Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

22.06.2018 14:52
  • A-
  • A
  • A+

AMEA-da ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub

AMEA-da ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub

AMEA-nın Əsas binasında Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin Azərbaycan dilinə tərcümə olunmuş "Nadir şah" kitabının təqdimat mərasimi keçirilib.

Vəsait "Şərq-Qərb" nəşriyyatında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi redaktorluğu və geniş müqəddiməsi ilə çap olunub.

Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Qərbdə böyük maraqla qarşılanan və akademik dairələrin diqqətini cəlb edən bu əsərin Azərbaycan dilində nəşrinin siyasi tariximizin parlaq simalarından biri hesab edilən Nadir şah Əfşarın dövlətçilik fəaliyyətinə və şəxsiyyətinə dair dəyərli bir kitab olduğunu vurğulayıb. O, əsərdə Qafqazdan Hindistana qədər böyük imperiya yaratmış görkəmli sərkərdə Nadir şahla bağlı 27 məktubun ilk dəfə ana dilimizə tərcümə olunaraq oxucuya təqdim edildiyini söyləyib.

AMEA-nın vitse-prezidenti kitabın redaktoru akademik Ramiz Mehdiyevin elmi və siyasi fəaliyyətindən bəhs edərək, görkəmli alimin geniş müqəddiməsində əsərə və Nadir şah şəxsiyyətinə elmi səviyyədə yüksək qiymət verildiyini bildirib.

Sonra çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova kitabın Azərbaycan tarixşünaslıq elminə dəyərli töhfə olduğunu, Osmanlı, İran, Rusiya mənbələrindən geniş istifadə edildiyini bildirib. O, həmçinin xalq arasında Nadir şahla bağlı lətifələrin də əsərdə əksini tapdığını deyib.

Akademik N.Axundova ilk dəfə 2006-cı ildə Avropada çapdan çıxan kitabın Qərbdə qəddar sərkərdə kimi təqdim edilən Nadir şaha qarşı düşüncənin dəyişməsində mühüm rol oynadığını qeyd edib.

Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək hər bir xalqın tarixinə sahib çıxmasının vacibliyini vurğulayıb. O, akademik Ramiz Mehdiyevin Azərbaycanın tarixi ilə bağlı məsələləri daima diqqətdə saxladığını, Səfəvilər dövləti, Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən soyqırımlara dair sanballı əsərlər ərsəyə gətirdiyini bildirib.

Y.Mahmudov Nadir şahın Qərb dairələrində qəddar kimi qələmə verilməsinin doğru olmadığını, əksinə onun imperiyada yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün bir sıra humanist addımlar atdığını diqqətə çatdırıb.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva isə çıxışında R.Mehdiyev tərəfindən əsərə yazılmış müqəddiməni Nadir şah Əfşar şəxsiyyətinə və yaratdığı dövlətə yeni konseptual baxış kimi qiymətləndirib. O, akademikin milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz rol oynadığını və Azərbaycan xalqının strateji maraqlarına hər zaman önəm verdiyini vurğulayıb.

Kitabda mühüm tarixi faktların, təsvir və sxemlərin əks olunduğunu deyən G.Baxşəliyeva mənbəşünaslıq sahəsində sistemli tədqiqatların aparılması üçün İctimai Elmlər Bölməsinin daxilində Koordinasiya Şurasının yaradılmasının vacibliyini önə çəkib.

Təqdimat mərasimində Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, müəssisənin İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d., dosent Vidadi Mustafayev, Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d., dosent Səməd Bayramzadə, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Eynulla Mədətli və digərləri çıxış edərək kitabın tərcüməsinin tarixi önəmindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: