir inteqrasiya yalnız ortaq tədqiqat obyekti əsasında mümkün deyil. Bunun üçün türkoloji dilçilik, türkoloji folklorşünaslıq, türkoloji ədəbiyyatşünaslıq, türkoloji etnoqrafiya, türkoloji tarix, türkoloji fəlsəfə, türkoloji mədəniyyətşünaslıq və digər istiqamətləri bir araya gətirə biləcək ortaq nəzəri-metodoloji platformanın formalaşdırılması zəruridir.
Alimin fikrincə, uzun müddət türkologiyanın əsas inteqrasiyaedici istiqaməti tarixi-filoloji düşüncə olmuşdur. Lakin XXI əsrdə bu funksiyanı daha geniş spektrdə həyata keçirə biləcək yeni operator elmi istiqamətə ehtiyac vardır. Səfa Qarayev hesab edir ki, müasir mərhələdə bu funksiyanı ən uğurlu şəkildə sosial antropologiya yerinə yetirə bilər. Çünki sosial antropologiya kollektiv yaddaş, dil, identiklik, davranış modelləri, ritual sistemləri, sosial münasibətlər və mədəni transformasiya mexanizmlərini vahid nəzəri müstəvidə öyrənməyə imkan verir.
Onun sözlərinə görə, sosial-antropoloji diskurs müxtəlif türkoloji istiqamətlər arasında ortaq elmi dil formalaşdırmaq, fərqli sahələrdən əldə olunan bilikləri vahid nəzəri sistem daxilində əlaqələndirmək və ümumi metodoloji baza yaratmaq baxımından mühüm imkanlar açır. Bu halda türkoloji folklorşünaslıq, türkoloji ədəbiyyatşünaslıq, türkoloji etnoqrafiya, türkoloji tarix, türkoloji fəlsəfə, türkoloji dilçilik və digər istiqamətlər vahid “logiya” konsepti çərçivəsində fəaliyyət göstərə bilər. Beləliklə, türkologiya yalnız ortaq mənşə və ya ortaq obyekt ətrafında birləşən sahələrin məcmusu deyil, ortaq nəzəri-metodoloji platformaya və vahid epistemik sistemə malik inteqrativ elm sahəsi kimi inkişaf edə bilər.
Səfa Qarayev çıxışında folklorşünaslığın vəziyyətinə də toxunaraq bildirib ki, türk xalqlarının əksəriyyətində, xüsusilə postsovet məkanında, folklorşünaslıq hələ də əsasən toplama və təsvir etmə mərhələsində qalmaqdadır. Halbuki müasir dövrdə əsas vəzifə material toplamaq deyil, həmin materialları müasir nəzəri modellər vasitəsilə izah etməkdir. Folklorun sosial antropologiya, performans nəzəriyyəsi, semiotika, psixoanaliz və digər müasir metodoloji yanaşmalar əsasında araşdırılması həm türkoloji folklorşünaslığın, həm də bütövlükdə türkologiyanın nəzəri səviyyəsini yüksəldə bilər.
Alim sonda vurğulayıb ki, müasir dövrdə hər bir elm sahəsinin yaşamaq və inkişaf etmək qabiliyyəti onun yeni bilik istehsal etmək potensialı ilə müəyyən olunur. Bu baxımdan türkologiya yalnız ortaq tarixi və mədəni irsi öyrənən elm kimi deyil, yeni nəzəri müddəalar yaradan, qlobal elmi diskurslara töhfə verən və dünya elm-mədəniyyət sənayesinə yeni biliklər təqdim edən sistem kimi fəaliyyət göstərməlidir. Onun fikrincə, türkologiyanın gələcək inkişafı müxtəlif türkoloji istiqamətlərin, elmi məktəblərin və intellektual resursların vahid məqsəd ətrafında səfərbər edilməsindən asılıdır. Türkologiya öz varlığını yalnız keçmişin tədqiqi ilə deyil, müasir dünyanın elmi problemlərinə cavab verən yeni nəzəri yanaşmalar, konsepsiyalar və biliklər istehsal etməklə təmin edə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.