AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev iyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəmkir şəhərində keçirilən “Gənclər arasında dini maarifçilik: ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda keçirilən regional konfransda "Sosial medianın gənclərin mənəvi dünyagörüşünə təsirləri: təhdidlər və imkanlar" adlı məruzə ilə çıxış edib.
E.Mustafayev çıxış zamanı qeyd edib ki, müasir informasiya cəmiyyətində sosial media gənclərin mühakimə tərzinə, davranış modellərinə və dini-mənəvi baxışlarına təsir göstərən ən mühüm kommunikasiya vasitələrindən birinə çevrilib.
Məruzəçi rəqəmsal platformalarda maarifləndirmə, bilik mübadiləsi və milli-mənəvi dəyərlərin təbliği üçün geniş imkanlar yaradıldığını, bununla yanaşı, nəzarətsiz informasiya axınının, dezinformasiyanın, manipulyativ məzmun və radikal ideyaların sosial media vasitəsilə yayılmasının xüsusilə gənclərin mənəvi dünyagörüşünə mənfi təsir göstərə biləcəyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, bu mənada media və informasiya savadlılığı baxımından gənclərdə informasiya mənbəyini yoxlamaq, faktları təhlil etmək və manupilyasiyanı ayırd etmək bacarıqlarını inkişaf etdirmək qarşıda duran vacib məsələlərdən biridir.
E.Mustafayev bildirib ki, rəqəmsal təhlükəsizliyi təmin etmək üçün məsuliyyət bölünməlidir - ailə, təhsil müəssisələri, vətəndaş cəmiyyəti və dövlət qurumları arasında koordinasiya olunmuş birgə fəaliyyət təmin edilməlidir.
Məruzəçi bu qənaətini diqqətə çatdırıb ki, sosial media və rəqəmsal platformalar nə tamamilə müsbət, nə də tamamilə mənfidir. Peşəkar münasibət yalnız platformalardan istifadə mədəniyyətindən və istifdəçilərin media savadlılığından aslıdır. Gənclərdə tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi sosial medianın yaratdığı təhdidləri neytrallaşdıran və imkanları maksimuma çatdıran ən güclü qalxandır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.