Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.06.2026 11:18
  • A-
  • A
  • A+

Ağdərə və Ağdam rayonlarında yeni arxeoloji abidələr aşkar edilib

Ağdərə və Ağdam rayonlarında yeni arxeoloji abidələr aşkar edilib

“Azerbaijan International Mining Company Limited (AIMC)" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs ilə AMEA Arxeologiya və Antropologiya institutu arasında bağlanmış müqavilələrə əsasən, institutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılmışdır.

“Dəmirli” Filiz Emalı Kompleks ərazisində aparılan arxeoloji monitorinq zamanı Kompleksin ərazisində qeydə alınmış neolit dövrü yaşayış yeri tədqiqat üçün seçilmişdi. Canyataq qədim yaşayış yeri, eyni adlı müasir kəndin şimal-şərq hissəsində diametri təxminən 250 m, çay dərəsindən hündürlüyü 30-35 m olan allivüal təpənin cənub hissəsində kiçik bir ərazini əhatə edir. Təpə şimal hissədə Gülyataq çayının dərəsi ilə, cənub-şərq istiqamətindən isə, Canyataq çayı ilə hüdudlanır. Təpənin cənub-şərq yamacında qoyulmuş yoxlama qazıntısı zamanı neolit dövrünə aid zəngin saxsı nümunələri, xeyli sayda osteoloji qalıqlar aşkar edildi. Görünən mənzərəyə görə neolit sakinləri bu əraziyə gəldikləri dövrdə ancaq təpənin həmişə gün işığı görən, maili şərq və qərb yamacında kiçik bir ərazidə məskunlaşmışlar.

Qarabağın neolit əhalisi ətraf ərazilərdə mövcud faydalı qazıntı yataqlarının varlığı haqqında biliklərə malik idilər. Ehtimala görə, düzənlik ərazidə yerləşən ayrı-ayrı yaşayış məskənləri və ya bu məskənlər daxilində kiçik qruplar bu faydalı qazıntıların tədarükü və ticarətilə məşğul olurdular. Canyataq da, çox böyük ehtimalla məhz oxra  (sarı, narıncı, qırmızı və qəhvəyi çalarlı təbii boya kimi işlədilən təbii mineral piqment) tədarükü həyata keçirən bir düşərgə idi. Buradan aşkar edilmiş çoxlu sayda iri daş alət fraqmentləri və oxra qırıntıları bu ehtimalın sübutu olaraq göstərilə bilər. Qarabağın neolit dövrü mədənçiləri düşərgənin yaxınlığında mövcud yataqlardan oxranı əldə edərək buraya gətirmiş, kiçik parçalara bölərək düzən ərazilərə daşımışdılar.

“Dəmirli” Filiz Emalı Kompleksi ərazisinin arxeoloji monitorinqi zamanı, ilkin müşahidələr göstərdi ki, ərazidə vaxtilə müsəlman qəbiristanlığı mövcud olub. Təəssüflər olsun ki, işğal dövründə ərazidə maddi sərvətlərimizi talamağa başlayan erməni vandalları tərəfindən, mədəni və mənəvi irsimizə də böyük ziyan vurulmuşdu. Qəbiristanlıq salınmış təpənin böyük bir hissəsi tamamilə dağıdılaraq yerində yol inşa edilmişdi. Müşahidələrdən ayıdın olur ki, işğalçıların apardığı torpaq işləri zamanı insan sümükləri aşkar edilmiş və ərazidə  müsəlman qəbirləri onlara bəlli olduqdan sonra qəbiristanlıq işğalçılar tərəfindən daha geniş formada dağıntıya məruz qalmışdır.

Qeyd edilən sahədə arxeoloqlar tərəfindən orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələri aşkar edilmişdi. Orta əsr tapıntıları şirli və şirsiz keramika məmulatı fraqmentlərindən ibarətdir. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla, XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı, kompleks yaxınlığında, 3 ədəd kurqan qeydə alınmışdı.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən növbəti arxeoloi  monitorinq Ağdam rayonu ərazisində aparıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayonun Göytəpə kəndi ərazisində “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda 2 arxeoloji abidə qeydə alınmışdı.

Göytəpə kəndinin qərbində yerləşən Göytəpə İlk tunc dövrünə aid yaşayış yeri ölkə əhəmiyyətli abidə hesab olunur (İnventar № 644). Aparılan yerüstü arxeoloji müşahidələr zamanı məlum olmuşdur ki, abidənin üst hissəsində antik dövrə aid nazik mədəni təbəqə var. 4 hektardan artıq ərazini əhatə edən və 8 metrə yaxın hündürlüyü olan təpənin əsas hissəsi İlk Tunc dövrünə aiddir ki, bu da bəhs edilən dövrdə ərazidə intensiv məskunlaşmanın olduğunu göstərir. Təəssüflə qeyd edilməlidir ki, bir neçə müddət bundan öncə, Göytəpə abidəsinin qərbində yerləşən Eyvazxanbəyli kəndinin yenidən inşası zamanı abidə dağıntıya məruz qalmışdı.

Arxeoloji ekspedisiya tərəfindən aparılan monitorinq zamanı Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisində türbə qeydə alınmışdı. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada “Şamil bəy Salman bəy oğlu” dəfn edilib. Nəzərə alsaq ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulubdur, çox güman ki, o, Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biridir. Türbə altıguşəli planda inşa edilib. Altıguşəli türbə memarlığı, əsasən qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: