Dekabrın 8-də Böyük Britaniya Lordlar Palatasının məşhur “The Peers” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin (www.anglo-azerbaijani-society.com) ənənəvi illik Milad xeyriyyə yığıncağı, həmçinin Cəmiyyətin fəaliyyətə başlamasının 20 illik yubileyi qeyd edilib.
Tədbirdə Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord German, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, akademik Nərgiz Paşayeva, qurumun İcraiyyə Komitəsinin və Böyük Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, yerli və xarici iş adamları, Britaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lord German Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayevaya təşkilatın fəaliyyətindəki böyük xidmətlərinə görə minnətdarlığını bildirib. Qonaqları salamlayan britaniyalı həmsədr İngiltərə-Azərbaycan Cəmiyyətinin bu yubiley tədbirində iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib və qeyd edib ki, İngiltərə-Azərbaycan Cəmiyyəti artıq 20 ildir mədəniyyət, maarifçilik, humanitar, xeyriyyə kimi sahələrdə uğurla fəaliyyət göstərir.
Ötən 20 il ərzində Cəmiyyətin bütün üzvləri ilə birgə çalışan insanlara minnətdarlığını bildirən Lord German qeyd edib ki, 20 illik dövr uzun və şərəfli bir yol olub. Britaniyalı həmsədr deyib ki, Cəmiyyət bu illər ərzində yeni münasibətlər qurub, yeni dostlar qazanıb və bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcək. Lord German Cəmiyyətin ötən dövr ərzində Azərbaycan ilə Böyük Britaniya arasında körpü rolunu oynadığını qeyd edərək deyib: “Mən həmişə Azərbaycanı Şərq ilə Qərbin, Şimal ilə Cənubun ayrıcında olan ölkə kimi çox yüksək dəyərləndirirəm. İpək Yolu məhz bu ölkədən keçir və Azərbaycan hər zaman dünyanın müxtəlif ölkələrindən olan insanları qonaqpərvərliyi, tolerantlığı və zəngin mədəniyyəti ilə özünə cəlb edir. Məhz bu xüsusiyyətlər Azərbaycan xalqında dünya mədəni irsini daha yaxından öyrənməyi və digər mədəniyyətlərə hörmətlə yanaşmağı formalaşdırıb. Təbii ki, bizim bütün uğurlarımız sizlərin və bizi dəstəkləyən insanların köməyi olmadan mümkün olmazdı. Mən Cəmiyyətimizin idarə heyətinin üzvlərinə dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar uzun illərdir ki, Cəmiyyətimizin inkişafına səy göstəriblər”.
Daha sonra çıxış üçün söz İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayevaya verildi.
Akademik Nərgiz Paşayeva tədbir iştirakçılarını salamlayaraq deyib: “Xanımlar və cənablar. Dəvətimizi qəbul edib buraya toplaşdığınıza görə hər birinizə təşəkkürümü bildirirəm. Tədbirimiz ənənəvi olaraq Milad bayramı ərəfəsində təşkil olunan xeyriyyə gecəsinə həsr edilir. Qeyri-adi və ecazkar əhval-ruhiyyə bəxş edən bu bayram hamı tərəfindən sevinclə qarşılanır. Qeyd edim ki, eyni zamanda, bu il bizim Cəmiyyət üçün fərqli bir ildir. Bizim artıq 20 yaşımız tamam olur. Əlbəttə, 20 il azdır, gənclik yaşıdır. Amma bu fikir bütün hallara aid olmur. Belə ki, ölkəmizin – ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın 25 yaşı, bizim isə 20 yaşımız tamam oldu. Bu illər ərzində Cəmiyyətimizin fəaliyyətində yaxından iştirak edən, layihələrimizdə əzmlə, sevgi ilə çalışan - humanitar, mədəni və xeyriyyə tədbirlərimizə dəstək verən insanlara dərin təşəkkürümü bildirmək istərdim. Başlanğıc şərəfli və uğurlu oldu və bizlər bu uğuru davam etdirməliyik. Artıq 10 ildir ki, mən həmsədr kimi burada çalışıram və bu illər ərzində özüm də çox şeylər öyrənmişəm. Ölkənizi – İngiltərəni daha yaxşı tanımış və daha çox sevmişəm.
Paytaxt London sadəcə böyük və gözəl şəhər olaraq qalmır. Bu şəhərdə müxtəlif yerlərdən gələn insanlar yaşayır. Şəhərin beynəlmiləl ruhu bu insanları birləşdirir. Azərbaycanın paytaxtı Bakı da həmişə beynəlmiləl şəhər olub.
Təsadüfi deyil ki, Avropada oxuyan azərbaycanlı tələbələrin ən böyük qismi Böyük Britaniyada təhsil alır. Əsas səbəblərdən biri odur ki, məhz burada o gənclər özlərini qürbətdə deyil, doğma yerdə hiss edirlər. 20 yaşı olan Cəmiyyətimizin mövcudluğu və varlığı həm Azərbaycanda, həm də Böyük Britaniyada yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri olaraq missiyamızı gələcək nəsillərə ötürməyin vacibliyini yaxşı anlayıram. Əldə edilən nailiyyətləri, qurulmuş münasibətləri, iki ölkə arasında vətəndaş cəmiyyətlərinin birliyini, xeyriyyəçilik, maarifçilik, mədəni tədbirləri davamlı və möhkəm etmək bizim Cəmiyyətin əsas məqsədidir. İnanıram ki, belə də olacaq.
Bir daha hamınıza minnətdarlığımı bildirir, qarşıdan gələn Yeni ilinizi təbrik edir və sizlərə gözəl axşam arzulayıram”.
Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək bildirib ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin 20 illik fəaliyyəti və uğurları Britaniya və Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunub. O deyib: “Cəmiyyətin iki ölkə arasındakı mədəni əlaqələrinin inkişafı və yaxınlaşmasına verdiyi dəstək təqdirə layiqdir. Təbii ki, ən böyük təqdirə və təşəkkürə bu Cəmiyyətin uğurlu inkişafında böyük xidmətləri olan akademik Nərgiz Paşayeva, Lord German və Cəmiyyətin digər dəyərli üzvləri layiqdir. Bir daha İngiltərə-Azərbaycan Cəmiyyətinin bütün üzvlərini şərəfli yubiley münasibətilə təbrik edirəm”.
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraçı Komitəsinin üzvləri də çıxış etdilər.
Tədbirin sonunda İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayeva Azərbaycan televiziyasına və AZƏRTAC-a müsahibə verib. Akademik Nərgiz Paşayeva deyib: “Bu gün Böyük Britaniya Parlamentinin Lordlar Palatasında ənənəvi olaraq İngiltərə-Azərbaycan Cəmiyyətinin illik xeyriyyə tədbiri keçirilir. Bu yığıncaq xüsusi bir tarixə də malikdir. Belə ki, biz İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, 20 ildir Britaniyada fəaliyyət göstəririk. Başlıca cəhət ondan ibarətdir ki, bu Cəmiyyət İngiltərədə təsis olunmuş funksional, davamlı və uzun tarixə malik və müstəqil Azərbaycanı Böyük Britaniyada təmsil edən nüfuzlu bir təşkilatdır. İndiyə qədər Cəmiyyət haqqında yalnız müsbət rəylər söylənilib. Cəmiyyətin işi İngiltərə ictimaiyyəti tərəfindən dəstəklənib və qurumun yüksək hörməti və nüfuzu vardır. Bu xoş haldır və biz inanırıq ki, gələcəkdə İngiltərə-Azərbaycan Cəmiyyəti iki ölkə arasında mədəni, insani, tarixi və xeyriyyəçilik ənənələrini daha da möhkəmləndirəcək”.
Böyük Britaniyanın keçmiş sənaye və energetika naziri, İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfindən ilk həmsədri olmuş Tim Eqqer Azərbaycan televiziyasına və AZƏRTAC-a verdiyi müsahibəsində qeyd edib: “Mən İngiltərə-Azərbaycan Cəmiyyətinin yaradıldığı dövrü yaxşı xatırlayıram. İlk günlərdən mən Cəmiyyətin üzvüyəm. Ötən 20 il ərzində bu Cəmiyyət iki ölkə arasında həm mədəni, həm də iqtisadi münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. Burada, Lordlar Palatasında yubileyin qeyd olunması mənim üçün həm sevindirici, həm də qürurvericidir”.
Qeyd edək ki, 1997-ci ildə yaradılmış İngiltərə-Azərbaycan Cəmiyyəti Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilatdır. Ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsində qarşıya qoyduğu məqsədlərə və missiyalara uğurla nail olur. Özünün 20 illiyini fəxrlə qeyd edən İngiltərə-Azərbaycan Cəmiyyəti bu dövr ərzində müxtəlif, xüsusən də təhsil və mədəniyyət sahələrində uğurla həyata keçirdiyi bir sıra əhəmiyyətli layihələri qeyd etmək yerinə düşər.
İngiltərə-Azərbaycan Cəmiyyəti bu illər ərzində Azərbaycanda müxtəlif xeyriyyə tədbirləri təşkil edib. Buna misal olaraq, Cəmiyyətin Gəncə şəhərində, Maştağa, Şağan və Saray qəsəbələrində yerləşən əqli və fiziki qüsurlu uşaq evlərində həyata keçirdiyi müəyyən təmir işlərini, həmin uşaq evlərində çalışan əməkdaşlar üçün Britaniyadan dəvət olunmuş mütəxəssislər tərəfindən təşkil edilən xüsusi təlim proqramlarını göstərmək olar. Cəmiyyət Ramana qəsəbəsində yerləşən əlillər evinin təmiri, həmçinin Azərbaycanda uşaq ölümlərini azaltmaq məqsədilə təsis olunmuş İngiltərənin “Health Prom” xeyriyyə cəmiyyətinin təklif etdiyi azərbaycanlı həkimlər üçün xüsusi təlimlərin keçirilməsi proqramına böyük dəstək verib. Talassemiya xəstəliyinin Azərbaycanda daha ixtisaslaşmış şəkildə müalicəsi üçün İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən Britaniyadan ixtisaslı mütəxəssislərin və laboratoriya texnoloqlarının Bakıya və bu sahədə çalışan Azərbaycan həkimlərinin İngiltərəyə təlim səfərlərinin təşkil edilməsi sahəsində vacib işlər görülüb.
İngiltərə-Azərbaycan Cəmiyyəti təhsil sahəsində də bir sıra xeyriyyə işləri görüb. Kembric Universitetində azərbaycanlı tələbənin ali təhsil almasına maddi dəstək verib. Həmin gənc daha sonra Britaniyanın Xarici İşlər Nazirliyinin Çevninq təqaüdünü də qazanıb; Sürrey şəhərindəki Yəhudi Menuhin Məktəbində skripka fənni üzrə təhsil almaq üçün 1 şagirdə təqaüd ayrılıb; Londonun "Guildhall" məktəbində təhsil alan azərbaycanlı gənc pianoçunun dünya üzrə keçirilən müsabiqələrdə iştirakına dəstək verilib. Amsterdamda keçirilən son müsabiqələrin birində həmin azərbaycanlı iştirakçı birinci yer tutmağa müvəffəq olub. Cəmiyyət, həmçinin Böyük Britaniyanın məşhur və ilk ixtisaslaşmış musiqi məktəbi olan “Purcell” (www.purcell-school.org) məktəbi ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi arasında əməkdaşlığın qurulmasının təşəbbüskarı olub. Cəmiyyətin təşkilatçılığı ilə Bülbül adına musiqi məktəbinin iki şagirdi Britanıyanın “Purcell” musiqi məktəbində 10 gün təlim dərslərində iştirak edib. Həmçinin Cəmiyyətin dəstəyi və təşkilatçılığı ilə Britaniyanın Uels Kral Musiqi və Dram Kollecinin (www.rwcmd.ac.uk) müəllimi, Böyük britaniyalı məşhur pianoçu-pedaqoq Ceyms Korbi Bülbül adına musiqi məktəbində şagirdlər üçün fortepiano dərsləri aparıb. İngiltərə-Azərbaycan Cəmiyyətinin bu kimi onlarla digər xeyriyyə işlərini vurğulamaq olar.
Tədbirdə İngiltərənin “Fe Musa” adlı yeganə qadın simli orkestrinin üzvlərindən ibarət kvartetinin ifasında musiqi əsərləri səsləndirilib. Konsert proqramında, həmçinin Azərbaycan milli instrumental musiqi ifaçıları Rafiq Rüstəmov (kamança) və Rasim Fərziyevin (tar) təqdim etdikləri nömrələr də maraqla dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.