İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur. Bu münasibətlə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda milli mətbuat tarixinin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri davam etdirilir.
Bu barədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd məlumat verib. O bildirib ki, Mətbuat tarixi və publisistika şöbəsi son illərdə Azərbaycan mətbuat irsinin elmi dövriyyəyə qazandırılması istiqamətində bir sıra fundamental layihələr həyata keçirib. Şöbənin təşəbbüsü ilə akademik İsa Həbibbəylinin rəhbərliyi altında Azərbaycan satirik mətbuatının ən möhtəşəm nümunəsi sayılan “Molla Nəsrəddin” ensiklopediyası ilk dəfə hazırlanaraq nəşr edilib. Bununla yanaşı, “Ziyayi-Qafqaziyyə”, “Ziya”, “Kəşkül”, “Bəhlul”, “Arı”, “Mirat”, “Məşəl” və “Kəlniyyət” kimi tarixi mətbuat orqanları ərəb qrafikasından latın qrafikalı əlifbaya transliterasiya olunaraq oxuculara təqdim edilib.
ADA Universitetinin dəstəyi ilə “Əfkari-mütəəllimin”, “Babayi-Əmir” və “Məktəb” jurnallarının transliterasiya olunaraq nəşri də mətbuat tariximizin öyrənilməsinə mühüm töhfə verib. Bu nəşrlər uzun illər ərəb əlifbasında qaldığı üçün geniş oxucu kütləsi üçün əlçatan olmayıb.
Şöbənin əməkdaşları tərəfindən mətbuat tarixi və bədii publisistika sahələrini əhatə edən 10-dan artıq monoqrafiya çap olunub.
Vüqar Əhməd qeyd edib ki, hazırda “Tuti” və “Zənbur” jurnallarının transliterasiyası tamamlanıb, “Şərqi-Rus” qəzetinin transliterasiyası isə davam etdirilir. Onun sözlərinə görə, mətbuatşünaslıq, Zəfər publisistikası, Ali Baş Komandan obrazının bədii publisistikada əksi və digər istiqamətlər üzrə elmi araşdırmalar aparılır. Alim vurğulayıb ki, milli mətbuat irsinin tədqiqi, klassik nəşrlərin müasir əlifbada yenidən nəşr olunması Azərbaycan mədəni irsinin qorunması, elmi dövriyyəyə qaytarılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.