Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.07.2016 21:36
  • A-
  • A
  • A+

Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın tarixi abidələri ilə tanış olublar

Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın  tarixi abidələri ilə tanış olublar

“Naxçıvan” Universitetində keçirilən “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının iştirakçıları muxtar respublikanın möhtəşəm tarixi abidələri ilə tanış olublar.

Öncə tədbir iştirakçıları Naxçıvanın Şahbuz rayonunu gəzərək burada yerləşən Batabat gölü ve bir sıra tarixi qalalara baş çəkiblər. Rayonun ərazisində aparılan yenidənqurma, quruculuq və abadlıq işləri, milli və müasir arxitekturalı binalar, ticarət mərkəzləri, qədim üslubda meydanlar qonaqların böyük marağına səbəb olub.

Sonra konfrans iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Kompleks bələdçisinin verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının (NMR) ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqala xüsusi əhəmiyyətə malikdir. Qala müdafiə məqsədi daşımaqla yanaşı, həm də burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. 2010-cu ildə Naxçıvanqala bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə NMR Ali Məclisi Sədri Vasif Talıbovun 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.

Beynəlxalq konfransın iştirakçıları “Əlincəqala” Muzeyi və tarixi abidəsi ilə də tanış olublar. Bildirilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.

Qeyd olunub ki, bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Bu gün Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, dövlətçiliyinin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.

Qonaqlar Gülüstan türbəsini də ziyarət ediblər. Bildirilib ki, bu yaxınlarda bərpa olunmuş Gülüstan türbəsi dünyanın ən əhəmiyyətli daşınmaz mədəniyyət abidələrindən biridir. Memarlıq-konstruktiv quruluşuna görə digər türbə tipli memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan tikililəri içərisində özünəməxsus yer tutur.

Gülüstan türbəsi ətrafındakı abidələrdən əldə olunmuş arxeoloji materiallar, xüsusən də keramika nümunələri, tikili qalıqları istər yaşayış yerinin tarixinin müəyyənləşdirilməsi, istərsə də türbə ilə bağlı elmi araşdırmaların daha dərindən aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu da yaradılıb. Abidənin ətrafında abadlıq işləri aparılıb, işçilər üçün inzibati bina tikilib, yaşıllıqlar salınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: