Martın 31-də Quba Soyqırımı Memorial Kompleksində Mədəniyyət və Turizm Nazirliyi, AMEA və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirilib.
Əvvəlcə “Quba soyqırımı” filmi nümayiş etdirilib.
“Soyqırımlarının dərsləri” mövzusunda keçirilən tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Alim respublika elmi konfransının dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin mərhələlərlə davam etdiyini vurğulayan akademik İ.Həbibbəyli yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu hadisələrə obyektiv siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
"Ulu öndərin qəbul etdiyi qərarlar əsasında ölkəmizin arxivləri Azərbaycan elminə, ictimaiyyətinə, dünyaya açıldı və bu hadisələr barədə obyektiv reallıqları öyrənmək mümkün oldu" -deyən alim məhz həmin dövrdən AMEA-da azərbaycanlılara qarşı soyqırımlarını tədqiq edən daimi komissiyanın fəaliyyət göstərdiyini və artıq beynəlxalq aləmin XX əsrin əvvəllərində ölkəmizdə azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırımı həyata keçirildiyini təsdiq etdiyini bildirib.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamında məsələyə daha kompleks münasibət ifadə olunub. Sənəddə XX əsrdə baş vermiş hadisələrin soyqırımı, deportasiya və etnik təmizləmə xarakteri daşıdığı çox obyektiv şəkildə öz əksini tapıb. Quba məzarlığında aparılan tədqiqatlar sübut edib ki, burada vəhşicəsinə qətlə yetirilən Azərbaycan əhalisi, eyni zamanda, onlarla bərabər bu torpaqlarda qədimdən tolerant şəkildə yaşayan digər xalqların nümayəndələrinə qarşı da ermənilər eyni ağır cəzaları, qətliam hadisələrini törədiblər. Quba məzarlığı xalqımızın tolerantlıq, qardaşlıq, həmrəylik abidəsidir. Bu abidə Azərbaycan dövlətinin, xalqının terrora, təcavüzə, işğala “yox”, sülhə, həmrəyliyə “hə” dediyinin bir ifadəsidir.
Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək azərbaycanlıların soyqırımının 100 illiyi və Quba Soyqırımı Memorial Kompleksi ilə bağlı görülən işlər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” təsdiq edilib. Bu gün Quba soyqırımı qurbanlarının xatirəsini anma mərasimi və öz işinə başlayan respublika elmi konfransı da həmin Tədbirlər Planına uyğun olaraq keçirilir. Eyni zamanda, xatırlatmaq istəyirəm ki, dövlətimizin başçısının tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2017-ci il iyunun 5-də “Quba şəhərində Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən yaradılan Komissiyanın qarşısına Kompleksdə yaranmış vəziyyətin ətraflı öyrənilməsi və məzarlığın durumuna təhlükə törədə biləcək proseslərin qarşısının alınması ilə bağlı təkliflər təqdim etmək vəzifəsi qoyulub.
Azərbaycanlıların 1918-ci il soyqırımının Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq olduğunu vurğulayan Prezidentin köməkçisi deyib ki, amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. İki aydan sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi üçün Azərbaycan Prezidenti 2017-ci il mayın 16-da xüsusi Sərəncam imzalayıb. Bu Sərəncam tariximizin həmin şərəfli dövrünü daha dərindən öyrənmək üçün yeni imkanlar açır.
“Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq", deyə bildirən Əli Həsənov bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın mühüm tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri kimi qiymətləndirilib və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Tədbirdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək konfransın keçirildiyi Quba Soyqırımı Memorial Kompleksinin olduqca təsirli, eyni zamanda, böyük düşüncələrə çağıran bir məkan olduğunu deyib. Kompleksin yaranma tarixindən danışan nazir bildirib ki, AMEA-nın, Mədəniyyət və Turizm Nazirliyinin və digər aidiyyəti qurumların 2007-ci ildən 2009-cu ilədək apardıqları tədqiqatlar zamanı təkcə bir quyuda 500 deyil, 1500-dən çox insanın kəsilmiş, doğranmış şəkildə qalıqlarının olduğunun müəyyən edildiyini bildirib. Ə.Qarayev əlavə edib ki, bu kompleksin inşası ilk gündən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altında ərsəyə gəlib. Bütün bu işlər Heydər Əliyev Fondunun dəstəyi ilə görülüb və Quba Soyqırımı Memorial Kompleksi kimi bir abidə yaradılıb.
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək deyib ki, Azərbaycan torpaqlarında sonradan məskunlaşdırılmış nankor və mənfur ermənilər tarix boyu xalqımıza qarşı bir neçə dəfə dəhşətli soyqırımları törədib, öz məkrli məqsədlərinə çatmaq üçün hər cür vəhşiliyə, vandalizmə əl atıblar. 1918-ci ilin mart ayından etibarən azğın erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib. Həmin ilin aprel-may aylarında erməni daşnakları Quba qəzasında amansız vəhşiliklər törədib, onlarla kənd, Quba şəhərinin özü talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və yəhudi əhalisi kütləvi surətdə qətlə yetirilib.
İcra başçısı deyib ki, 2007-ci ilin aprel ayında Quba şəhərində torpaq işləri aparılarkən aşkar edilmiş kütləvi məzarlıq erməni vəhşiliklərinin bariz nümunəsi, azərbaycanlıların soyqırımının danılmaz sübutudur. Bu kütləvi məzarlıq 1918-ci ilin aprel-may aylarında cəllad Amazaspın ermənilərdən ibarət 3 min nəfərlik quldur dəstəsinin Qubada yerli dinc əhaliyə qarşı törətdiyi vəhşiliyin illər boyu gizli qalan qanlı izidir. Aparılan bütün tədqiqatların və araşdırmaların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin inşa edilməsi barədə” 2009-cu il 30 dekabr tarixli Sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondu tərəfindən ümumi sahəsi 3,5 hektar olan Soyqırımı Memorial Kompleksi inşa edilib. Memorial Kompleksin 2013-cü il sentyabrın 18-də dövlət rəsmilərinin iştirakı ilə açılışı olub.
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov isə çıxışında bildirib ki, bu gün biz Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin törədildiyini sübut edən bir məkandayıq. Biz ona görə buradayıq ki, dövlətimiz öz millətinə, xalqımızın tarixinə dərin qayğı və ehtiramla yanaşır, xalqımızı tarixinə qovuşdurmaqdan ötrü bütün addımları atır.
“Bizim torpaqlarımızda erməni tarixi yoxdur”, - deyən akademik bildirib ki, 1918-ci il mayın 29-da İrəvan onlara verilənə qədər burada erməni dövləti olmayıb. Çar I Nikolayın fərmanı ilə Türkmənçay müqaviləsi imzalanandan sonra İrəvan və Naxçıvan xanlıqlarının yerində gələcəkdə erməni dövləti yaratmaqdan ötrü "Erməni vilayəti" təsis edildi. Bu, 1828-ci ilə təsadüf edir. Amma tarix saxtalaşdırıldı. Həmin qırğınları törədən qüvvələr təzə tarix yaratdılar. Məqsəd bu regionda başqa xalqların hamısını məhv etmək, türk-islam amilini silmək, Qacarlar İranını və Osmanlı dövlətini aradan qaldırmaqdan ötrü idi.
Y.Mahmudov bildirib ki, Tarix İnstitutunun alimləri xarici ölkələrin arxivlərində Azərbaycanla bağlı sənədləri ölkəmizə gətiriblər. Bu sənədlər Azərbaycan xalqına, bu regionda türk, müsəlman əhaliyə, digər millətlərin nümayəndələrinə qarşı törədilmiş soyqırımları faktını əyani surətdə təsdiq edir. Biz qüdrətli xalqıq, bizim qədim dövlətçilik mədəniyyətimiz var. Bu gün qarşımızda duran vəzifə ondan ibarətdir ki, müstəqilliyimizi qoruyaq, torpaqlarımızı işğaldan azad edək. Bu yolda hamımıza uğurlar diləyirəm.
Sonra konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, bu gün dünyanın hər yerində xalqımıza qarşı soyqırımı qurbanlarının xatirəsini yad edilir. Bu iş mütəmadi aparılmalı, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır ki, ermənilər tarixdə təkcə azərbaycanlılara qarşı deyil, əksər xalqlara qarşı soyqırımları törədiblər. Ermənilər harada məskunlaşıblarsa, orada monoetnik toplum yaratmağa çalışıblar. Azərbaycanda da ermənilərin törətdikləri soyqırımlarının məqsədi yeni torpaqlar ələ keçirmək idi. Bu torpaqları ələ keçirmək üçün insanları fiziki olaraq məhv edirdilər. Bu əməllərin nəticəsidir ki, ermənilər bu gün Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət qurub, adına da Ermənistan deyirlər. Əslində bu torpaqların hamısı bizə məxsusdur. Bunu heç bir tarixçi inkar edə bilməz.
“Ermənilər Azərbaycan torpaqlarını mərhələlərlə işğal ediblər”, - deyən Mübariz Qurbanlı bildirib ki, bunun nəticəsində Xalq Cümhuriyyəti dövründə 114 min kvadratkilometr ərazimizdən 86,6 min kvadratkilometri qaldı. Ərazimizə növbəti dəfə göz dikən ermənilər Azərbaycanın 20 faiz torpaqlarını da işğal etdilər. Ermənilər bizim torpaqlarımızı işğal etməklə ərazilərini genişləndirmək siyasətini soyqırımı vasitəsilə həyata keçirirlər.
Komitə sədri bildirib ki, ermənilərin törətdikləri soyqırımları yalnız insanların fiziki məhv edilməsi ilə bitmir. Burada mədəniyyətə, dinə, millətə məxsus dəyərlərə qarşı cinayət var. Bu cinayətlər davam etməkdədir. İşğal olunmuş ərazilərimizdə ermənilər bütün tarixi, dini, mədəni abidələrimizi məhv ediblər.
Türk Tarix Qurumunun Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, professor Kamal Çiçək çıxışında yüz il əvvəl ermənilərin Bakıda, Qubada və digər bölgələrdə Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdikləri qanlı cinayətlərin, etnik təmizləmə və soyqırımının qurbanlarının xatirəsinə həsr olunan konfransın əhəmiyyətini yüksək qiymətləndirib.
Kamal Çiçək diqqətə çatdırıb ki, Quba Soyqırımı Memorial Kompleksi Azərbaycan xalqının yüz il əvvəl ermənilərin qanlı qırğınına məruz qalan qardaş və bacılarının xatirəsinə dərin ehtiramının nümunəsi kimi əbədi qalacaq. Bu abidə həm də soyqırımı qurbanlarının xatirəsinin anılması üçün ziyarətgahdır. Quba Soyqırımı Memorial Kompleksi, həmçinin ermənilərin yox etməyə çalışdığı tarixin məhv edilməsinin mümkünsüzlüyünün göstəricisidir.
Professor Kamal Çiçək rəhbəri olduğu Türk Tarix Qurumunun Erməni Araşdırmaları Mərkəzinin ermənilərin Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı geniş araşdırmalar apararaq, bu barədə tarixi faktların, məlumatların türk və ingilis dillərində dünya ictimaiyyətinin diqqətinə çatdırdığını bildirib. O, bu sahədə daha səmərəli nəticəyə nail olunmasında azərbaycanlı və türkiyəli alimlərin, tarixçilərin birgə fəaliyyətinin önəmini vurğulayıb.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bir neçə gün əvvəl dini konfessiyaların rəhbərləri ilə birgə tədbir təşkil edildiyini və soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət olunduğunu qeyd edib. Bildirib ki, müraciətdə ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasəti barədə beynəlxalq təşkilatlara ətraflı məlumat verilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib ki, Azərbaycanda soyqırımına məruz qalanlar arasında azərbaycanlılarla bərabər, ləzgilər, yəhudilər, ruslar da olub. Ona görə də din xadimləri bu işdə fəal olmalıdırlar. Biz xaricdən dövlətimizə qarşı aparılan təxribatlara birlikdə cavab verməliyik.
Daha sonra dini konfessiyaların rəhbərləri soyqırımı qurbanlarının xatirəsinə dualar oxuyublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.