AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında latın qrafikası ilə çap olunan və kitabxanada saxlanılan nəşrlərin təqdimatı keçirilib.
Tədbirdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ölkə başçısının Sərəncamları ilə nəşr edilən kitabların çoxunun Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini bildirib. Alim gələcəkdə müəllif hüquqlarının qorunması şərti ilə nəşr olunacaq sənədlərin PDF variantlarının bazaya daxil edilməsi istiqamətində işlərin aparıldığını söyləyib.
MEK-in Vikipediya qrupundan söz açan L.İmanova qeyd edib ki, qrup tərəfindən Qarabağ müharibəsi, Aprel döyüşləri və 20 Yanvar hadisələrində həlak olmuş şəhidlərimizin adları, onlar haqqında məlumatlar Vikipediyada yerləşdirilib.
Sonra kitabxananın Fondların mühafizəsi bölməsinin rəhbəri Xuraman İsmayılova çıxış edərək kitabların latın qrafikası ilə nəşr olunmasının Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyətinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib.
X.İsmayılova Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə 9 milyondan artıq kitabın nəşr edilərək kitabxanalara göndərildiyini qeyd edib.
Tədbirdə MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, “Respublika Xatirə Kitabı”nın baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova, “Söz” jurnalının redaktoru Sevda Əlibəyli və digərləri çıxış edərək Sərəncamın əhəmiyyətindən danışıblar.
Sonda Azərbaycan Prezidentinin Sərəncamı əsasında nəşr olunmuş kitablara dair slayd nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.