Sentyabrın 4-5-də İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Lətif oğlu Osmanovun anadan olmasının 90 illiyinə həsr olunan “Tarixi Yerlər və Abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçiriləcək.
Sentyabrın 4-də Basqal Resort Hoteldə keçiriləcək elmi proqramda Azərbaycan və Türkiyədən alim və mütəxəssislərin məruzələri dinləniləcək. Simpoziumun açılışında AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Simpoziumun Təşkilat Komitəsinin sədri Dr. Fariz Xəlilli, Mersin Arxeologiya Muzeyindən Funda Yüksel Özer və Fazil Osmanovun ailəsi adından Lətif Osmanovun çıxışları nəzərdə tutulub.
Elmi məruzələr Fazil Osmanovun elmi irsi və Qafqaz Albaniyasının arxeologiyası; arxeoloji tədqiqatlar, tarixi yerlər və mədəni landşaft; tarixi-memarlıq, dini və epiqrafik irs; muzeylər, mədəni turizm, yerli icmalar və mədəni irsin davamlı inkişafı istiqamətlərini əhatə edəcək.
Sentyabrın 5-də iştirakçılar Sulut kəndində elmi-ekskursiya proqramına qatılaraq Sulut məscidi, buzxana, Mustafa xanın Hərəm qalası, Kələzeyvə türbələri və Xan qalası ilə tanış olacaqlar. Proqram çərçivəsində Fazil Osmanovun evinin ziyarəti də nəzərdə tutulub.
Həmin gün Simpoziumun onlayn elmi proqramı da keçiriləcək. Əvvəlcədən təqdim edilmiş videoməruzələr YouTube üzərindən canlı yayım formatında nümayiş etdiriləcək.
Simpozium Fazil Osmanovun elmi irsinin öyrənilməsi və təbliği ilə yanaşı, Azərbaycanın arxeoloji və tarixi-mədəni irsinin tədqiqi, qorunması və mədəni turizmə inteqrasiyası məsələlərinin müzakirəsini hədəfləyir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.