Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Dastanşünaslığımıza yeni elmi töhfə: Aybəniz Rəhimovanın “Kitabi-Seyyid Battal Qazi” monoqrafiyası haqqında
17.07.2026 15:15
  • A-
  • A
  • A+

Dastanşünaslığımıza yeni elmi töhfə: Aybəniz Rəhimovanın “Kitabi-Seyyid Battal Qazi” monoqrafiyası haqqında

Görkəmli türkoloq alim Aybəniz Rəhimovanın “Elm və təhsil” nəşriyyatında 2022-ci ildə çap olunan “Qəhrəmannamə” adlı yazılı dastan abidəsi elmi-paleoqrafik müqayisələr, filoloji araşdırma və müasir Azərbaycan əlifbasına  transfoneliterasiya edilmiş və ilk dəfə olaraq elmi-ictimaiyyətə, geniş oxucu qrupuna təqdim olunmuşdur. Əsər tədqiqatçılar və araşdırıcılar tərəfindən yüksək qiymətləndirilmişdir. Ümumiyyətlə, Aybəniz xanımın yaradıcılığına diqqət yetirsək, alimin məhz Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan, tozlu rəflərdə yatan əlyazmalara müraciəti müşahidə olunur. Təsadüfi deyil ki, müəllifin zaman-zaman nəşr etdirdiyi Fövcül-füsaha məclisinin fəal üzvlərindən olan, həkim-şair “Mirzə Ələkbər Səburinin şeirləri”, Əməkdar jurnalist, tədqiqatçı “Qulam Məmmədlinin təzkirəsi”, dini-qəhrəmanlıq dastanı Xavərnamə”, mifoloji-tarixi dastan abidəsi Qəhrəmannamə” və digər abidələrin nəşri ilklər sırasına aiddir.

2025-ci ildə isə “Elm və təhsil” nəşriyyatında 532 səhifədə çap etdirdiyi dini-qəhrəmanlıq dastanı “Kitabi-Seyyid Battal Qazi” adlı monoqrafiyası işıq üzü görmüşdür. Tədqiqatçı alimin qeyd etdiyinə görə “Kitabi-Seyyid Battal Qazi” yazılı dastan abidəsinin nüsxələri dünya ölkələrinə yayıldığı kimi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda da yeganə əlyazma nüsxəsi olaraq uzun illər qorunub saxlanılmışdı. Müəllif yazılı dastan abidəsinin Bakı nüsxəsi üzərində dərin və əhatəli elmi-paleoqrafik, filoloji-tekstoloji araşdırmalar aparmış və dastanın transfonoliterasiyası və fotofaksimilesi ilə birlikdə elmi ictimaiyyətin öhdəsinə vermişdir. Aybəniz xanım məşhur “Kitabi- Seyyid Battal Qazi” dastanının nüsxələrinin, Drezden, Berlin, Paris, London, Vyana, Upsala, İstanbul, Sankt-Peterburq və s. şəhərlərinin əlyazma xəzinələrində olması barədə Şərq əlyazma kataloqlarından elmi-paleoqrafik təsvirləri və nəşrləri barədə məlumatlarla bilgilənmiş və dastanın ölkə hüdudlarından kənarda olan nüsxələri ilə yaxından tanış olmuş və nüsxə fərqlərini müqayisə yolu ilə ayırd etmişdir. Çox əfsus ki, bu abidənin Azərbaycanda olan nüsxəsi haqqında elm aləminə naməlum qalan əlyazma nüsxəsi tanınmış dilçi alimi, prof. Əbdüləzəl Dəmirçizadənin şəxsi fondu vasitəsilə Əlyazmalar İnstitutunun xəzinəsinə hədiyyə edildikdən çox sonra aşkar edilmişdir.

Dövrün ideoloji durumuna görə, dil tarixi üzrə prof. Ə.Dəmirçizadə bu qiymətli əlyazma haqqında dövri mətbuatda abidənin varlığı haqqında heç bir məlumat verməmişdir... Tədqiqatçı qeyd edir ki, illər keçdikcə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələr bərpa olunduqca, ədəbi əlaqələr də güclənmiş, ortaq dilimizin problemləri ilə bağlı türk əlyazmaların tədqiqi də öz həllini tapmışdır.

Aybəniz Rəhimovanın qələmə aldığı “Kitabi-Seyyid Battal Qazi” (yazılı dastan abidəsi) adlı monoqrafiyası çox qiymətli tədqiqatdır. Tədqiqatın şəhidlərimizə, qazilərimizə ithaf olunması da daha çox təsiredici və təqdirəlayiqdir.

Monoqrafiyanın başlıqları və mətni ilə tanış olduqda, görürük ki, müəllif monoqrafiyanı, “Kitabi-Battal Qazi” dastanının Azərbaycanda olan əlyazmasının ilk nəşri, “Oğuz Türklərinin Dini-Qəhrəmanlıq Eposu”, “Battal Qazi dastanı”, “Seyyid-Battal Qazi tarixi qaynaqlarda”, “Battal Qazi dastanının tədqiqi və nəşri tarixi”, “Dastanın paleoqrafik xüsusiyyətləri”, “Battal Qazi dastanının əlyazması”, “Dastanın qısa məzmunu”, “Battalın dastani siması”, “Battal Qazi və dini qəhrəmanlıq dastanlarında cəngavər qadın surətləri”, “Dastanın mifoloji obrazları və əsərdə sufilik ünsürləri”, “Dastanda təbiətlə bağlı məqamlar”, “Dini-qəhrəmanlıq dastanlarında at kultu və Battal Qazinin Aşqarı” (atının adıdır), “Kitabi-Battal Qazi” ilə “Kitabi-Dədə Qorqud” dastanlarının əlaqəsi”, “Battal-Qazi dastanının Türkiyə nüsxəsi ilə Bakı nüsxəsi arasında olan fərqlər” və s. adları altında bölgülərə ayırmış və bu şəkildə zəngin ədəbiyyat əsasında geniş tipoloji təhlillər aparmışdır. Xüsusilə, əsərin “Dil və üslub xüsusiyyətləri” ilə bağlı araşdırmasında dilçilik elmimizin inkişafı üçün faydalı olaraq elmi faktlar ortaya qoyur. XII-XIII əsrdə yazıya alınması təxmin edilən abidənin dilinin müasir Azərbaycan dili ilə bağlı faktların ortaya çəkilməsi ədəbiyyatşünaslığımız, dilşünaslığımız üçün nə qədər maraqlı və nə qədər vacib məqamlara toxunulduğu aşkar olur. Dilimizdə işlənən sözlərin etimalogiyasının təhlilləri tədqiqatçı-alimin monoqrafiyasının dəyərini bir qədər də artırır.

Müəllif tərəfindən, “Kitabi-Seyyid Battal Qazi” dastanı, “Kitabi-Dədə Qorqudla müqayisə edilərək hər iki dastanın dilinin yaxınlığı, ideya, süjet və obrazların oxşar cəhətləri faktlarla sübuta yetirilir. Tədqiqatçı bu qərara gəlir ki, “Kitabi-Battal Qazi” dastanı ilə “Kitabi-Dədə Qorqud” dastanının məzmun yaxınlığı onların arasında müqayisələr və paralellərin aparılması zərurətini yaradır.

Aybəniz xanım, “Battal Qazinin  tədqiqatçılarından söhbət açaraq qeyd edir ki, “Battal Qazi” türk dastanı olsa da, ilk dəfə  abidə Avropa alimləri Fleşer və Etye tərəfindən ortaya çıxarılmışdır. “Kitabi-Battal Qazi” dastanının yazılı surətindən, yəni əlyazma mətnindən onun ilk tədqiqatçıları olan H.Fleşer və H.Etye parçalar seçərək almancaya tərcümə etmiş, 1871-ci ildə məlumat xarakterli yazı ilə nəşr etmişlər. Lakin sonradan, artıq türk alimləri abidə ilə maraqlanmış və dastanın fərqli nüsxələri müxtəlif türk alimlər tərəfindən tədqiq edilmişdir. Şərqşünas alim, prof. Fuad Köprülü “Türk ədəbiyyatında ilk mütəsəvviflər”, “Türk ədəbiyyatı tarixi” kitablarında Battal Qazini bir türk qəhrəmanı, peyğəmbərin törəməsi, P. Boratav isə tarixi şəxsiyyət saymışdır.

Türkiyə alimləri arasında “Battal Qazi” dastanı haqqında prof. Dr. Necati Dəmirin dos. Dr. Mehmet Dursun Erdemlə birlikdə nəşr etdikləri əsər müəllif tərəfindən təqdirəlayiq hesab olunur və yüksək dəyərləndirilir. Tədqiqatçı qeyd edir ki, Fransa Strasburq Universitetinin professoru həmyerlimiz İren xanım Məlikova isə ingilis dilində İslam ensiklopediyasında “Battal” oçerkini nəşr etdirmiş və yazısında qeyd etmişdir ki, “Kitabi Battal Qazi” dastanı Asiyada-Türkiyə ərazisində yaranmış ilk oğuz-türk dini-qəhrəmanlıq abidəsidir. Nüsxələri dünyanın müxtəlif şəhərlərinin kitabxanalarında saxlansa da, deyə bilərik ki, dastanın əlyazması, daşbasma və əski çap nüsxələri Türkiyə Respublikasında daha çox yayılmış, orada oxunmuş, tədqiq və nəşr edilmişdir, - deyə müəllif dastanın Türkiyədə geniş yayılması və sevilməsi barədə məlumat verir.

“Battal Qazi” dastanının Bakı əlyazma nüsxəsi də Əlyazmalar İnstitutunun fondunda saxlanılır. Türkiyə nüsxələrini müqayisə etdikdə tədqiqatçı alim Aybəniz xanım qeyd etmişdir ki, Bakı əlyazması Türkiyə nüsxəsindən həcmcə daha az, quruluşca daha fərqlidir. Türkiyə nüsxəsində hekayətlərin sayı artıq, rəvayətlər nisbətən geniş və ətraflıdır. Hətta Türkiyə nüsxəsində beytlər də yerləşdirilmişdir. Lakin Bakı nüsxəsində isə şeir parçaları yoxdur.

Aybəniz Rəhimova dastanın tədqiq tarixindən danışarkən Bakı nüsxəsinin ilk dəfə professor Azadə Musabəyli tərəfindən aşkarlandığını söyləyir. Dastanın məzmunundan məlum olur ki, Battal Qazi mərd, igid, qoçaq, istedadlı, bilikli, cəsur, cəsarətli bir türk ərənidir. O, İslam dinini qəbul etmiş, onun yayılması, təbliğ edilməsi yolunda mübarizə aparan İslam mücahidi kimi təqdim edilir. Monoqrafiyada müəllif tarixi mənbələrə əsaslanaraq Battalın tarixi şəxsiyyəti haqqında, əməvilərlə döyüşən müsəlman sərkərdəsi olduğu sərgilənir. Kitabda tədqiqatçı alim Aybəniz Rəhimova tərəfindən “Kitabi-Seyyid Battal Qazi” yazılı dastan abidəsi haqqında söylədiyi fikir və düşüncələri məntiqli və elmidir. Araşdırıcı müəllif qeyd edir ki, dastanın baş qəhrəmanı Battal Qazi qeyri-adi gücə malik olmuş, ürəkdən qəbul etdiyi İslam dinini uca tutmuş və bu din yolunda ölümə belə getməkdən çəkinməmişdir. Mən tarixçi olduğum üçün əsərin tarixlə bağlı hissəsi diqqətimi daha çox çəkmiş, tarixi faktlarla zəngin olan bu bölgü məni heyrətləndirmişdi. Dastanın yarandığı dövrün tarixi hərtərəfli, dəqiq faktlarla işıqlandırılmışdır.

“Battal Qazi” dastanı ilə “Kitabi-Dədə Qorqud” dastanı arasında çoxsaylı oxşar cəhətləri ortaya çıxaran müəllif, “hər iki abidə oğuz türklərinin ortaq dastanıdır”, fikrini irəli sürərk, bu əsəri Azərbaycan eposu hesab edir. “Battal Qazi” dastanı digər dini qəhrəmanlıq dastanları ilə eyni süjet xəttinə məxsus olduğu üçün bir silsilə təşkil edir, “Dədə Qorqud”, “Məlik Danişmənd Qazi”, “Saltük Qazi”, “Xavərnamə”, “Müseyyibnamə” dastanları arasında tipoloji təhlil aparılmışdır. Dastanda təsvir olunmuş əhvalatlardan biri də, Battalın Babəklə döyüşüdür ki, tədqiqatçı Xürrəmilər hərəkatını birbaşa Azərbaycanla əlaqələndirmiş və əhəmiyyətli dərəcədə bu hissəyə yer ayırmışdır. Əsərin qəhrəmanı Battal Qazinin Xürrəmilər hərəkatı, xüsusilə Babəklə döyüşləri Azərbaycan tarixi üçün maraq doğuran məqamlardan biri kimi dəyərləndirilmişdir. “Battal Qazi” dastanında biz dost və düşmən, müsbət və mənfi surətlər, mifoloji obrazlar, qüvvətli cəngavər qadın obrazları ilə rastlaşırıq. Bu kimi obrazların təhlili digər dini qəhrəmanlıq dastanlarının surətləri ilə istər görünüşcə, istərsə də xaraktercə əsərdə geniş şəkildə müqyisə edilir. “Battal Qazi” dastanında təbiətlə, vəhşi heyvanlar aləmi ilə bağlı hadisələr, təbiət təsvirləri ilə əlaqələr çox canlı şəkildə verildiyindən müəllif bu məqamlardan yan keçməmiş, hətta təsvir olunan ağacların rolu müqayisəli şəkildə açıqlanmışdır. Battalın ona həyan olan Aşqar adlı atı dini qəhrəmanlıq dastanlarında təsvir olunan atlarla və Koroğlunun Dür və Qır atları ilə müqayisə edilərək araşdırılır.

Aybəniz xanım dəyərli tədqiqatında yazır ki, Türkiyə türkcəsində olan “Battal Qazi” dastanının nüsxəsində elə söz və ifadələrə rast gəlirik ki, çağdaş Azərbaycan dilinin yazı və danışıq dilində bu sözlər işlədilir. “Battal Qazi” dastanında folklor nümunələri, müxtəlif deyim, ata sözləri və məsəllərlə bağlı ifadələr çoxluq təşkil edir və bu ifadələr bu gün də dilimizdə işlədilir.

Aybəniz Rəhimovanın illərlə işlədiyi bu əsər “Kitabi-Seyyid Battal Qazi“ dastanının Bakı nüsxəsinin təkrar nəşridir. 2009-cu ildə bu dastanın mətni müəllif tərəfindən 15 səhifəlik ön sözlə nəşr olunmuşdu. Lakin Aybəniz Rəhimovanın yazdığına istinadən deyirik ki, bu sanballı yazılı dastanın ilkin nəşri onu qane etməmiş, bu işin üstünə təkrar qayıdaraq əsəri fundamental tədqiqata cəlb etmişdir.

Beləliklə, Aybəniz Rəhimovanın “Kitabi-Seyyid Battal” monoqrafiyası mövzunun elmi səviyyədə yenidən işlənməsi baxımından əhəmiyyətlidir. Müəllifin təhlili, irəli sürdüyü mülahizələr və nəticələri əsərin daha dərindən öyrənilməsi üçün möhkəm zəmin yaradır. Yeni nəşrdən çıxmış “Kitabi- Seyyid Battal Qazi” monoqrafiyası dastanın islam tarixi, mətnşünaslıq, dini-qəhrəmanlıq dastanları arasında tipoloji müqayisələr, süjet-ideya xüsusiyyətləri, dil və üslub xüsusiyyətlərinin kompleks tədqiqinə yeni baxış gətirir. Müəllifin arxiv materiallarına, müqayisəli təhlilə və folklorşünaslıq prinsiplərinə əsaslanan yanaşması əsəri təkcə dastanşünaslıq üçün deyil, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli töhfəyə çevirir.

Nəticə olaraq qeyd etmək lazımdır ki, Aybəniz Rəhimovanın “Kitabi-Seyyid Battal Qazi” monoqrafiyası dastanın mətn, tarixi və bədii xüsusiyyətlərinin elmi əsaslarla tədqiqi baxımdan mühüm əhəmiyyət kəsb edir. Müəllif əsərin ideya məzmununu, janr və dil xüsusiyyətlərini və xalq ədəbiyyatındakı yerini inandırıcı faktlarla əsaslandıraraq Azərbaycan dastanşünaslığı elminə dəyərli töhfə vermişdir. Monoqrafiya həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün etibarlı elmi mənbədir. Monoqrafiyanın nəşri Azərbaycan–Türkiyə folklor əlaqələrində yeni bir mövzudur. Bu mövzunun tədqiqi, öyrənilməsi şübhəsiz yeni ədəbi faktların, folklor nümunələrinin üzə çıxmasına səbəb ola bilər.

Esmira CAVADOVA, tarix üzrə fəlsəfə doktoru, dosent, Ali Media Mükafatı laureatı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: