M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Atatürk Mərkəzinin direktoru, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun Xalq yazıçısı Elçinin həyat və yaradıcılığına həsr etdiyi “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimatı olub.
Mədəniyyət və Turizm Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və ictimai xadimləri iştirak ediblər.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Xalq yazıçısı Elçinin bədii yaradıcılığının janr müxtəlifliyi onun ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir. Ədəbiyyata hekayəçi kimi gəlmiş Elçin 60-70-ci illərdə bu janrın böyük ustası kimi tanınaraq sonrakı onilliklərdə də hekayə yaradıcılığını yüksələn xətlə davam etdirib.
Böyük yazıçının bu gün də ədəbi axtarışda olduğunu deyən kitabxananın direktoru Elçinin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin materialların mövcudluğundan bəhs edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək akademik Nizami Cəfərovun müəllifi olduğu kitabı görkəmli yazıçının ədəbi fəaliyyətinə verilmiş yüksək dəyər kimi səciyyələndirib. “Müəllif burada yazıçının yaradıcılığını ədəbi dolğunluğu ilə təqdim edir. Bu kitab bizə Elçinin ədəbi fəaliyyətini təhlil etməyə və onun yaradıcılığı haqqında düşünməyə istiqamət verir. Görkəmli yazıçının yaradıcılığı uzun illər çoxsaylı tədqiqatlar mövzusu olaraq qalacaq”, - deyə nazir söyləyib.
Sonra Nizami adına Əlyazmalar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayevin ədibin yaradıcılığı və yeni kitabla bağlı geniş məruzəsi dinlənilib. Alim bildirib ki, Elçin ədəbiyyatımızın canlı klassiklərindədir. Monoqrafiyada yazıçının bütün yaradıcılığı təhlil olunub və yeni kontekstdən yanaşılıb. Müəllif kitabda yazıçının yaradıcılığını 3 mərhələdə təqdim edib - altmışlardan yetmişlərə, səksənlərdən doxsanlara və klassikin müasirliyi.
Elçinin yaradıcılığını yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca onun yaradıcılıq axtarışlarından danışıb. Görkəmli yazıçının yaradıcılığına yaxından bələd olduğunu söyləyən şair Elçini peşəkar ədəbiyyatçı kimi xarakterizə edib. Qeyd edib ki, Elçinin ictimai-siyasi fəaliyyətlə məşğul olması onu heç zaman yaradıcılıq axtarışlarından saxlamayıb.
Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Xalq şairi Nəriman Həsənzadə, Bakı Dövlət Universitetinin professorları Təhsin Mütəllimov, Cahangir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başaları çıxış edərək kitabın məziyyətləri, Elçinin yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılığından söz açıblar.
Bütün iştirakçılara və çıxışçılara minnətdarlığını bildirən müəllif, akademik Nizami Cəfərov kitabı hazırlayarkən Elçinin bütün əsərlərini yenidən mütaliə etdiyini deyib. Bildirib ki, Elçin Azərbaycanı dünya miqyasında təmsil edəcək ədiblərdəndir. Yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək.
Müəllifə minnətdarlığını bildirən Xalq yazıçısı Elçin qeyd edib ki, bu kitab ədəbiyyatşünaslıq ilə tənqidin kəsişdiyi nöqtənin ifadəsidir. Burada həm ədəbiyyatşünas tədqiqatına, həm də ədəbi tənqidə yer verilib.
Sonda iştirakçılar Xalq Yazıçısı Elçinin kitablarından ibarət sərgi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.