Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun böyük elmi işçisi və dissertantı Samirə Süleymanova avqustun 3-dən 28-dək Pakistanın İslamabad şəhərində keçirilən COMSTECH–REVIVE Medical Technologies Industrial Internship Program beynəlxalq sənaye təcrübə proqramında iştirak edib.
Dörd həftə davam edən proqram İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsi (COMSTECH) və Revive Medical Technologies şirkətinin əməkdaşlığı çərçivəsində təşkil olunub.
Proqramın əsas məqsədi müxtəlif ölkələrdən olan gənc tədqiqatçıların tibbi texnologiyalar, biomateriallar və innovativ səhiyyə həlləri sahəsində praktiki bilik və bacarıqlarının artırılması, həmçinin akademik və sənaye əməkdaşlığının inkişaf etdirilməsi olub.
Sənaye təcrübəsi müddətində Samirə Süleymanova tibbi cihazların hazırlanması, biomaterialların tədqiqi və inkişafı, səhiyyə proqram təminatı həlləri, keyfiyyətə nəzarət, sınaqlar və normativ tələblərə uyğunluq istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə edib. O, həmçinin müxtəlif sahələr üzrə mütəxəssislərlə fikir mübadiləsi aparıb və beynəlxalq təcrübə ilə tanış olub.
Proqram çərçivəsində Revive Medical Technologies şirkətinin fəaliyyətinin üçüncü ildönümünə həsr olunmuş tədbir də keçirilib. Tədbirdə proqram iştirakçıları və şirkətin əməkdaşları ilə yanaşı, tərəfdaş qurumların nümayəndələri də iştirak ediblər. Samirə Süleymanova tədbirdə fəaliyyəti və Kimya İnstitutunda apardığı elmi-tədqiqat işləri barədə məlumat verib.
Proqramın yekun mərhələsində iştirakçılar COMSTECH-in İslamabaddakı mərkəzini ziyarət ediblər.
Səfər çərçivəsində proqramın bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçıların proqram müddətində əldə etdikləri bilik və təcrübələr müzakirə olunub. Tədbirin sonunda proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.