Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.10.2026 15:00
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsini anıb

Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsini anıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 87-ci ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək A.İmanquliyevanın şərqşünaslıq elminə verdiyi misilsiz töhfələrdən danışıb, onun Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru kimi bu sahənin inkişafında böyük xidmətləri olduğunu qeyd edib.

Professor Aida İmanquliyevanın adının dünya şöhrətli şərqşünaslarla bir sırada çəkildiyini deyən akademik G.Baxşəliyeva görkəmli alimin Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olduğunu bildirib, ərəb filologiyası sahəsində bir məktəb yaratdığını vurğulayıb.

A.İmanquliyevanın elmi-təşkilati, pedaqoji fəaliyyətindən, tərcümələrindən, nüfuzlu beynəlxalq elmi tədbirlərdə Azərbaycan şərqşünaslıq elmini layiqincə təmsil etməsindən danışan akademik G.Baxşəliyeva, Aida xanımın həssas, xeyirxah insan olduğunu, şəxsi keyfiyyətləri və dərin elmi biliklərinin ona həmkarları arasında böyük hörmət və sevgi qazandırdığını qeyd edib.

Görkəmli alimin həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını söyləyən Gövhər xanım, Aida İmanquliyevanın əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.

Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova və başqaları çıxış edərək Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu deyiblər, görkəmli alimin itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: