Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

İlandağ daş salnaməsinin sirri açılır
21.07.2026 13:20
  • A-
  • A
  • A+

İlandağ daş salnaməsinin sirri açılır

Bu günlərdə Arxeologiya və Antropologiya İnstitutunun Naxçıvanda fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyasının İlandağ ərazisində aşkarladığı e.ə. VIII əsrə aid qayaüstü Urartu mixi yazısı ilə bağlı açıqlaması dünya elmi mühitində böyük rezonans yaratdı.

Mövzu ilə bağlı AMEA-nın verdiyi açıqlamada bildirilir ki, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, ekspedisiya rəhbəri dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərovun iştirakı ilə aparılan araşdırma nəticəsində uzun illər axtarılan abidənin yeri dəqiqləşdirilib. Yazı ilk dəfə 1980-ci illərin sonunda aşkar edilsə də, sonradan dəqiq koordinatları müəyyən olunmayıb.

İlandağ ərazisindəki qaya üzərində mixi yazılı mətndə Urartu çarı I Sardurinin oğlu İşpuini (e.ə. 820-810-cu illər) və onun oğlu Menuaya (e.ə. 786-764 illər) mədh olunub. Mövcud tərcümə versiyasına görə, mətndə bu sözlər yazılıb: “Haldi tanrısının himayəsi altında Sardurinin oğlu İşpuini (və) İşpuininin oğlu Menua Arşini şəhərini fəth etdilər. Onlar (və ya o) Arşini şəhərinin torpağını fəth etdilər, onlar (və ya o) Aniani şəhərinin torpağını fəth etdilər və (və ya o) onu dağıtdılar.... o, Haldi tanrısı üçün bir sütun ucaltdı. Puluadi torpağında bir mərasim tətbiq etdi: O (ritualda iştirak edən) Puluadi torpağından Haldi tanrısına (bir öküz) və Haldi tanrısının arvadına bir inək qurban verə bilərmi?”.

Akademik Vəli Baxşəliyev mətbuata açıqlamasında bu yazını tanınmış italyan şərqşünası Mirjo Salvininin oxuduğunu, mövzu ilə bağlı yeni araşırmaların aparılacağını bildirib.

Bəs dünyada Urartu tarixi ilə bağlı araşdırmaları ilə tanınan və AMEA-nın İlandağ kitabəsinin tərcüməsinə istinad etdiyi məşhur italyan professor Mirjo (Miroslavo) Salvini kimdir?

Urartunun tarixi ilə bağlı əsərlərdən məlum olur ki, bu sahədəki tədqiqatlar daha çox erməni alimlərinin apardıqları araşdırmalar və onların dünya ictimaiyyətinə təqdim etdikləri faktları əks etdirir.Bu tədqiqatlarda əsas yeri tutan Mirjo Salvininin Yaxın Şərq araşdırmalarına, xüsusilə də Urartu sivilizasiyasının tarixinə, filologiyasına və mədəniyyətinə verdiyi elmi töhfənin miqyasını qiymətləndirmək olduqca çətindir. 50 ildən artıq fasiləsiz fəaliyyəti ərzində o, bir çox fərqli sahələrə, daha çox isə urartuşünaslığa böyük töhfələr vermişdir.

Mirjonu müəllimi Covanni Pulyeze Karatellinin uzaqgörənliyi sayəsində həmin dövrdə Aralıq dənizi ətrafı, xüsusən də yunanlar və etrusklarla ilk əlaqələri qurulmağa başlayan bu uzaq mədəniyyətə maraq göstərmişdi. O, filoloji məlumatlar, landşaft araşdırmaları və arxeoloji biliklər arasındakı zəruri əlaqəni anlayan azsaylı filoloqlardan idi.

Urartu tarixi və mədəniyyətini öyrənmək və anlamaq arzusu ilə o, bir vaxtlar Urartunun yayıldığı ərazilərə – Ermənistan, Türkiyə, İran və İraqa davamlı səyahətlər etmişdir. 1960-cı illərdə Karmir-blur qazıntılarının rəhbəri Boris Piotrovski, filoloq və urartuşünas Nikolay Harutyunyan, şərqşünas və dilçi İqor Dyakonov, Arin-berd qazıntılarının rəhbəri Konstantin Hovhannisyan və Çavuştəpə və Topraqqala qazıntılarının rəhbəri Afif Erzen ilə əlaqələr qurmuş, abidələri ziyarət edərək qiymətli məlumatlar toplamışdır.

Alim, eləcə də İranın şimal-şərqindəki epiqrafik materialları yenidən tədqiq etmişdir. O, səyahətlər zamanı onlarca nəşr olunmamış Urartu yazısını aşkar etmiş, Van Muzeyi kimi yerli qurumlara bu qədim mətnlərin qorunmasında kömək göstərmişdir. Mirjo tədqiqatçılıq karyerasının, demək olar ki, tamamını Covanni Pulyeze Karatelli, Piero Merici, Karlo Qallavotti və Doro Levi tərəfindən əsası qoyulmuş və Roma Universitetindəki əvvəlki tədqiqat mərkəzinə əsaslanan Milli Tədqiqat Şurasının “Miken, Egey və Anadolu Araşdırmaları İnstitutu”nda (ISMEA) keçirmişdir.

Sonradan institut “Egey və Yaxın Şərq Araşdırmaları İnstitutu” (ICEVO ) adlandırılmış, uzunmüddətli tədqiqat və elmi fəaliyyət ənənəsini dayandırmışdır. Bundan sonra Mirjo və onun həmkarları tədqiqatlarını ISMEO – Beynəlxalq Aralıq Dənizi və Şərq Araşdırmaları Assosiasiyasının üzvləri kimi davam etdirmişlər.

Mirjo uzun müddət ISMEA/ICEVO-ya rəhbərlik etmiş və həmin illərdə institutun kitabxanası genişləndirilmişdir. Bu kitabxana ən parlaq dövründə Anadolu və Miken araşdırmaları üzrə dünyada ən yaxşılardan hesab olunurdu. Bu dövrdə Urartu araşdırmaları ilə bağlı bir çox fəaliyyət həyata keçirilmiş və onların böyük qisminə Mirjo rəhbərlik etmişdir. Bunların arasında ən mühümlərindən biri İranın Urmiya gölünün qərb sahilində aparılan kəşfiyyat və qazıntı işləri idi.

Tapıntılar 1984-cü ildə Mirjo və Paolo Emilio Pekorellanın ortaq redaktorluğu ilə “Zaqros və Urmiya arasında” kitabının nəşrinə səbəb oldu. Bu əsər bu gün də həmin region üzrə əsas istinad mənbələrindən biridir. Lakin şübhəsizdir ki, onun urartuşünaslıq araşdırmalarına ən böyük töhfəsi bütün karyerasının zirvəsini təşkil edən “Urartu mətnlərinin korpusu” (CTU) əsəridir.

Mirjo Salvininin 80 illik yubileyi münasibətilə erməni alimləri İngiltərədə “Oksford” nəşriyyatında onun tədqiqatlarına istinad edən elmi məqalələr toplusu hazırlamışlar. Pavel Avetisyan, Roberto Dan və Yervand Grekyanın ön sözü ilə başlayan topluda yazılır: “Mirjo Salvinin ICEVO-ya rəhbərlik etdiyi dövrdə Ermənistanda Urartu dövlətinin sərhədlərini və onun Göyçə (Sevan) gölü bölgəsindəki yerli icmalara təsirini öyrənməyə yönəlmiş mühüm arxeoloji işlər başladılmış və davam etdirilmişdir. Onun və institutun Van gölünün şərq sahilində yerləşən və indiyədək qazılmış ən mühüm Urartu abidələrindən biri olan Ayanis qalası qazıntılarındakı əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edirdi. Mirjo bir müddət burada rəhbər müavini olmuş və yazıların öyrənilməsinə məsuliyyət daşımışdır.

Ziyarət etdiyi bir çox yerlər arasında onun ən çox bağlandığı məkan Van qalasıdır. Bu dramatik gözəlliyə malik qalanın zirvəsində, o, toranlıq vaxtı bir neçə şanslı insana Movses Xorenatsinin “Ermənilərin tarixi” əsərindən parçaları, xüsusən də Kraliça Semiramis (Şamiran) tərəfindən Urartu paytaxtının mifik təməlinin qoyulmasına aid hissələri oxumağı çox sevərdi. Mirjonun hurrişünaslıq və hititşünaslıq kimi sahələrdə də birinci dərəcəli əhəmiyyətə malik bir alim olduğunu nəzərə alaraq, onun önəmini təkcə Urartu tədqiqatları ilə məhdudlaşdırmaq istəməsək də, Urartu sivilizasiyasına verdiyi töhfənin ən parlaq sahə olduğuna və enerjisinin böyük hissəsini bura yatırdığına heç bir şübhə yoxdur.

Ümid edirik ki, dostları, həmkarları, əməkdaşları və tələbələri tərəfindən Mirjoya təqdim olunan bu yubiley töhfəsi görkəmli şəxsiyyətə və alimə layiqli bir ehtiramın göstəricisi olacaqdır. Hər şeydən əvvəl, bu kitab Mirjonun Yaxın Şərq, xüsusən də Urartu araşdırmalarının təşviqində göstərdiyi yorulmaz fədakarlığa görə minnətdarlığımızın bir rəmzi kimi oxunmalıdır”.

Mirjo Salvininin araşdırmaları niyə erməni tədqiqatçıların diqqətini çəkib? Niyə onlar bu alimin ünvanına belə yüksək tərif söyləyiblər?

Urartu dövləti haqqında aparılan siyasi-tarixi müzakirələr və italyan şərqşünası Mirjo Salviniyə həsr olunmuş xüsusi buraxılışın pərdəarxası məqamları olduqca geniş və maraqlı mövzudur. Bu məsələləri aydınlaşdırmaq üçün tarixi faktları nəzərdən keçirək.

Professor Mirjo Salvini İtaliya Milli Araşdırmalar Şurasının (CNR) regional araşdırmalar institutunun keçmiş direktorudur və dünyanın ən nüfuzlu urartuşünaslarındandır. Salvini bütün dünyada tapılmış Urartu mixi yazılı mətnlərini sistemləşdirərək fundamental əsər – “Urartu mətnləri korpusu” 5 cildliyinin müəllifidir. İrəvan ərazisindəki (Erebuni, Qırmızı Təpə və s.) qədim Urartu qalalarından tapılan yüzlərlə kitabə, məhz Salvininin bu kitabında mükəmməl şəkildə tərcümə və təhlil edilib.

Salvini uzun illər Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə layihələrdə iştirak edib, Sevan gölü hövzəsində və digər bölgələrdə çöl-tədqiqat işləri aparıb. Erməni tədqiqatçılar üçün onun rəyləri, elmi metodologiyası və Avropa elmi arenasında çəkisi çox önəmlidir.

2018-ci ildə Mirjo Salvininin 80 illik yubileyi münasibətilə Londonda “Dağların arxasında və çox uzaqlarda: 80 illik yubileyi münasibətilə Mirjo Salviniyə ithaf olunmuş Yaxın Şərq tarixi və arxeologiyası araşdırmaları” adlı xüsusi elmi toplu da nəşr olunub. Bu beynəlxalq elmi nəşrin əsas təşəbbüskarı və redaktorlarından biri Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Pavel Avetisyan və digər erməni alimi Yervand Qrekyan idi. Layihənin rəhbərliyində olduqları üçün topluda erməni müəlliflərin məqalələrinə geniş yer ayırıblar.

Dünyada sırf Urartu dili və tarixi ilə məşğul olan mütəxəssislərin sayı o qədər də çox deyil. Bunu, əsasən, İtaliya, Almaniya, Türkiyə, Rusiya və Ermənistandan olan dar bir alimlər qrupu öyrənir. Ermənistanda isə sovet dövründən bəri bu sahə dövlət səviyyəsində dəstəkləndiyi üçün kəmiyyət baxımından daha çox urartuşünas yetişib. Salvininin tələbələri və onunla birgə qazıntı aparan yerli mütəxəssislərin əksəriyyəti ermənilər idi.

Erməni tarixçiləri Salvini kimi dünyaşöhrətli, bitərəf bir avropalı alim haqqında kitabda öz araşdırmalarını, xüsusən də, Urartu mədəniyyətinin erməni toplumuna təsiri, qədim coğrafiya və toponimlər haqqındakı iddialarını yerləşdirməklə öz tezislərinə beynəlxalq elmi arenada legitimlik qazandırmağa çalışırlar.

(ardı var)

Surə SEYİD, filologiya üzrə fəlsəfə doktoru, dosent

“Xalq qəzeti” 

  • Paylaş: