Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.02.2018 14:18
  • A-
  • A
  • A+

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürüldüyünü və YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilən sessiyasında həmin günün Beynəlxalq Ana Dili Günü kimi qəbul edildiyini bildirib.

Ana dilinin saflığının qoruması və inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu deyən M.Nağısoylu diqqətə çatdırıb ki, ümummilli liderin təşəbbüsü ilə 2002-ci ilin 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib.

Alim ana dilinə qayğı siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. O, ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı xatırladıb. Qeyd edib ki, sözügedən sənəd Dilçilik İnstitutunun üzərinə mühüm vəzifələr qoyub və bu istiqamətdə tədqiqatlar aparmaq üçün müəssisədə 4 yeni şöbə yaradılıb.

Akademik M.Nağısoylu ana dilinin saflığını qorumaq, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etmək, həmçinin dili yad ünsürlərdən təmizləməyin bu gün rəhbərlik etdiyi müəssisənin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək yeni nəsildə ana dilinə sevgini körpə yaşlarından aşılamağın önəminə toxunub. Akademik bu günə qədər fars, ərəb və Avropa dillərinin Azərbaycan dilinə güclü təsir etdiyini, rus dilindən istifadəyə isə məişət səviyyəsində rast gəlindiyini vurğulayıb.

İclasda çıxış edən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov isə Azərbaycan dilinin ölkəmizdə yaşayan digər xalqları birləşdirdiyini, onların öz ana dillərində azad şəkildə danışmalarına heç bir maneə törətmədiyini söyləyib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün "Ana dili mənəvi varlığımızdır", filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin "Azərbaycan dili anlayışının tarixi" və filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımovun "Virtual məkanda Azərbaycan dili" adlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: