Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.12.2017 12:41
  • A-
  • A
  • A+

Akademik Həsən Əliyevin təbiətin mühafizəsi ilə bağlı gördüyü işlər bu gün də uğurla davam etdirilir

Akademik Həsən Əliyevin təbiətin mühafizəsi ilə bağlı gördüyü işlər bu gün də uğurla davam etdirilir

Dekabrın 26-da AMEA-nın Əsas binasının Dairəvi zalında görkəmli təbiətşünas alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar respublika elmi konfransı keçirilib.

İştirakçılar əvvəlcə foyedə alimin elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunduğunu bildirib.

Görkəmli alim Həsən Əliyevin elmə, təhsilə verdiyi töhfələrdən, bu sahələrin inkişafında əvəzsiz xidmətlərindən danışan AMEA rəhbəri onun ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşməsində böyük rolu olduğunu deyib. Diqqətə çatdırılıb ki, akademik Həsən Əliyev zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirib. Dünyanın bir sıra ölkələrində keçirilən müxtəlif konfranslarda, seminar və simpoziumlarda təmsil olunan alimin əsərləri elmi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanıb.

Akademik A.Əlizadə görkəmli alimin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.

Sonra AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov təbiətşünas alimin həyat və fəaliyyətinə dair məruzə ilə çıxış edib. Akademik Həsən Əliyevin keçdiyi çətin, lakin şərəfli ömür yolundan danışan institut direktoru gənc alimlər üçün örnək olan bu ömrün yarım əsrdən çoxunun ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına və ekologiya məsələlərinə həsr edildiyini diqqətə çatdırıb. Bildirib ki, akademik Həsən Əliyev Coğrafiya İnstitutuna rəhbərlik etdiyi illərdə torpaq-ekoloji tədqiqatlara və meşəçilik elminin inkişafına geniş yer verib, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirib. Alim ilk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırıb, ömrünün sonunadək həmin tədqiqatları davam etdirib.

R.Məmmədov qeyd edib ki, görkəmli alim hələ sovet dövründə Azərbaycanda beynəlxalq bioloji proqramın işlənib hazırlanmasında yaxından iştirak edib. Həsən Əliyev Böyük Qafqazın dağ-çəmən torpaqlarını öyrənməklə bütün Qafqazın torpaqlarının yaranması və yayılması qanunauyğunluqlarını təhlil edib.

Tədbirdə Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun “Akademik H.Əliyev və Azərbaycanda təbiəti mühafizə” mövzusunda məruzəsi dinlənilib. Nazir təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onun mühafizəsinin təşkili sahəsində alimin fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan təbiətinin, xüsusilə meşələrin qorunması, mühafizəsi və bərpası ilə bağlı gördüyü işlərdən danışıb. Bildirib ki, akademik Həsən Əliyevin əsərlərində qeyd olunan ekoloji problemlər və onların həlli yolları bütün dövrlər üçün öz aktuallığını saxlamaqdadır. 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Akademik H.Əliyev və UNESCO-nun MAB fəaliyyəti” mövzusunda məruzəsini təqdim edib. Həsən Əliyevin innovativ fəaliyyətinə toxunan məruzəçi onun UNESCO çərçivəsində "İnsan və Biosfer" Azərbaycan Milli Komitəsinin yaradılması təşəbbüsünü xatırladıb. Biomüxtəlifliyin qorunub saxlanması və davamlı inkişafının həyata keçirilməsində bu proqramın əhəmiyyətindən söz açıb.

Konfransda digər çıxış edənlər akademik Həsən Əliyev haqqında xatirələrini bölüşüb, onun insanlara qayğıkeş münasibətindən, ölkəmiz üçün istedadlı kadrlar yetişdirməsindən, Azərbaycan təbiətinə və elminə verdiyi töhfələrdən bəhs ediblər.

Tədbirdə görkəmli alimin fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

Sonda mərhum akademikin oğlu, Əməkdar memar Rasim Əliyev konfransın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: