Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

08.02.2018 09:44
  • A-
  • A
  • A+

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyası çərçivəsində Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” kitabının təqdimatı olub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi" və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamlarını xatırladıb, bu istiqamətdə akademiyada görüləcək işlər barədə məlumat verib. Bildirib ki, Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” kitabı cümhuriyyət irsimizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra kitabın tərtibçisi, ön söz və qeydlərin müəllifi, filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli “Ceyhun Hacıbəylinin əsərlərinin nəşri tarixindən” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, kitabda C.Hacıbəylinin mühacirətdə qələmə aldığı hekayələri, “Bir il xəyallarda... və bütöv bir ömür” adlı memuarı, elmi araşdırmaları və publisistik məqalələri toplanıb.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, kitabda yer alan əsərlərin fransız dilindən tərcüməçisi Mirzəbala Əmrahov, tarix üzrə elmlər doktoru, professor Solmaz Tohidi, mühacirət irsinin gənc tədqiqatçısı Dilqəm Əhməd, filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, Ceyhun Hacıbəylinin qohumu, professor Telman Ağdamski və digərləri çıxış edərək yazıçının həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Sonda Mirzəbala Əmrahov ədibin nəvəsi Kleman Hacıbəylinin tədbir iştirakçılarına ünvanladığı məktubu səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: