Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2026 13:20
  • A-
  • A
  • A+

AMEA-nın elmi katibi Süni İntellekt Zirvəsi 2026-da iştirak edib

AMEA-nın elmi katibi Süni İntellekt Zirvəsi 2026-da iştirak edib

Bakıda, The Ritz-Carlton otelində ölkəmizdə ikinci dəfə keçirilən Süni İntellekt Zirvəsi 2026 baş tutub. «Uzadılmış indi» konsepti ilə təşkil olunan Zirvə dövlət və özəl sektor nümayəndələrini, elm və təhsil ictimaiyyətini, beynəlxalq ekspertləri, eləcə də texnologiya şirkətlərini bir araya gətirib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi katibi iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov iştirak edib.

Zirvənin əsas məqsədi süni intellekt sahəsində qlobal tendensiyaların, innovativ texnoloji həllərin və rəqəmsal transformasiya proseslərinin müzakirəsi, eləcə də dövlət, elm və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Proqram çərçivəsində əsas səhnə çıxışları, tematik sessiyalar, sənaye istiqamətləri üzrə müzakirələr, ustad dərsləri və interaktiv süni intellekt zonaları təşkil edilib. Tədbirdə süni intellektin müxtəlif sahələrdə tətbiqi, innovasiyaların inkişafı, rəqəmsal texnologiyaların gələcəyi və yeni əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

Zirvə iştirakçılarının məruzəçilərə sual və təkliflərini onlayn şəkildə ünvanlamasına imkan verən xüsusi müzakirə platformasından istifadə edən Coşqun Məmmədov süni intellektin əmək bazarına təsiri və gələcəkdə məşğulluğun qorunması məsələsini gündəmə gətirib. O, süni intellektin sosial həyatın, iqtisadiyyatın və istehsalın müxtəlif sahələrinə sürətlə nüfuz etməsinin yeni imkanlarla yanaşı, müəyyən sosial-iqtisadi risklər də yaratdığını vurğulayıb.

AMEA-nın elmi katibi xüsusilə süni intellektin insan əməyini əvəz etdiyi sahələrdə iş yerlərinin azalması və işsizliyin artması ehtimalına diqqət çəkərək, bu problemin həlli yolları ilə bağlı məruzəçilərə sual ünvanlayıb.

O, texnoloji tərəqqi ilə sosial rifah arasında tarazlığın təmin edilməsi, insanların məşğulluğunun qorunması, eləcə də dövlətlərin, özəl sektorun və elm-təhsil müəssisələrinin bu istiqamətdə üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda, gələcəyin iqtisadiyyatında süni intellektin insanı əvəz edən rəqibə, yoxsa onun imkanlarını genişləndirən vasitəyə çevriləcəyi məsələsini müzakirəyə çıxarıb.

Qeyd edək ki, Süni İntellekt Zirvəsi 2026 müasir texnologiyaların inkişafı, innovativ ideyaların təşviqi və müxtəlif sektorlar arasında tərəfdaşlıq əlaqələrinin qurulması baxımından mühüm platforma kimi çıxış edir. Bu cür tədbirlər elmi biliklərin praktiki tətbiqinə, rəqəmsal transformasiya prosesinin sürətlənməsinə və ölkəmizin texnoloji inkişafına töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: