Mayın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbində universitetin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının professoru, Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının sədri, AMEA-nın Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Asif Rüstəmlinin “Ədəbi redaktənin əsasları: tarixi, nəzəriyyəsi, təcrübəsi” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri, həmçinin Ədəbiyyat İnstitutunun alimləri iştirak ediblər.
Əvvəlcə universitetin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev çıxış edərək yeni nəşrin məziyyətlərindən söz açıb, kitabın elmi əhəmiyyətliliyi ilə yanaşı, pedaqoji sahədə çox qiymətli vəsait, geniş ictimaiyyət üçün dəyərli maarifləndirici mənbə olduğunu söyləyib. Dərs vəsaitini elmi-nəzəri təhlilə cəlb edən professor A.Babayev onun çapının ədəbi bədii redaktə sahəsində dəyərli məxəz olacağını vurğulayıb.
Sonra ADMİU-nun Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Natiq Mürsəlov yeni nəşr haqqında ətraflı məlumat verərək bildirib ki, ümumi redaktə işinin aparıcı və mühüm qolu olan bu dərs vəsaitində ədəbi redaktənin əsasları tarixi, nəzəri və təcrübi aspektlərdən təhlil edilib. Bildirib ki, universitetin Elmi şurasının qərarı ilə nəfis şəkildə çap olunmuş kitabda əlyazma üzərində ədəbi redaktə prosesinin “mətnin ədəbi-tənqidi təhlili”, “mətnin dəyərləndirilməsi” və “əlyazmanın əyər-əskiyinin düzəldilməsi” kimi mühüm üç mərhələsi ətraflı təhlilə cəlb olunub.
"Ədəbi redaktorluq sənətinin bədii ədəbiyyatın yaranması, təşəkkülü və əbədiyaşarlıq qazanmasında müstəsna xidmətləri vardır" - deyə bildirən N.Mürsəlov dərin elmi-tədqiqat işinin nəticəsi kimi dərs vəsaitinin çapını yüksək qiymətləndirib, nəşrin tələbələrin stolüstü tədris ədəbiyyatı olacağına əminliyini ifadə edib.
Tədbirdə professor Nəsir Əhmədli, filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev, filologiya üzrə fəlsəfə doktorları Rauf Sadıxov, Gülbəniz Babayeva, kulturologiya üzrə fəlsəfə doktorları Fatimat Məmmədova, Sədaqət Əliyeva, Yeganə Əliyeva, yazıçı Kənan Hacı və başqaları kitabla bağlı fikirlərini bildiriblər.
Qeyd olunub ki, dərs vəsaiti redaktorluq sənətində təhsil alan gənclərin peşəkar mütəxəssis kimi yetişməsində, onların elm və mədəniyyətimizin inkişafında uğurlu fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayacaqdır. Həmçinin tələbələr üçün asan qəbul olunacaq vəsaitin həm metodiki, həm də dərslik nöqteyi-nəzərindən düzgün yazıldığı, bütün kriteriyalara cavab verdiyi vurğulanıb.
Sonda nəşrin müəllifi, professor Asif Rüstəmli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, eyni zamanda, dərs vəsaitinin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. O, tələbələrə və müəllimlərə kitabın imkanlarından istifadə etməyi tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.