Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2026 18:50
  • A-
  • A
  • A+

AMEA Yer Elmləri Bölməsinin iclası keçirilib

AMEA Yer Elmləri Bölməsinin iclası keçirilib

AMEA-nın Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

İclasda “Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı” və Azərbaycan geologiya elminin proqramdan irəli gələn vəzifələri müzakirə edilib.

AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev tədbiri açaraq “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı” haqqında məlumat vermiş və onun Azərbaycan geologiya elminin qarşısında qoyduğu vəzifələrdən, ölkənin dağ-mədən və metallurgiya sənayesinin rəqabətqabiliyyətli inkişafının təmin edilməsində, ixracyönümlü yüksək texnologiyalı metallurgiya sənayesi üçün etibarlı xammal bazasının formalaşdırılmasında, iqtisadiyyatın qeyri-neft sektorunun əhəmiyyətli tərkib hissəsi olan bu mühüm sahədə dəyər zəncirinin dərinləşdirilməsində və istehsalının genişləndirilməsində elmi müəssisələrin iştirak istiqamətlərindən bəhs etmişdir.

AMEA Yer Elmləri Bölməsinin elmi katibi Sadıx Nəbiyev iclas iştirakçılarını proqramın əsas müddəaları ilə tanış etmiş, elmi tədqiqat müəssisələrinin və ali məktəblərin alim və mütəxəssislərin metallurgiya sənayesi üçün əhəmiyyət kəsb edən mövcud yataqlarda, perspektivli sahələrdə geoloji axtarış, kəşfiyyat, ehtiyatların qiymətləndirilməsi və dəqiqləşdirilməsi işlərinə daha geniş yer ayrılmasını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

AMEA-nın müxbir üzvü Tələt Kəngərli yeni, perspektivli faydalı qazıntı yataqlarının aşkar edilməsi və mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi üsullarının təkmilləşdirilməsi və yeni elmi metodlarının işlənilməsi, strateji əhəmiyyətli mineralların, o cümlədən nadir torpaq elementlərinin axtarışı üçün ölkədə geoloji kəşfiyyat işlərinin təşkilinin yaxşılaşdırılması və əhatəsinin genişləndirilməsi, müvafiq elmi tədqiqatların genişləndirilməsi üçün geologiya ixtisası üzrə tələbə qəbulunun və elmi kadr hazırlığının yaxşılaşdırılmasının vacib olduğunu vurğulamışdır. 

Geoloji məlumatların hazırlanması və təqdim edilməsi, perspektivli yataqlar üzrə geoloji kəşfiyyat nəticələrinin və mineral resursların ehtiyatlarının qiymətləndirilməsi üzrə beynəlxalq hesabatlılıq standartlarının və onların tətbiqi təcrübəsinin öyrənilməsi və təcrübəyə uyğunlaşdırılmasının əhəmiyyətindən danışan AMEA-nın müxbir üzvü Dadaş Hüseynov Naxçıvandakı boksit təzahürlərinin və nadir torpaq elementlərinin kompleks öyrənilməsinin, Geologiya İnstitutunun laboratoriya və cihaz bazasının yenilənməsi və təkmilləşdirilməsinin zəruri olduğunu qeyd etmişdir. 

AMEA-nın müxbir üzvü QurbanYetirmişli və AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev proqramda dağ-mədən və metallurgiya sənayesində beynəlxalq standartlara uyğun laboratoriyanın yaradılmasının nəzərdə tutulduğunu bildirmiş, bunun üçün müvafiq elmi kadr və elmi cihaz bazasına malik elmi tədqiqat müəssisələrinin, ali məktəblərin potensialından istifadə olunmasını təklif edərək, bu addımın gələcəkdə müvafiq sahə üçün peşəkar kadrların hazırlanmasında da əhəmiyyətli ola biləcəyini qeyd etmişlər.   

Çıxışlara qoşulan akademik İbrahim Quliyev elmi tədqiqatlarda rəqəmsal texnologiyaların və müasir geoloji kəşfiyyat texnologiyalarının, o cümlədən süni intellekt,  məsafədən monitorinq sistemləri, rəqəmsal əkiz (Digital Twin), avtomatlaşdırılmış mədən idarəetməsi və böyük verilənlərə əsaslanan analitik həllərin tətbiqinin genişləndirilməsi zərurətindən bəhs etmiş, Yer elmləri sahəsində ixtisaslaşmış elmi tədqiqat müəssisələrində və ali məktəblərin müvafiq profilli strukturlarında toplanmış geoloji məlumatların rəqəmsallaşdırılması və vahid mərkəzdə toplanması təklif etmişdir.

İclas iştirakçıları sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin olunması üçün elmi potensialın gücləndirilməsi, elm–təhsil–istehsal əməkdaşlığının genişləndirilməsi, ixtisaslı insan kapitalının formalaşdırılması, kadr hazırlığının sənayenin tələblərinə uyğunlaşdırılması, araşdırma və inkişaf fəaliyyətlərinin dəstəklənməsi, elmi tədqiqat planlarında, magistr dissertasiyalarının mövzularının müəyyən edilməsi prosesində tətbiqi elmi mövzulara geniş yer verilməsi, dağ-mədən (metal filizləri) və metallurgiya sənayesi üzrə elmi potensialın artırılması məsələləri ətrafında öz rəy və təkliflərini bildirmişlər.

Bölmənin iclasında “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”ından irəli gələn vəzifələrin Azərbaycan geologiya elminin 2027-2030-cu illər üçün prioritet istiqamətləri hesab edilməsi qərara alınmış, Azərbaycan Respublikasının geoloji öyrənilmə səviyyəsinin yüksəldilməsi, ölkədə dağ-mədən və metallurgiya sənayesinin etibarlı xammal bazasının formalaşdırılması və rəqabətqabiliyyətli inkişafını təmin edilməsi məqsədilə Yer elmləri sahəsində ixtisaslaşmış elmi tədqiqat müəssisələrinə və ali məktəblərin müvafiq profilli strukturlarına tövsiyələr qəbul edilmişdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: