Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Müasir Azərbaycan dilini necə bilirik? Problemin qoyuluşu və həlli yolları" mövzusunda məruzə ilə çıxış edib.
Akademik bildirib ki, mühüm geosiyasi mövqeyə malik Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin, dillərin kəsişmə nöqtəsi olduğuna görə multikultural və çoxdilli ölkə kimi tanınır. Qloballaşan dünyada dillərin bir-birinə qarşılıqlı təsiri və zənginləşmə prosesinin özünü daha güclü şəkildə göstərdiyini deyən bölmənin akademik-katibi müxtəlif amillərin, təbii-coğrafi, siyasi-iqtisadi şəraitin təsiri altında bir sıra qədim və müasir dillərin məhv olduğunu nəzərə çatdırıb.
Məruzəçi müstəqillik dövründə Azərbaycan dilinin saflığına həmişə diqqət və qayğı göstərildiyini vurğulayıb: "Ulu öndər Heydər Əliyev dövlət dilinin qorunmasına müstəqil dövlət quruculuğunun prioritet istiqaməti kimi yanaşıb, dilimizlə bağlı dərin məzmunlu fikirlərində Azərbaycan ədəbi dilinin saflığının təmin edilməsinə xüsusi diqqət yetirib. Prezident İlham Əliyev Ümummilli liderin dil siyasətini inamla davam etdirərək Azərbaycan dilinin tədrisinin və tədqiqinin yaxşılaşdırılması, işləkliyinin genişləndirilməsi və saflığının qorunmasını təmin edib".
Müasir zamanda dilimizə sirayət edən ən təsirli mənbənin kütləvi informasiya vasitələri olduğunu söyləyən akademik son illər bu sahədə dövlət səviyyəsində görülən işlərdən danışıb: "Dil siyasəti dövlət səviyyəsində nəzarətdə saxlanılır və Milli Televiziya və Radio Şurası tərəfindən bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdə AMEA-nın alim və mütəxəssisləri yaxından iştirak edirlər. Qarşıda görüləcək işlər çoxdur. Bu işlərin böyük bir hissəsi Akademiyanın, Humanitar Elmlər Bölməsinin, Dilçilik İnstitutunun üzərinə düşür".
Hər bir dilin fonetik, morfoloji, leksik və sintaktik səviyyələrdən ibarət olduğunu deyən Teymur Kərimli dilimizdə bu istiqamətlərdə rast gəlinən pozuntular haqqında geniş məlumat verib, problemlərin aradan qaldırılması üçün müəyyən mexanizmin hazırlanmasının vacibliyini vurğulayıb. Akademik məruzəsinin sonunda dilimizin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün təkliflər səsləndirib.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyəti ilk mərhələdə AMEA-nın magistrant və doktorantları üçün "Ana dilimizi necə bilirik" adlı müsabiqənin keçirilməsi haqqında qərar qəbul edib. Həmçinin, bölməyə küçə reklam, elan və afişalarda dil pozuntularının aradan qaldırılması ilə bağlı Dilçilik İnstitutunun Monitorinq şöbəsinin məlumatları əsasında cərimələrin tətbiq edilməsi mexanizminin hazırlanması məqsədilə yuxarı instansiyalara müraciət edilməsi, orta və ali məktəblərdə "Ritorika" fənninin keçirilməsi problemi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə məsləhətləşmələrin aparılması, müəssisələrdə işə qəbul zamanı Azərbaycanlılardan və başqa etnik qrupların nümayəndələrindən dövlət dilindən lazımi səviyyədə imtahan götürülməsi və inşa yazılması barədə müvafiq dövlət təşkilatları qarşısında vəsatətin qaldırılması ilə bağlı tövsiyələr verilib. Qərarda "Azərbaycan dilinin orfoepiya lüğəti"nin təkmilləşdirilərək böyük tirajla çapı və yayımı, "Nitq mədəniyyəti” monoqrafiyasının yenidən işlənilmiş nəşrinin hazırlanmasına dair tapşırıqlar yer alıb.
Mövzu ətrafında çıxış edən Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev AMEA Rəyasət Heyətində Azərbaycan dili ilə bağlı məsələyə baxılmasını yüksək dəyərləndirib. Bildirib ki, dil məsələsi təkcə dilçi alimlərin diqqət mərkəzində olmamalı, elmin müxtəlif istiqamətlərində məşğul olan bütün alimlər bu sahədə öz fikirlərini bildirməlidirlər.
Mövzu ətrafında çıxış edən Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev AMEA Rəyasət Heyətində Azərbaycan dili ilə bağlı müzakirələrin aparılmasını yüksək qiymətləndirib. Alimin sözlərinə görə, dil məsələsi təkcə dilçi alimlərin diqqət mərkəzində olmamalı, elmin müxtəlif istiqamətlərində məşğul olan bütün alimlər bu sahədə öz fikirlərini bildirməlidirlər.
Daxili nitqimizə müxtəlif dillərin təsirindən danışan akademik K.Abdullayev başqa dillərdən Azərbaycan dilinə daxil olan sintaktik ibarələr, yad ifadələr ilə bağlı fikirlərini səsləndirib. Qeyd edib ki, buraya nitqimiz üçün məqbul, dilimiz üçün qeyri-məqbul sayacağımız hallar daxildir: “Bu kimi sözlərin dilimizdən çıxarılmasını qanunla nizamlamaq mümkün deyil. Dilin inkişafı, funksiyası və fəaliyyəti yalnız dilin özünün daxili qayda-qanunları ilə baş verir. Lakin nitqimizi düzəltmək öz əlimizdədir”.
Çıxışının sonunda akademik K.Abdullayev AMEA-nın institut və təşkilatlarında, müxtəlif elmi müəssisələrdə dil ilə bağlı müzakirələrin aparılmasının zəruriliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.