Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.07.2017 21:24
  • A-
  • A
  • A+

“AMEA Yüksək Texnologiyalar Parkı elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platformasına çevriləcək”

“AMEA Yüksək Texnologiyalar Parkı elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platformasına çevriləcək”

Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının mühüm hədəflərindən biri respublikamızda biliklər cəmiyyətinin qurulmasıdır. Bunun üçün ən mühüm faktor sosial tərəqqi modeli kimi "elm-təhsil-istehsalat qızıl üçbucağı"nın yaranmasına nail olmaqdır. Bu isə elm və təhsilin tədris prosesində, texnoparklarda, elmi tədqiqat laboratoriyalarında birgə iştirakını, həmçinin kadr potensialının və maddi-texniki bazanın imkanlarının məqsədyönlü koordinasiyasını tələb edir.

Ötən ilin dekabr ayında keçirilən AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasının nəticələri bunu bir daha təsdiqlədi. Sessiyada səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq, elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planı qəbul olunub. Sənədin mühüm bəndlərindən biri AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor imkanlarının ali təhsil müəssisələri ilə əməkdaşlıq platformasına çevrilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsidir.

Belə tədbirlərdən biri iyulun 24-də AMEA Yüksək Texnologiyalar Parkında AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Rəyasət Heyəti, təhsil naziri Mikayıl Cabbarov və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin iştirakı ilə baş tutub. Məqsəd AMEA YT Parkı, burada yaradılmış Texnologiyaların və İnnovasiya Məhsullarının Transferi Mərkəzi ilə, o cümlədən Parkın potensial rezidentlərinin fəaliyyəti ilə yaxından tanış olmaqdır.

Öncə AMEA Təcrübə-Sənaye Zavodunun və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Sonra tədbir iştirakçıları pilotsuz uçan aparatların istehsal sahələri, AMEA YT Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası, o cümlədən Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat və magistrantlarından ibarət qrupların yaradılaraq AMEA YT Parkda perspektiv layihələrə cəlb edilməsi tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə görüşün əhəmiyyətini qeyd edərək Yüksək Texnologiyalar Parkının Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən yaradıldığını xatırladıb. Akademik Akif Əlizadə AMEA-nın Parkda həyata keçirdiyi işlərdə göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib.

Akademik Akif Əlizadə vurğulayıb ki, AMEA və BMU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin açılışı gözlənilir. YT Parkda hələ bir çox işlərin görülməli olduğunu deyən akademik bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində mühüm nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib.

Təhsil naziri Mikayıl Cabbarov elm və təhsilin inteqrasiyasının, bu sahədə həyata keçirilən islahatların ölkəmizin davamlı inkişafındakı rolundan danışıb. Qeyd edib ki, hazırda biliklərin kommersiyalaşdırılması, istedadlı gənclərin biznes ideyalarının dəstəklənməsi istiqamətində bir sıra işlər görülür. Nazir bildirib ki, elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi YT Parkın imkanlarından geniş şəkildə istifadə etmək məqsədilə layihələr həyata keçiriləcək. M.Cabbarov nazirlik ilə YT Park arasında əməkdaşlıq mexanizmini müəyyənləşdirmək üçün İşçi Qrupunun yaradılacağını əlavə edib. Nazir ölkəmizdə təhsil və elm sahəsinə cavabdeh iki qurumun – Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının gələcəkdə də birgə əməkdaşlığının vacibliyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli,  AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: