Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2017 09:38
  • A-
  • A
  • A+

İslam İnkişaf Bankının təşkilatı olan ICD ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

İslam İnkişaf Bankının təşkilatı olan ICD ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev 14-18 may 2017-ci il tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam İnkişaf Bankı İdarə Heyətinin 42-ci toplantısında iştirak edib.

2000-dən çox iştirakçının qatıldığı toplantıda üzv ölkələrdə təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, bu sahədə təcrübə mübadiləsi, təşəbbüs və innovativ fikirlərin paylaşılması, özəl sektorla əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

Səfər çərçivəsində Vüqar Babayev İslam İnkişaf Bankının törəmə təşkilatı olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş icraçı direktoru Xalid əl Əbudi ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri barədə məlumat verən V.Babayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan bu Park elmi-tədqiqat işlərinin innovativ məhsullara çevrilməsi və kommersiyalaşdırılması sahəsində böyük əhəmiyyətə malikdir. YTP-nin direktoru milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək təmsil etdiyi qurumun əsas məqsədidir.

ICD-nin baş icraçı direktoru Xalid əl Əbudi bildirib ki, özəl müəssisələrin yaradılması, inkişafı və müasirləşdirilməsi məqsədilə üzv ölkələr arasında investisiya axınını genişləndirmək və onları iqtisadi inkişafa təşviq etmək rəhbərlik etdiyi qurumun prioritet məsələlərindən biridir.

Sonra ICD ilə AMEA YTP arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumda birgə əməkdaşlıq çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: