Əfsun Sucayev: “Gənclər üçün Prezident mükafatı bu diqqətin bariz nümunəsidir”.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında strateji hədəflərdən biri gənclərin potensialının inkişaf etdirilməsidir. Qloballaşan dünyanın yeni çağırışları və ölkəmizdə biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan gəncliyinin avanqardı olan innovativ təfəkkürlü intellektual gənclik qarşısında tamamilə yeni tələblər irəli sürür. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların daha geniş miqyasda intellektual fəaliyyətə cəlb edilməsi, elm, təhsil və yeni texnologiyalara marağının artırılması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini, gənc alim və mütəxəssislərlə fəaliyyət sahəsində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqini tələb edir. Bu zərurəti nəzərə alan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinə qərar verib.AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alimlər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, gənc alim Əfsun Sucayevlə söhbətimiz də bu mövzuda oldu.
- Gənc alimlərə dövlətin diqqət və qayğısını necə qiymətləndirmək olar?
- Dövlətin yeni forma və məzmunda davam etdirilən gənclər siyasətində istedadli və yaradıcı gənclərlə iş diqqət cəlb edir. Belə ki, onların müxtəlif beynəlxalq tədbirlərdə iştiraklarının təmin olunması, əsərlərinin xaricdə çap olunmasına kömək göstərilməsi, müxtəlif beynəlxalq konfrans, elmi simpozium və sərgilərin keçirilməsi, fəaliyyətlərinin stimullaşdırılması, il ərzində fərqlənmiş istedadlı və yaradıcı gənclərin mükafatlandırılması kimi tədbirləri xüsusilə qeyd etmək lazımdır. Hansı ki, bu tədbirlərin hər biri gənc alimlərimizin, yaradıcı elm adamlarının intellektual imkanlarının, elmi yeniliklərinin dünyaya təqdim olunmasında mühüm rol oynayır. Hesab edirəm ki, “Gənclər üçün Prezident mükafatı”nın təsis olunması isə müasir gəncliyə, gənc elm adamlarına diqqət və qayğısının ən bariz nümunəsidir.
- Azərbaycanda elm məbədi sayılan AMEA-da gənclərin elmə həvəsləndirilməsi üçün hansı stimullaşdırıcı tədbirlər həyata keçirilir?
- AMEA inkişafın yeni mərhələsinə qədəm qoyub. Akademiyanın demək olar ki, bütün elmi müəssisələri kimi kimya profilli tədqiqat institutları da əsaslı təmir olunub, laboratoriyalar ən müasir cihazlar və avadanlıqlarla təchiz edilib. Elmi nailiyyətlərin artması, yeni-yeni informasiya-kommunikasiya texnologiyalarının ortaya çıxması və buna görə dünya iqtisadiyyatının tələblərinin dəyişikliyə məruz qalması nəzərə alınaraq akademik Akif Əlizadənin rəhbərliyi ilə AMEA-da həyata keçirilən sturuktur və institusional islahatların ən vacib elementi kimi tədqiqat institutlarında da İKT-nin geniş formatda tətbiqinə başlanılıb. Artıq hər bir institut müasir kompyuter texnologiyaları, genişzolaqlı internet şəbəkəsi ilə təchiz edilib. Belə demək mümkünsə, bir zamanlar xəyal etdiyimiz şeylər bu gün artıq gerçəkləşir.
Yuxarıda sadaladığım yeniliklərdən şəxsən mənim çalışdığım Aşqarlar Kimyası İnstitutundan da yan keçməyib. İnstituta əsaslı təmirdən sonra elmi-tədqiqat işlərinin daha da səmərəli və keyfiyyətli aparılmasına səbəb olacaq dəyəri yüz min manatlarla ölçülən yeni cihazlar - elektron mikroskopu, infraqırmızı və ultrabənövşəyi spektrometrlər, xromato-kütlə spektrometri, xromatoqraf və başqa lazımi elmi avadanlıqlar alınıb, hazirda o cihazlarla işləyə bilən gənc mütəxəssislər yetişdirilməkdədir. İnstitutumuzda gənc alim və doktorantlardan ibarət tədqiqat qrupu yaradılıb. Qrup laboratoriyada həm tədqiqatlar aparır, həm də universitetlərdən cəlb olunan magistr və bakalavrların təcrübə keçməsinə yaxından köməklik edir.
Qeyd etmək istədiyim əsas yeniliklərdən biri də hörmətli Akif müəllimin bilavasitə təşəbbüsü ilə AMEA institutlarında elmlə təhsilin vəhdəti rolunda çıxış edən baza kafedraların yaradılması ilə bağlıdır. Geologiya və Neft-Kimya Prosesləri İnstitutndan sonra Aşqarlar Kimyası İnstitunda Bakı Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” kafedrasının “Aşqarlar, yanacaqlar, yağlar, sürtgülər və xüsusi mayelər” adlı filialı təşkil olunub. Burada da məqsəd elm və təhsilin əlaqələndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq vərdişlərinin formalaşdırılması və ən ümdəsi, istedadlı gənc mütəxəssislərin elmə axınını təmin etməkdir.
- Gənc alim kimi siz hazırda hansı araşdırmalarla məşğulsunuz?
-Qeyd edim ki, 10 illik təcrübəyə malik elmi tədqiqatçıyam. Əsas elmi yeniliklərim sürtkü yağlarına və yanacaqlara yeni nəsil yüksək təsirli çoxfunksiyalı kükürdsaxlayan aşqarların sintezi və tədqiqi”nə həsr edilmiş silsilə elmi işlərdən bəhs edir. Xüsusən, bu aşqarların tərkibinə daxil olan aminospirtlərin tsiklik tiokarbamid törəmələrini ilk dəfə üçkomponenentli kondensləşmə yolu ilə almışam, həmin aşqarların sintezi və təsir mexanizmi sahəsində sistemli tədqiqatlar aparmışam. Bu tədqiqatlar nəticəsində sürtkü yağlarına, yanacaqlara əlavə edilən yüksək təsirli yeni sinif aşqarların məqsədyönlü sintezinin elmi əsasları işlənib hazırlanıb. Apardığım tədqiqatların əsas nəticələri 25 elmi əsər və 2 patentdə öz əksini tapıb. Son illər 10-a yaxın məqaləm ABŞ, Rusiya, Türkiyə, Çexiyanın “Science Citation İndex”ə daxil olan resenziyalı elmi jurnallarında dərc edilib. Eyni zamanda elm və təhsilin müxtəlif sahələrinə aid 100-dən artıq publisistik məqalənin müəllifiyəm.Mütəmadi olaraq beynəlxalq elmi müsabiqələrə, xaricdə təcrübə mübadiləsi keçmək üçün müxtəlif beynəlxalq və yerli donor təşkilatların elan etdiyi təqaüd proqramlarına da qatılıram. Elə bu yaxınlarda təqdim etdiyimiz layihə SOCAR Elm Fondunun qrant müsabiqəsinin qalibi olub. Həmin layihə çərçivəsində dekabr ayında Turkiyənin Orta Doğu Texnik Universiteti Nanotexnologiyalar Elm Mərkəzinə ezam olunacağıq, orada əldə edəcəyimiz təcrübəni gəlib burada öz elmi- tədqiqatlarımızda tətbiq edə biləcəyik. Təbii ki, bütün bu işlərimizin belə uğurlu alınmasında institutumuzun direktoru, akademik Vaqif Fərzəliyevin rolunu xüsusi qeyd etmək istəyirəm. Onun hərtərəfli maddi və mənəvi dəstəyi biz gənc mütəxəssislərin birbaşa elmə köklənməsinə xidmət edir.
- Hazırda gənc alimlərin müəyyən problemləri də qalmaqdadır. Bu haqda nə demək olar?
-Bəli, gənc alimlərin həllini gözləyən müəyyən problemləri var. Əsas problem isə onların mənzil şəraiti ilə bağlıdır. Bu gün 200-dən çox gənc alim evsizdir, kirayədə yaşamağa məcburdur. Elə alimlərimiz var, mənzil olmaması səbəbindən yaşı 30-35 yaşı keçib, ancaq hələ də ailə qura bilmir. Düzdür, gənc alimlərimiz də dövlətin güzəştli ipoteka qrupuna daxil edilib. Lakin gənc alimlərin əməkhaqlarının az olması dövlətin yaratdığı bu imkandan yararlanmasına mane olur. Bu səbəbdən indiyə qədər sosial ipoteka krediti verilən gənclər arasında alimlərə rast gəlinmir. Məqsədəuyğun olar ki, mənzilə ehtiyacı olan gənc alimlərin adından dövlət başçısına müraciət edilsin. Artıq özünü doğruldan belə bir təcrübə də var: bildiyimiz kimi, jurnalistlər üçün müraciət əsasında dövlət vəsaiti hesabına bina tikilib, istifadəyə verildi. Bu uğurlu təcrübənin gənc alimlər üçün də tətbiqi arzuolunandır.
Digər vacib problem elmlər doktorluğu və fəlsəfə doktorluğu üzrə elmi dərəcələrə görə verilən əlavələrin məbləği ilə bağlıdır. Bu yaxınlardə 2 dəfə artırılsa da, bu yenə yetərli sayılmır.
Toxunmaq istədiyim son məsələ gənc kimyaçı alimlərin elmi nailiyyətlərinin tətbiqi ilə bağlıdır. Belə ki, gənc tədqiqatçılar tərəfindən yerinə yetirilmiş və yüksək nəticələr göstərmiş elmi-tədqiqat işləri çox vaxt elə dissertasiya səviyyəsində qalır. Bu işlər uyğun olan sahələr üzrə öz tətbiqini tapsa, ölkəmizə daha çox fayda gətirmiş olar.
Ümumiyyətlə, gənc alimlərin bu problemlərinin həlli kompleks yanaşma tələb edir. Bu yanaşmanı özündə əks etdirən “Elm haqqında” qanun layihəsi qəbul olunsa fikrimizcə, gənc alimlərin mənzil ehtiyaclarından tutmuş əməkhaqları, elmi dərəcələrə görə verilən ödənişlərə qədər əksər problemlərinin həllinə öz müsbət təsirini göstərə bilər.
Tural Tağıyev