Oktyabrın 29-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsinin təşkilatçılığı ilə Kürdəmir rayonunda Mahmud ağa Məmmədzadənin 190 illik yubileyinə həsr olunan “Mahmud ağa məclisi” adlı tədbir keçirilib.
Görkəmli şair, maarifçi Seyid Əzim Şirvaninin “Beytüs-səfa” ədəbi məclisinin dəstəkçisi və himayəçisi olmuş Mahmud ağa Məmmədzadənin yubiley məclisində respublikanın tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.
Tədbirin aparıcısı muzeyin Aran Regional Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Mahmud ağa Məmmədzadənin XIX əsrdə Şirvan-Şamaxı ədəbi-mədəni mühitində gördüyü işlərdən, şirvan ziyalılarının yetişməsindəki müstəsna rolundan bəhs edib. O, Mahmud ağa Məmmədzadənin Azərbaycanın, xüsusilə də Şirvan ədəbiyyatı, mədəniyyəti, incəsənəti, etnoqrafiyasının dünyanın bir çox ölkələrində təbliği istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb.
Yubiley məclisində Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin sədri, professor Seyfəddin Qəniyev, respublikanın əməkdar artisti Eldost Bayram və digərləri çıxış edərək Mahmud ağa Məmmədzadənin yaradıcılığına qısa nəzər salıblar, onun fəaliyyətini yüksək dəyərləndiriblər.
Tədbir çərçivəsində, həmçinin Mahmud ağa haqqında çəkilmiş sənədli filmdən epizodlar da nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir