AMEA Mərkəzi Elmi Kitabxanasında litvalı müəlliflər Alqimantas Liyekisin "Millətlərin Qafqazda köçü 20-ci əsr" və Qintaras Visotkasın "Qara bağın faciəsi" kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri açan İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirib ki, "Millətlərin Qafqazda köçü 20-ci əsr" kitabı Litvada Azərbaycan haqqında çap olunmuş ilk əsərdir. Dağlıq Qarabağ münaqişəsinin Avropa dəyərlərini təmsil edən ölkənin nümayəndələri tərəfindən araşdırılmasını mühüm hal adlandıran N.Axundova nəşrlərdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror, etnik təmizləmə və kütləvi qırğınlardan, həmçinin ərazilərimizin işğalından bəhs olunduğunu bildirib.
Sonra Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə çıxış edərək kitabların erməni yalanlarının ifşa edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.
"Millətlərin Qafqazda köçü 20-ci əsr" kitabının müəllifi Alqimantas Liyekis çıxışında bildirib ki, əsərdə azərbaycanlıların qədim zamanlardan bəri öz doğma torpaqlarında yaşadıqlarını sübut edən faktlar, Azərbaycanın qədim dövlətçilik ənənələri işıqlandırılıb. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Osmanlı, İran ərazilərindən köçürüldüyünü deyən A.Liyekis SSRİ dövründə Azərbaycan torpaqlarının "erməniləşdirilməsi" prosesinin aparıldığını bildirib. O, azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya edilmələrinin kitabda faktlarla əks olunduğunu vurğulayıb.
"Qara bağın faciəsi" kitabının müəllifi Qintaras Visotkas isə əsərində Azərbaycan, Ermənistan, o cümlədən Türkiyə ilə münasibətlərə publisistik yanaşmanın əks olunduğunu bildirib. Dağlıq Qarabağ və ətraf rayonların bütün beynəlxalq normalar pozularaq Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox dinc azərbaycanlı sakinin öz yurdlarından qaçqın düşdüyünü deyən müəllif qeyd edib ki, kitabın hazırlanmasında əsas məqsəd Litva cəmiyyətində Azərbaycana, Qarabağa aid ermənilər tərəfindən törədilə biləcək informasiya, ideoloji təxribatların qarşısını almaqdır.
Təqdimatda tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, tarix üzrə elmlər doktorları İradə Bağırova, Sevinc Əliyeva və başqaları çıxış edərək Ermənistanın təcavüzkar siyasətinin region dövlətləri üçün yaratdığı təhlükədən, regionda sabitliyin bərqərar olmasına qarşı törətdiyi maneələrdən danışıblar. İctimaiyyətə təqdim olunan hər iki əsəri mühüm tarixi tədqiqat nümunəsi kimi yüksək qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.