Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2018 13:58
  • A-
  • A
  • A+

AMEA-da akademik Budaq Budaqovun 90 illik yubileyi qeyd olunub

AMEA-da akademik Budaq Budaqovun 90 illik yubileyi qeyd olunub

AMEA-nın Əsas binasında Coğrafiya İnstitutunun təşkilatçılığı ilə görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, elmi ictimaiyyət və Budaq Budaqovun ailə üzvləri iştirak ediblər.

Konfransı akademik Fəxrəddin Qədirov açaraq B.Budaqovun respublikamızda coğrafiya elminin inkişafına dəyərli töhfələr verdiyini bildirib. Qeyd edib ki, görkəmli alim geomorfologiya, ekologiya, landşaftşünaslıq, toponimika, əhali coğrafiyası, Xəzərin problemləri və digər sahələrdə tədqiqatlar aparıb və onun əldə etdiyi nailiyyətlər bu gün də öz aktuallığını qoruyur. F.Qədirov B.Budaqovun təkcə respublikada yox, bütün MDB məkanında tanınan geomorfoloqlar, ekocoğrafiyaçılar və landşaftşünaslar məktəbi yaratdığını söyləyib.

Daha sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Budaq Budaqovun həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. R.Məmmədov B.Budaqovun yüksək ensiklopedik biliyə və təfəkkürə, tədqiqatçı bacarığına malik olduğunu, coğrafiya elminin bir çox sahələri üzrə böyük uğurlar qazandığını söyləyib. Bildirib ki, o, Cənubi və Qərbi Azərbaycanda, eləcə də Gürcüstan və Mərkəzi Asiyada olan türk mənşəli adları işləyərək geniş oxucu kütləsinə çatdırıb.

R.Məmmədov B.Budaqovun, həmçinin dağlıq ərazilərin ən mühüm təbii dağıdıcı proseslərindən olan sel və sürüşmələri tədqiq etdiyini, sel təhlükəsinə görə Azərbaycanın rayonlaşma sxemini hazırladığını deyib. O, akademikin tədqiqatları nəticəsində ilk dəfə palçıq vulkanlarının irimiqyaslı landşaft və geomorfoloji xəritələrinin tərtib edildiyini söyləyib.

İnstitut direktoru diqqətə çatdırıb ki, alimin rəhbərliyi altında 50-dən çox fəlsəfə və elmlər doktoru hazırlanıb. R.Məmmədov B.Budaqovun ölkədə və xaricdə 1000-dən çox əsərinin, o cümlədən 30 xəritə-atlas və 40 monoqrafiyasının çap olunduğunu bildirib.

Tədbirdə, həmçinin akademik Abel Məhərrəmov, BDU-nun kafedra müdiri, c.ü.e.d., professor Tapdıq Həsənov, dramaturq Əmir Pəhləvan və digərləri çıxış edərək alimin coğrafiya elminin inkişafındakı xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda akademikin qızı Sevinc Budaqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz ailəsi adından minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: