Yanvarın 18-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “İstiqlal yolunun 20 yanvar aşırımı” mövzusunda elmi sessiya keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb.
“İstibdaddan istiqlala” mövzusunda məruzə ilə çıxış edən akademik R.Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin canlı şahidi olaraq keçmiş sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən söhbət açıb, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, 20 Yanvar hadisəsi əslində Azərbaycanın sonralar yenidən elan edəcəyi istiqbalının, bərpa edəcəyi dövlət müstəqilliyinin təməlini qoydu. Bu Azərbaycanın öz haqqları, bir millətin azadlığı uğrunda mübarizəsinin təkan nöqtəsi idi.
“Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdi” deyən muzeyin direktoru faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığını, xalqın informasiya almaq hüququndan məhrum edildiyini bildirib. Akademik R.Hüseynov diqqətə çatdırıb ki, hadisələr baş verən vaxt bu informasiya blokadasını Moskvada təcrid olunmuş vəziyyətdə yaşayan Azərbaycanın böyük oğlu Heydər Əliyev yarıb. 1990-cı il yanvarın 21-də ulu öndər həyatını təhlükəyə ataraq İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və Bakıda törədilmiş qanlı hadisələrlə bağlı bəyanat verib. Dahi liderin 20 Yanvarla bağlı həqiqətləri əks etdirən bəyanatı informasiya blokadasının yarılması istiqamətində ilk mühüm addım olub.
20 Yanvarın həm də düşüncə günü olduğunu deyən R.Hüseynov bu faciənin hər il dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız tərəfindən xalqımıza qarşı törədilmiş cinayət, hüzn, anma günü kimi qeyd olunduğunu bildirib.
Sonra muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Sonda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.