AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) bu quruma yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatı keçirilib.
Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova MEK-də milli dəyərlərin təbliği istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. O, MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası barədə məlumat verərək bildirib ki, məqsəd ölkəmizdə və onun hüdudlarından kənarda tariximizə dair mövcud olan məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa daxil etmək, arxivləşdirmək və oxucuların istifadəsinə verməkdir.
L.İmanova MEK-in əməkdaşları tərəfindən Vikipediya virtual ensiklopediyasında 20 Yanvar və “Aprel döyüşləri” şəhidlərinə, Milli Qəhrəmanlara həsr olunan səhifələrin yaradıldığını, hazırda burada toplanan məlumatların zənginləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. O, yaxın günlərdə Xocalı soyqırımı qurbanlarına həsr olunan Vikipediya səhifəsinin də yaradılacağını qeyd edib.
Kitabxananın fondlarında xarici dillərdə olan mənbələrin saxlanıldığını söyləyən MEK-in direktoru onların araşdırılması, tərcüməsi və çap edilməsinə böyük ehtiyac olduğunu bildirib.
Sonra çıxış edən Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü son aylar ərzində MEK-də təşkil olunan təqdimatların cəmiyyət tərəfindən böyük maraqla qarşılandığını söyləyib. O, kitabxanada keçirilən tədbirlərin bu qurumun rəsmi mek.az saytında üç dildə operativ olaraq işıqlandırıldığını qeyd edib.
Daha sonra Fondların formalaşdırılması şöbəsinin əməkdaşı Aysel İbrahimli yanvar ayı ərzində MEK-ə daxil olan sənədlərlə (kitab, jurnal, dissertasiya, avtoreferat və s.) bağlı təqdimatla çıxış edib. Bildirib ki, MEK-ə yanvar ayı ərzində 123 kitab, 185 jurnal, pulsuz məcburi nüsxə olaraq 177 kitab, 68 jurnal, 2 dissertasiya, 3 avtoreferat hədiyyə olunub. O, quruma daxil olan kitab və jurnallar barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, filologiya üzrə fəlsəfə doktoru Lütfiyyə Əsgərzadə, Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, yazıçı Qismət Rüstəmov və başqaları çıxış edərək MEK-in gördüyü işləri yüksək qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.