Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və bu müəssisənin aparıcı elmi işçi, coğrafiya üzrə elmlər doktoru Stara Tarixazərin “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk” monoqrafiyası Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) “Büllur kompas” müsabiqəsinin elmi nailiyyət nominasiyasının qalibi olub. Azərbaycanlı alimlər “Finalçı diplomu” ilə təltif olunublar.
“Büllur kompas” müsabiqəsinin mükafatlandırma mərasimi mayın 13-də Rusiya Federasiyasının Krasnodar şəhərində keçirilib.
Müsabiqənin qəyyumlar şurasının sədri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, prezidenti isə Rusiyanın müdafiə naziri Sergey Şoyqudur.
Qeyd edək ki, RCC-nin coğrafiya, ekologiya, təbii, tarixi və mədəni irsin qorunması və təbliği məqsədilə 2012-ci ildən başlayaraq hər il təşkil etdiyi “Büllur kompas” müsabiqəsinin təşkilat komitəsinə bu il Rusiyadan, eləcə də Azərbaycan, ABŞ, Çin, Belarus, Ukrayna, Bolqarıstan, Polşa, Litva, Serbiya və Monqolustandan 315 layihə daxil olub, onlardan 33-ü 11 nominasiyada ekspert şurasından keçərək finala çıxıb.
Azərbaycan alimləri ilk dəfədir RCC-nin keçirdiyi belə mötəbər müsabiqədə iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.