Sentyabrın 14-də AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsinin tərkibində Torpaq ekologiyası beynəlxalq laboratoriyasının açılışı olub.
Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və b. iştirak ediblər.
Mərasimdə laboratoriyanın institutun gələcək inkişafında, eləcə də respublikada aqrar sahənin elmi təminatında mühüm rol oynayacağı vurğulanıb. Bildirilib ki, Azərbaycan və Cənubi Koreya dostluq münasibətlərinə söykənən bu cür laboratoriya elmi əməkdaşlıq istiqamətində töhfəsini verəcək. Çıxışlarda qeyd olunub ki, sözügedən laboratoriyanın, ümumən institutun cihazları SEBA təşkilatının dəstəyi ilə Cənubi Koreya Respublikasının Seul Milli Universiteti ilə imzalanmış müqaviləyə əsasən koreyalı mütəxəssislər tərəfindən təmin edilib.
Tədbirdə cihazların inkişaf etmiş ölkələrin laboratoriyalarında geniş istifadə edildiyi, onların fəaliyyətinin beynəlxalq səviyyədə qəbul olunmuş metodikaya əsaslandığı nəzərə çatdırılıb. Bildirilib ki, avadanlıqlar içərisində önəmli yeri ICP-7200 tutur. Multi-element analizini həyata keçirən laboratoriyalarda istifadə olunan bu kimi cihazlar elementləri həm bərk, həm də maye halda analiz edə bilir.
Qeyd olunub ki, cihazdan istifadə respublikamızda torpaq ekologiyasının dəqiq rəqəmlər əsasında öyrənilməsinə, vahid torpaq sahəsinin məhsuldarlığının artırılmasına, kənd təsərrüfatı üzrə ərazinin rayonlaşdırılmasına, qəbul olunmuş dövlət proqramları üzrə həyata keçirilən işlərin səmərəli təşkilinə imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.