Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2016 16:18
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncamın icrasına dair məsələlər müzakirə olundu

AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncamın icrasına dair məsələlər müzakirə olundu

22 noyabr 2016-cı il tarixdə AMEA-nın Təcrübə-Sənaye Zavodunda Akademiyanın elmi müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirildi.

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər barədə məlumat verərək, iclasın ölkə Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixdə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması” haqqında Sərəncamın icrasına dair məsələlərin müzakirəsinə həsr olunduğunu bildirdi.  

Akademik Akif Əlizadə YTP-nın AMEA-nın bugünkü inkişafı və gələcək fəaliyyəti üçün yaratdığı imkanlardan söz açdı. O, sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi və hər bir alimin bu prosesdə fəal iştirakının birbaşa Azərbaycan elminin inkişafına xidmət etdiyini vurğuladı. Qeyd etdi ki, texnologiyalar parkının yaradılması AMEA-da dünya üzrə prioritet elmi istiqamətlərdə araşdırmaların aparılmasına təkan verəcək, bu sahədə daha mühüm nailiyyətlərin əldə edilməsinə geniş imkanlar yaradacaq.

Sonra AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev çıxış edərək Təcrübə-Sənaye Zavodunun (TSZ) yaranma tarixi və fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, zavod 1974-cü ildə fəaliyyətə başlamışdır. Müasir dövrdə burada istehsal olunan məhsulların dünya bazarlarına çıxarılması üçün konkret addımlar atılır. Bir sıra yerli və xarici müəssisə və təşkilatlarla müqavilələr imzalanır. 

F.Abdullayev TSZ-nın akademiya rəhbərliyinin təşəbbüsü ilə müasir texnoloji avadanlıq və xammal bazası ilə təmin olunması nəticəsində məhsul istehsalında çeşidlərin artırılması ilə yanaşı, hazırda məhsulların müxtəlifliyi və keyfiyyətinin də artmaqda olduğunu qeyd etdi.

Sonra AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev “AMEA-da innovasiya və elmin kommersiyalaşdırılması fəaliyyəti” mövzusunda təqdimatla çıxış etdi. AMEA-da Yüksək Texnologiyalar Parkının yaradılmasını Azərbaycan elmi, o cümlədən akademiyanın fəaliyyəti üçün mühüm hadisə kimi qiymətləndirdi.

O, texnopark ekosisteminin baza prinsiplərindən söz açaraq bildirdi ki, buraya biznes inkubasiya prosesi, inzibati dəstək və güzəştlər, maliyyə xidmətləri, qrantlar, kreditlər, hüquqi dəstək xidmətləri və s. aiddir. Qeyd etdi ki, sərəncamda nəzərdə tutulduğu kimi, YTP-nın məkanı AMEA Təcrübə Sənaye Zavodunun ərazisidir.

Məruzəçi rəhbərlik etdiyi şöbənin fəaliyyəti və əsas vəzifələrindən də söz açdı. Bildirdi ki, əsas məqsəd respublikada elmin inkişafı, elmi-tədqiqat işləri, innovasiya layihələri istiqamətində müvafiq ictimai, özəl və ya beynəlxalq institutlarla əməkdaşlıq edilməsi, texnologiyaların transferi və elmin kommersiyalaşdırılmasının təmin edilməsidir.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Müəllif hüquqları və patent şöbəsinin müdiri Sadıx Nəbiyev çıxış edərək AMEA-da patent sahəsində mövcud vəziyyət və problemlərdən söz açdı. Bildirdi ki, hazırda Akademiyada qüvvədə olan 381 patent mövcuddur ki, onların da əksəriyyəti Kimya Elmləri Bölməsinə aiddir.

Hər il AMEA-nın təxminən 30-40 patent əldə etdiyini vurğulayan S.Nəbiyev patentlərə lisenziyaların verilməsi və onların istehsalatda tətbiqini sürətləndirmək üçün zəruri tədbirlərin görüldüyünü və bu istiqamətdə fəaliyyətin genişləndirildiyini diqqətə çatdırdı.

TSZ-nın direktoru Vasif Abbasov öz çıxışında zavodun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Bildirdi ki, bu gün zavodda Avropa və dünya standartlarına cavab verən məhdud miqdarda sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılmışdır. Burada istehsal edilən məhsul nümunələri son vaxtlar respublikamızda müxtəlif fond və təşkilatlar tərəfindən təşkil edilmiş sərgi pavilyonlarında nümayiş etdirilir. Həmçinin qeyd etdi ki, bu gün zavodun potensialı respublika üzrə 60-70 faiz məhsulu istehsal etməyə imkan verir.

Daha sonra TSZ-nın əməkdaşları zavodda hazırlanan bir sıra müasir texnoloji avadanlıq nümunələrini təqdim edərək, onların tətbiq sahələri və istifadə qaydaları haqqında məlumat verdilər.

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim ƏliquliyevBiologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman ƏmiraslanovNeft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və başqaları çıxış edərək müzakirə olunan məsələlərin Yüksək Texnologiyalar Parkının istismarı ilə bağlı qarşıda duran vəzifələrin həyata keçirilməsinə mühüm töhfə olduğunu qeyd etdilər, bir sıra təkliflər səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: