“Seysmologiya sahəsində maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının iştirakı ilə 27 avqust 2026-cı il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1, 2, 3 saylı Uşaq evi sosial xidmət müəssisələri və 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin sakinləri və əməkdaşları üçün “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
1 saylı Uşaq evi sosial xidmət müəssisəsində keçirilən tədbirdə AMEA nəzdində RSXM-nin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi Afaq Səmədzadə layihə haqqında iştirakçılara ümumi məlumat verərək “Zəlzələ zamanı düzgün davranış qaydaları”nın öyrənilməsinin hər kəs üçün vacib oldugunu vurğulayıb.
Daha sonra RSXM-nin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin mütəxəssisi Aytən Babazadə “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib.
Tədbirin sonunda uşaqlarla “Zəlzələ zamanı düzgün davranış qaydaları”na həsr olunmuş interaktiv oyun keçirilib, onları maraqlandıran suallar cavablandırılıb və təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.