Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2016 14:34
  • A-
  • A
  • A+

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalanıb

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalanıb

Noyabrın 16-da Akademiyanın Rəyasət Heyətində AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Tədbirdə Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələr və görüləcək tədbirlər müzakirə olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu sənəd müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına xidmət edəcək. Onun sözlərinə görə, AMEA tərəfindən Sərəncamın icrası ilə əlaqədar Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görüləcək.

İİTKM ilə imzalanacaq memorandumun əhəmiyyətindən danışan akademik Akif Əlizadə bildirib ki, tərəflər memorandum çərçivəsində elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, birgə islahat təşəbbüsləri üzrə faydalı münasibətlər qurmağa və inkişaf etdirməyə çalışacaqlar.

A.Əlizadə bu gün Akademiyanın çox geniş imkanlara malik olduğunu vurğulayaraq, son zamanlar qurumun infrastrukturunun təkmilləşdirildiyini diqqətə çatdırıb.  Ölkə iqtisadiyyatının əsas etibarilə elmin inkişafından asılı olduğunu qeyd edən alim rəhbərlik etdiyi qurumda elm və kommersiyanın birgə fəaliyyətinin təşkili istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. 

Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı “Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu və iqtisadi islahatlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəsində dünya iqtisadiyyatında elmi araşdırmalara 2 trilyon ABŞ dollarından artıq vəsait xərcləndiyini deyən Vüsal Qasımlı Azərbaycanda həm dövlət, həm də özəl sektorun idarəetmə, bio, nano, informasiya, kommunikasiya, sənaye, maliyyə və başqa sahələrdə qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşaraq rəqabət qabiliyyətini yüksəldəcəyinə əminliyini bildirib. İcraçı direktor vurğulayıb ki, qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, həm də onu idarə edən insan kapitalının formalaşdırılması, ümumilikdə təfəkkür tərzinin yeni qlobal çağırışlar və meyllərə uyğun inkişafı həyata keçiriləcək.

V.Qasımlı qabaqcıl texnologiya və insan kapitalının daha yüksək əlavə dəyərlər yaratdığını qeyd edib: “Azərbaycanın elmi potensialı qlobal trendlərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verəcək. Ölkəmiz biliklər iqtisadiyyatı quruculuğu istiqamətində islahatları bundan sonra da davam etdirəcək”. 

O, Akademiyada biliklər iqtisadiyyatının qurulması, yüksəkixtisaslı kadr hazırlığı, o cümlədən elm və biznesin birgə inkişafı istiqamətində həyata keçirilən innovativ tədbirləri yüksək qiymətləndirib.

Məruzəçi AMEA-nın Yüksək Texnologiyalar Parkının ölkəmizdə elmin kommersiyalaşdırılması istiqamətində atılan müsbət bir addım olduğunu xüsusi vurğulayıb. İki qurum arasında qurulan əməkdaşlıq əlaqələrinin ölkədə biliklər iqtisadiyyatı quruculuğuna öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Daha sonra mövzu ətrafında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digərləri çıxış edərək imzalanacaq memorandumun gələcəkdə də iki qurum arasında əməkdaşlığın inkişafına və birgə mühüm tədbirlərin həyata keçirilməsinə təkan verəcəyini bildiriblər. Qeyd ediblər ki, son zamanlar AMEA-da həyata keçirilən islahatlar istehsalat və texnologiya yönümlü Akademiya şəhərciyinin yaradılmasını zəruri etmişdir.

Tədbirdə, həmçinin AMEA-nın regional mərkəzlərində Yüksək Texnologiyalar Parkının filiallarının yaradılması ilə bağlı təklif də irəli sürülüb. 

Sonda AMEA ilə İİTKM arasında memorandum imzalanıb. Sənədi akademik Akif Əlizadə və iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: