AMEA-nın Rəyasət Heyətinin binasında AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə ADA Universiteti tərəfindən çapa hazırlanan “Elektroenergetika və elektrik mühəndisliyinin izahlı terminlər lüğəti”nin müzakirəsi aparılıb.
Lüğət ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin baş müəllimi Orxan Kərimzadənin təşəbbüsü və ADA Universiteti Fondunun dəstəyi ilə hazırlanıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, hazırda elektroenergetika və elektrik mühəndisliyi sürətlə inkişaf edən, yeni texnologiyaların və elmi istiqamətlərin intensiv şəkildə tətbiq olunduğu sahələrdəndir. Terminologiya Komissiyasının sədri diqqətə çatdırıb ki, bərpa olunan enerji mənbələrinin, enerji saxlama sistemlərinin, ağıllı şəbəkələrin, rəqəmsal idarəetmə və avtomatlaşdırma sistemlərinin, elektrik nəqliyyatının, enerji səmərəliliyi texnologiyalarının və digər müasir istiqamətlərin inkişafı yeni terminlərin meydana çıxmasına və mövcud terminlərin məzmununun genişlənməsinə səbəb olur. Akademik İsa Həbibbəyli vurğulayıb ki, bu baxımdan təqdim olunan lüğət elektroenergetika və elektrik mühəndisliyi üzrə terminoloji bazanın zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Xüsusilə sistemləşdirilmiş terminoloji baza süni intellekt texnologiyalarının inkişafı baxımından önəmlidir. Elektroenergetika və elektrik mühəndisliyi üzrə süni intellekt əsaslı axtarış, sual-cavab və məsləhət sistemlərinin düzgün fəaliyyət göstərməsi üçün sahəyə aid terminlərin Azərbaycan dilində vahid və elmi əsaslandırılmış şəkildə təqdim edilməsi mühüm şərtlərdən biridir. Lüğətin elektron və strukturlaşdırılmış formatda hazırlanması gələcəkdə onun süni intellekt sistemlərinin, elektron tədris platformalarının və digər rəqəmsal informasiya resurslarının terminoloji məlumat bazası kimi istifadəsinə imkan verəcək”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, ümumilikdə, lüğət elektroenergetika və elektrik mühəndisliyi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın inkişafına, terminlərin düzgün və vahid istifadəsinə, tədris və elmi-tədqiqat fəaliyyətinin informasiya təminatının yaxşılaşdırılmasına xidmət edən əhəmiyyətli elmi-metodik vəsaitdir.
Tədbirdə çıxış edən Terminologiya Komissiyasının bölmə rəhbəri akademik Arif Həşimov lüğətin mühüm cəhətləri haqqında məlumat verib. Onun sözlərinə görə, lüğətin mühüm əhəmiyyəti elektroenergetika və elektrik mühəndisliyinin müxtəlif istiqamətlərini əhatə etməsidir.
Terminologiya Komissiyasının üzvü, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva isə çıxışında qeyd edib ki, terminlərin aydın və elmi əsaslarla izah edilməsi müxtəlif səviyyələrdə olan istifadəçilərin sahəyə aid anlayışları daha düzgün mənimsəməsinə imkan verir.
Daha sonra Terminologiya Komissiyasının sədr müavini filologiya elmləri doktoru, professor Sayalı Sadıqova lüğət haqqında məlumat verib. O bildirib ki, 5000-dən çox termini özündə birləşdirən bu lüğətdə terminlərin vahid yazılışının, dəqiq təriflərinin və mümkün olduqda terminlərarası əlaqələrin sistemli şəkildə təqdim edilməsi onun gələcəkdə elektron terminoloji baza kimi inkişaf etdirilməsi üçün baza yaradır.
Tədbirdə, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sima Quliyeva çıxış edərək lüğətdə əksini tapmış terminlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Sonda ADA Universitetinin İT və mühəndislik fakültəsinin baş müəllimi Orxan Kərimzadə çıxış edərək səsləndirilən təkliflərin nəzərə alınacağını deyib, müzakirələr üçün minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.