AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayinin “Günəş sisteminin planetləri” kitabının təqdimatı keçirilib.
Rəsədxananın Bakı bölməsində baş tutan tədbirdə ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək kitab haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, nəşrdə Mars planetinin öyrənilməsində əvəzsiz rolu olmuş Nadir İbrahimovun apardığı elmi tədqiqat işlərinə geniş yer verilib.
Sonra kitab haqqında məruzə ilə çıxış edən fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi qeyd edib ki, kitab Latviyada çapdan çıxıb və ŞAR-da planetlərin atmosferinin tədqiqi zamanı alınan mühüm elmi nəticələr haqqında məlumatlar əksini tapıb.
Müəllif vurğulayıb ki, N.İbrahimovun Marsın inteqral spektrofotometrik və yüksək dispersiyalı spektral tədqiqatlarının nəticələri, ilk dəfə planetin ən böyük miqyaslı təsvirinin alınması, həmçinin Veneranın qaranlıq tərəfində şüalanma xətlərinin müşahidəsi, onun atmosferində dərin qatların görunməsi və digər tədqiqatların nəticələri planetin kosmik aparatlarla öyrənilməsi zamanı təsdiqlənib: “Yupiter və Saturnun spektrlərində udulma zolaqlarının incə quruluşunun tədqiqi onların atmosferinin kimyəvi tərkibinin dəqiqləşməsi və fiziki şəraitin aydınlaşmasına kömək etdi. ŞAR-ın 2-m-lik reflektorunda əldə edilən müşahidə nəticələri mövcüd elmi biliklər əsasında nəzəri olaraq izahını tapdı. Uran və Neptun planetlərinin spektrlərində eyniləşdirilməmiş yeni udulma zolaqları aşkar edildi və sadə atmosfer modelləri çərçivəsində müşahidə nəticələrini izah etməyin mümkün olmaması subut olundu”.
Ə.Ətayi kitabın dörd ilə yaxın müddət ərzində ərsəyə gəldiyini və nəşrində ŞAR rəhbərliyinin, o cümlədən Qazaxıstan Respublikasında yerləşən Astrofizika Rəsədxanasının əməkdaşı V.D.Vdoviçenkonun və AMEA-nın Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Eltac Yüzbaşovun böyük xidmətlərinin olduğunu bildirib.
Daha sonra çıxış edən fizika-riyaziyyat elmləri doktoru Sabir Məmmədov, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İzzət Salmanov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəhram Quluzadə və digərləri Nadir İbrahimov haqqında xatirələrini bölüşüblər.
Sonda N.İbrahimovun bacısı Şəkər İbrahimova çıxış edərək kitabın ərsəyə gəlməsində rolu olan bütün şəxslərə öz ailəsi adından dərin minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.