Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.05.2018 08:45
  • A-
  • A
  • A+

“Azərbaycan qəzəli” kitabının təqdimatı olub

“Azərbaycan qəzəli” kitabının təqdimatı olub

Mayın 4-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış ədəbi tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Azərbaycan qəzəli” kitabının təqdimatı keçirilib. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Vaqif Yusiflinin ədəbi tənqid sahəsində klassiklərimizin gördüyü işi uğurla davam etdirdiyini bildirib. Qeyd edib ki, Azərbaycan elmi-ədəbi ictimaiyyəti Vaqif Yusiflini müasir ədəbi tənqidin görkəmli simalarından biri kimi qəbul edir. Onun “Azərbaycan qəzəli” kitabı Azərbaycan qəzəlinin inkişaf tarixinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Vaqif Yusiflinin bu monoqrafik tədqiqatı onun sönmək bilməyən Füzuli sevdasından doğub.

Vurğulanıb ki, “Azərbaycan qəzəli” kitabı müstəqillik dövrü ədəbiyyatşünaslıq elmimizdə qəzəl janrının tarixinə və poetikasına həsr olunmuş ilk sanballı elmi araşdırma kimi mühüm əhəmiyyətə malikdir. Kitabda Azərbaycan qəzəlinin mənşəyi, inkişaf mərhələləri və yaradıcıları haqqında tədqiqat əsas yer tutur. Burada ədəbiyyat tarixçiliyi ilə nəzəriyyəçiliyin sintezi vasitəsilə Azərbaycan ədəbiyyatında qəzəl janrının yeri, mövqeyi, əhəmiyyəti və müasir inkişaf səviyyəsinə dair elmi qənaətlər öz əksini tapıb. 

Tədbirdə institutun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Elnarə Akimova  “Azərbaycan ədəbi tənqidində Vaqif Yusifli obrazı” mövzusunda məruzə ilə çıxış edib.

Sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərli, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, şair Oqtay Rza, Səyyad Aran, filologiya elmlər doktoru, professor Vüqar Əhməd və başqaları çıxış edərək alimin ədəbi tənqid sahəsində zəngin yaradıcılığından, “Azərbaycan qəzəli” kitabının müsbət məziyyətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: