Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.10.2017 13:14
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Akif Musayevin 70 illik yubileyinə həsr olunan konfrans keçirilib

AMEA-nın müxbir üzvü Akif Musayevin 70 illik yubileyinə həsr olunan konfrans keçirilib

Oktyabrın 12-də Mərkəzi Elmi Kitabxanada İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunan "Strateji iqtisadi islahatlar: qabaqlayıcı vergi siyasəti" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AMEA-nın İqtisadiyyat İnstitutu və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın elmi ictimaiyyəti, tanınmış iqtisadçılar, həmçinin Rusiya, Gürcüstan, Rumıniya və Serbiyadan olan alim və mütəxəssislər iştirak ediblər.

Konfransı giriş sözü ilə İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov açaraq alimin elmi tədqiqat fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, onun rəhbərliyi altında 35 fəlsəfə, 5 elmlər doktoru hazırlanıb. A.Musayevin Azərbaycandan kənarda da görkəmli iqtisadçı kimi tanındığını deyən N.İmanov alimin əsərlərinin Rusiya, Türkiyə, Macarıstan və digər ölkələrdə çap olunduğunu söyləyib.

İnstitutun direktoru daha sonra Akif Musayevin yeni çapdan çıxan biblioqrafik göstəricisini konfrans iştirakçılarına təqdim edib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbirin mövzusunun qabaqlayıcı vergi siyasətinə həsr edilməsinin təsadüfi olmadığını, A.Musayevin uzun illərdir bu istiqamətdə tədqiqatlar apardığını deyib. Bildirib ki, A.Musayev Azərbaycanda fiskal siyasətin iqtisadiyyatı sahəsində aparılan elmi tədqiqat işlərinin təşkilatçısı və rəhbəri, vergi sisteminin normativ hüquqi bazasının yaradılmasının əsas iştirakçı və təşkilatçılarından biridir. 

A.Musayevin vergilər sahəsindəki fəaliyyətinə toxunan AMEA-nın vitse-prezidenti alimin bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsində, perspektivlərinin müəyyənləşdirilməsində, həmçinin kadrların hazırlanmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov "Ali təhsildə islahatların strateji istiqamətləri", Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov "İnsan kapitalının formalaşmasının prioritet istiqamətləri", Rusiya Elmlər Akademiyasının (REA) Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun direktor müavini, REA-nın müxbir üzvü Georgi Kleyner “İqtisadi islahatlar, strateji planlaşdırma, dövlət tənzimləməsi: sistemli yanaşma”, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin əməkdaşı, akademik Vladimir Papava “Texnoloji yeniliklərin fiskal stimullaşdırılması” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans işini plenar iclaslarla davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: