Noyabrın 19-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş “Müasir Azərbaycan fəlsəfəsinin ümumdünya fəlsəfi cərəyanları ilə əlaqəsi: ideyalar və təsirlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə iştirakçıları və qonaqları salamlayaraq Ümumdünya Fəlsəfə Günü münasibətilə təbriklərini çatdırıb. O, bu əlamətdar günün fəlsəfi düşüncənin, mənəvi dəyərlərin və intellektual dialoqun inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, Fəlsəfə Günü artıq 24 ildir institutda qeyd olunur və bu ənənə fəlsəfi fikrə, elmi müzakirələrə və düşüncə mədəniyyətinə verilən önəmin ifadəsidir. Professor fəlsəfənin yalnız nəzəri bilik sahəsi olmadığını, həm də insan həyatının, dünyagörüşünün və cəmiyyətin mənəvi inkişafının mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, xarici qonaqların Azərbaycan haqqında təəssüratlarına da toxunaraq beynəlxalq elmi əlaqələrin və fikir mübadiləsinin əhəmiyyətini qeyd edib.
Professor İlham Məmmədzadə “Şüur, çoxmədəniyyətlilik və süni intellekt” mövzusu ətrafında fikirlərini bölüşərək insan şüurunun formalaşmasında milli-mənəvi dəyərlərin və mədəni müxtəlifliyin roluna toxunub. Süni intellektin inkişafının insan təfəkkürünə, mədəniyyətlərarası münasibətlərə və etik məsuliyyət prinsiplərinə təsirini təhlil edən alim müasir texnoloji dəyişikliklər şəraitində insan amilinin, mənəvi dəyərlərin və mədəni irsin qorunmasının vacibliyini vurğulayıb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin siyasi irsində azərbaycançılıq və dövlətçilik fəlsəfəsi” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas istiqamətlərindən və milli ideologiyanın formalaşmasında azərbaycançılıq məfkurəsinin rolundan bəhs edib. O, Heydər Əliyevin siyasi irsində milli birlik, dövlət müstəqilliyinin qorunması və milli-mənəvi dəyərlərin inkişafı prinsiplərinin mühüm yer tutduğunu bildirib. Həmçinin azərbaycançılıq ideologiyasının müasir Azərbaycanın siyasi, ictimai və mənəvi inkişafındakı strateji əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra konfrans xarici və yerli alimlərin məruzələri ilə davam edib.
Kembric Universitetindən (Böyük Britaniya) professor Siddharth Shanker Saxena “Globalizing Local Understanding of Fragility in Eurasia” (“Avrasiyada kövrəklik fenomeninin yerli kontekstdən qlobal müstəviyə daşınması”), Londondan (Böyük Britaniya) doktor Neil Watson “The Philosophy of Dialogue: Shared Values, Intellectual Cooperation and the Future of Azerbaijan–UK Relations” (“Dialoq fəlsəfəsi: ortaq dəyərlər, intellektual əməkdaşlıq və Azərbaycan–Böyük Britaniya münasibətlərinin gələcəyi”) mövzularında çıxış ediblər.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Könül Bünyadzadə “Mavlana Cəlaləddin Rumi və fəlsəfi fikrin təkamülü: klassik sufizmdən müasir fenomenologiyaya” mövzusunda məruzə ilə çıxış edib.
ABŞ-ın Amerika Katolik Universitetinin Buş Biznes Məktəbinin Strategiya, Menecment və Əməliyyatlar Departamentindən doktor Mark Mixalski “Phenomenon of AI and Phenomenon of Man: Will Transcending Technological Mediation Change Our Lives for the Better?” (“Süni intellekt fenomeni və insan fenomeni: texnoloji vasitəçiliyi aşmaq həyatımızı daha yaxşıya doğru dəyişəcəkmi?”) mövzusunu təqdim edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Müasir Azərbaycan fəlsəfəsi: professor İlham Məmmədzadə və professor Əbülhəsən Abbasovla dialoq”, şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev “Mədəniyyətlərarası dialoqda qeyri-zorakı metodlar”, şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva isə “Hermenevtika paradiqması və metodoloji çağırışlar: Azərbaycan fəlsəfəsi tarixində metainterpretasiya problemi” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda Azərbaycan fəlsəfi fikrinin dünya fəlsəfi ənənələri ilə qarşılıqlı əlaqələri, müasir fəlsəfənin aktual problemləri, süni intellektin insan və cəmiyyət həyatına təsiri, mədəniyyətlərarası dialoq, milli fəlsəfi irsin öyrənilməsi və beynəlxalq elmi əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, məruzələr ətrafında müzakirələr keçirilib və beynəlxalq elmi dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.