Milli lüğət kitabxanamız daha bir qiymətli nəşrlə zənginləşib. AMEA Dilçilik İnstitutu Azərbaycan dilinin tarixi şöbəsində hazırlanıb nəşr edilən 3 cildlik “Türk mənşəli arxaizmlər lüğəti” dünya türkologiyasının nadir qaynaqlarından sayılan “Divanü lüğat-it-türk”, “Codeks Cumanicus”, “Qədim türk lüğəti” (rus dilində), Clausonun etimoloji lüğəti və “Tarama sözlüyü” kimi klassik lüğətlərin ənənəsinin davamı olaraq ərsəyə gəlib.
Bu fundamental üçcildlik Azərbaycan dilçilərinin Türkoloji Qurultayın 100 illik yubileyinə layiqli töhfəsidir. Lüğətin hazırlanmasının təşəbbüsçüsü və rəhbəri–AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli qəzetimizə açıqlamasında bildirdi:
– Qloballaşan dünyada ana dilimizə yad, lüzumsuz sözlərin daxil olmasının qarşısının alınmasında köhnəlmiş sayılan sözlər önəmli rol oynayır. İndiki dövrdə Azərbaycan dilinin tarixi lüğət fondunun qorunmasında isə işləkliyi azalmış və yeni sözlərin dövriyyəyə gətirilməsi zərurətə çevrilmişdir. Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley təntənəsində bu tələbatı dövlət sifarişi səviyyəsində gündəmə gətirdi. Dövlət başçısı həmin çıxışında Azərbaycan dilinin qədim və zəngin dil olduğunu, 50 milyondan çox insan üçün ana dili kimi yaşadığını söylədi, ana dilimizdə olan əzəli sözlərin alınma ifadələrlə əvəz etməyin yolverilməz olduğunu vurğuladı.
Ölkə rəhbərinin, ilk növbədə, dilçi alimlər qarşısında qoyduğu bu vəzifəyə cavab olaraq hazırladığımız “Türk mənşəli arxaizmlər lüğəti” yalnız tarixi-leksikoqrafik əsər deyil, həm də Azərbaycan dilinin saflığının qorunması və milli söz ehtiyatının zənginləşdilməsi baxımından da önəmli mənbədir. Lüğətdə XIII-XVIII əsrlər Azərbaycan yazılı mənbələrində işlənmiş türk mənşəli arxaik sözlər toplanıb, onların izahı verilib, etimoloji və tarixi-linqvistik baxımdan araşdırılıb. Beləliklə, dilimizin unudulmuş, lakin doğma söz qatı yenidən elmi dövriyyəyə gətirilib, geniş istifadəyə təqdim edilib.
Dilin saflığını qorumağın və onu zənginləşdirməyin ən səmərəli yollarından biri yeni anlayışları ifadə edərkən daxili imkanlardan, tarixi söz ehtiyatından istifadə etməkdir. Yeni lüğət bu baxımdan ana dilimizin unudulmuş, alt qatında qalmış sözləri fəal dil quruculuğuna qovuşdurur, terminologiya və elmi üslub üçün zəngin mənbə kimi təqdim edir.
Yeni lüğətdə toplanmış köhnəlmiş sözlərin və digər dil nümunələrinin Azərbaycan dilinin öz kökü üzərində inkişaf etməkdə geniş imkanlarını əks etdirdiyini qeyd edən müsahibimiz dedi:
– Üçcildliyin lüğər tərkibi ana dilimizin terminoloji sisteminin zənginləşdirilməsi, yad sözlərin qarşılığı kimi milli mənşəli leksik vahidlərin seçilməsi, elmi anlayışların Azərbaycan türkcəsinin daxili imkanları əsasında ifadəsi üçün möhkəm baza yarada bilər. “Türk mənşəli arxaizmlər lüğəti" Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, yad təsirlərdən mühafizəsi və milli söz xəzinəsinin gələcək nəsillərə çatdırılması ilə bağlı çağırışlarına cavab olaraq ciddi bir boşluğu doldurur və dilimizin inkişafına yeni meydan açır.
Əsərin başqa bir üstünlüyü mənbə bazasının genişliyidir. “Kitabi-Dədə Qorqud”un Drezden və Günbəd nüsxələrindən başlayaraq, “Dastani-Əhməd Hərami”, Qul Əlinin “Qisseyi-Yusif” poeması, İbn Mühənna lüğəti, Qazi Bürhanəddin divanı, Mustafa Zəririn tərcümə əsərləri, Nəsimi, Rövşəni, Həbibi, Kişvəri, Şah İsmayıl Xətai, Füzuli, Qövsi Təbrizi, Vaqif, Vidadi və başqa klassiklərin əsərlərinə qədər geniş mənbənin araşdırma və təqdimata cəlb olunması lüğətin faktoloji əsasını möhkəmləndirir. Ümumilikdə, 60-a yaxın müəllif və tərcümə əsəri üzərində aparılan iş bu lüğətin elmi etibarlılığını və əhatə dairəsini artırır.
Bu leksikoqrafik əsər Azərbaycan dili tarixinin tədqiqində yeni mərhələ açır, ana dilimizin tarixi yaddaşını qorumaqla yanaşı, yeni türkoloji araşdırmaları aktuallaşdırır. Lüğətdə toplanmış arxaizmlər yalnız “köhnəlmiş sözlər” təsiri bağışlamır, onların tarixən necə istifadə edilməsi, dilçilik xüsusiyyətləri və müxtəlif dövrlərdə işləkliyinə də diqqət yetirilib.
“Türk mənşəli arxaizmlər lüğəti”nin hazırlanmasını Azərbaycan tarixi leksikoqrafiyası üçün növbəti yenilik kimi dəyərləndirən professor Nadir Məmmədli sonda bildirdi:
– Yeni lüğət normativ xarakter daşımır, burada çağdaş ədəbi dilin qaydaları deyil, orta əsr yazılı abidələrinin dil faktları əsas götürülüb. Bu isə onu klassik izahlı lüğətlərdən fərqləndirərək diaxron aspektli tarixi lüğət səviyyəsinə yüksəldir. Burada arxaizmin bütün növləri – leksik, semantik, fonetik və qrammatik arxaizmlər əhatə olunub. Belə bir yanaşma Azərbaycan dilinin tarixi leksikologiyası, semasiologiyası, morfologiyası, sintaksisi və fonetikası üçün zəngin faktoloji baza yaradır.
Lüğətin türkoloji elmi əhəmiyyəti də yüksəkdir. Lüğətdə toplanmış materiallar qədim və orta türk dili mərhələlərinin Azərbaycan yazılı ədəbi dilində necə yaşadığını, hansı sözlərin uzun müddət işlək qaldığını göstərir. Bu baxımdan lüğət yalnız Azərbaycan dilçiliyi üçün deyil, ümumilikdə türkoloji araşdırmalar üçün də etibarlı mənbə rolunu oynayır.
Sonda qeyd edim ki, “Türk mənşəli arxaizmlər lüğəti”ni türkoloji leksikoqrafiya ənənəsində xüsusi mövqeyə çıxaran cəhət onun Azərbaycan dilinin tarixi yazı ənənəsi ilə bağlı faktları da qorumasıdır. Lüğət təkcə ümumtürk söz xəzinəsini deyil, Azərbaycan yazılı ədəbi dilinin XIII-XVIII əsrlər mərhələsində qorunmuş türk mənşəli arxaik qatını sistemli şəkildə təqdim edir. Bu baxımdan lüğət həm milli, həm də ümumtürk əhəmiyyətli leksikoqrafik hadisədir: Bu böyükhəcmli, zəhmət və peşəkarlıq tələb edən layihənin həyata keçirilməsi yalnız fərdi elmi təşəbbüs deyil, həm də kollektiv elmi ənənənin nəticəsidir.
Hazırladı:
Tahir AYDINOĞLU