Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.03.2018 17:14
  • A-
  • A
  • A+

Milli terminoloji veb-portalın təqdimat mərasimi keçirilib

Milli terminoloji veb-portalın təqdimat mərasimi keçirilib

Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyulub. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı müddəalarla əlaqədar olaraq digər təşkilatlarla yanaşı, AMEA İnformasiya Texnologiyaları İnstitutunda da məqsədyönlü işlər aparılıb, institutun alim və mütəxəssisləri tərəfindən Milli Terminoloji veb-portal hazırlanıb.

Bu məqsədlə martın 6-da AMEA Rəyasət Heyətində www.terminologiya.az ünvanlı milli terminoloji veb-portalın təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hər bir dövlətin ən vacib atributlarından olan dilin xalqın və ölkənin identikliyi, mədəniyyəti və psixoloji xüsusiyyətlərini özündə əks etdirən bir fenomen olduğunu bildirib.

Akademik Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdırıb. İnkişafın yeni mərhələsində AR Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirərək onu təmin edən çoxşaxəli amillərə xüsusi diqqət yetirdiyini söyləyib.

AMEA-nın vitse-prezidenti milli terminoloji veb-portalın məhz Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, informasiya cəmiyyətinin bərqərar olunmasına dair dövlət siyasətinin həyata keçirilməsi, eləcə də elmi fəaliyyətin informasiya təminatının gücləndirilməsi məqsədlərinə xidmət etdiyini söyləyib.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ümummilli lider Heydər Əliyevin dilimizin qorunması və inkişafına hər zaman böyük önəm verdiyini diqqətə çatdırıb. AR Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirindəki çıxışında dilimizin saflığının qorunub saxlanılması və inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verdiyini bildirib.

R.Əliquliyevin sözlərinə görə, İnternet texnologiyalarının sürətli inkişafı nəticəsində insanların virtual məkanda mövcud olan informasiya resurslarına çıxış imkanları qeyri-məhdud olduğundan termin yaradıcılığı işlərinin təkcə alim və mütəxəssislər tərəfindən həyata keçirilməsi böyük çətinliklər yaradır. Bu problemin həllində, eyni zamanda terminlərin ictimai müzakirəsi və ekspertizası işlərində marağı olan hər kəs iştirak edə bilər ki, bununla da ölkəmizdə vətəndaş terminologiyası formalaşdırıla bilər.

Milli terminoloji veb-portal dinamiki inkişaf edən, İnternet mühitində istismar olunan açıq milli informasiya resursu olduğunu qeyd edən R.Əliquliyev bildirib ki, elektron terminologiya ölkədə formalaşmaqda olan “Elektron Azərbaycan”ın seqmentlərindən biri olan elektron elmin tərkib hissəsidir.

AMEA-nın akademik-katibinin sözlərinə görə, milli terminoloji veb-portal terminoloji lüğətləri hazırlamış alim və mütəxəssislərin müəlliflik hüquqlarının qorunması üçün şəffaflıq və əlyetərliliyin təmin olunması nəticəsində geniş imkanlar yaradacaq.

Alim sistemin vətəndaşlara elektron terminoloji xidmətlər göstərməklə yanaşı, ölkədə terminologiya fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıbov Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar qarşısında mühüm vəzifələrin qoyulduğunu söyləyib. Bildirilib ki, dövlət proqramında beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və AMEA-ya tapşırılıb. Bu tapşırığın icrası məqsədilə komitə və İnformasiya Texnologiyaları İnstitutu tərəfindən milli terminoloji informasiya sisteminin konsepsiyası hazırlanıb və 2016-cı ilin noyabrında təqdimatı keçirilib. Hazırda bu sistemin funksional imkanlarının artırılması, idarəetməsinin aidiyyəti üzrə davam etdirilməsi və sahələr üzrə termin lüğətləri ilə zənginləşdirilməsinə ehtiyac yaranmaqdadır.

F.Talıbov terminologiya sahəsinin standartlaşdırılması istiqamətində beynəlxalq təcrübənin daha geniş tətbiqinə ehtiyac olduğunu söyləyib.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Yusif Sadıyev milli terminoloji veb-portalı təqdim edərək onun strukturu və dizaynı haqqında ətraflı məlumat verib. Bildirib ki, www.terminologiya.az (www.azterm.az) adı altında yaradılan veb-portal AR Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə, o cümlədən AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılıb və təhlükəsizlik təmin olunub.

Məruzəçi qeyd edib ki, www.terminologiya.az portalı AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və onun elmi bölmələrinin fəaliyyətini, terminoloji lüğətlər və Azərbaycan dilinin digər lügətlərini əks etdirən informasiya bazasına və geniş axtarış imkanlarına malik informasiya resursudur.

Y.Sadıyev bildirib ki, portalın ən mühüm xüsusiyyətlərindən biri də “İctimai tribuna” bölməsi vasitəsilə Terminologiya Komissiyası və vətəndaşlar arasında onlayn əlaqələrin qurulması imkanının olmasıdır. Bölmədə yeni terminlər və müzakirə üçün mövzu təklif etmək, eləcə də mövcud terminlərə münasibət bildirmək mümkündür.

Daha sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, həmin müəssisənin Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova və digərləri çıxış edərək veb-portalın Azərbaycanda  terminologiya sahəsində elmi nailiyyətlərin əldə edilməsində mühüm rol oynayacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: