Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin geniş iclasında AMEA Mərkəzi Kitabxanasının təqdimatı oldu

AMEA Rəyasət Heyətinin geniş iclasında AMEA Mərkəzi Kitabxanasının təqdimatı oldu

14 may 2014-cü il tarixdə AMEA Mərkəzi Kitabxanasında AMEA Rəyasət Heyətinin geniş iclası keçirildi.

Tədbirdə AMEA-nın institut və digər elmi-tədqiqat müəssisələri, regional bölmələrinin rəhbərləri, alim və mütəxəssislər iştirak edirdi.

İclası giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə AMEA Mərkəzi Kitabxanasının istifadəyə verilməsinin Azərbaycan elmi üçün böyük töhfə olduğunu söylədi. Kitabxananın ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 29 aprel 2011-ci il tarixli Sərəncamına əsasən inşa olunduğunu diqqətə çatdırdı. Mərkəzi Kitabxananın açılışını ölkə rəhbərliyi tərəfindən Azərbaycan elminin inkişafına və alimlərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirdi.

Mərkəzi Kitabxananın respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərə malik olan ən iri, həmçinin regionda aparıcı elmi kitabxana olduğunu bildirən A.Əlizadə burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahələrində fəaliyyətin təşkil edildiyini vurğuladı.

Akademik kitabxananın bütün otaqlarında müasir standartlara cavab verən informasiya-kommunikasiya texnologiyaları sistemi quraşdırıldığını bildirdi, kitabxananın AMEA sistemində aparılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsi olduğunu bildirdi.

Mərkəzi Kitabxana haqqında təqdimatla çıxış edən İnformasiya Resursları Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzinin də fəaliyyət göstərdiyini diqqətə çatdırdı: “Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir. Burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət göstərilmiş, 300 kompüter quraşdırılmış, bütün oxu zalları sürətli internet ilə təchiz olunmuşdur”.

Kitabxanada 14 oxu zalının fəaliyyət göstərdiyini bildirən L.İmanova kitabxananın 4 milyona yaxın kitabın saxlanılmasına imkan verən qapalı və xüsusi şəraitli fondunun mövcud olduğunu söylədi. Onun sözlərinə görə, burada görmə qabiliyyəti zəif olan insanların da hərtərəfli yararlanmaları üçün müvafiq şərait yaradılmışdır.

İclasda, həmçinin AMEA üzvlüyünə seçkilərə hazırlıq, nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili və Azərbaycan alimlərinin I qurultayının keçirilməsi məsələləri müzakirə edildi.

Akademik A.Əlizadə bildirdi ki, bu ilin iyun ayının sonlarında AMEA-ya üzvlük seçkilərində 50-dən artıq üzvün seçilməsi nəzərdə tutulur, dekabr ayında isə Azərbaycan alimlərinin I qurultayının keçirilməsi planlaşdırılır.

Nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkilindən danışan AMEA prezidenti alim və mütəxəssislərin müasir dövrün tələblərinə cavab verən cihaz və avadanlıqlardan birgə istifadəsinin və birgə elmi-tədqiqat işlərinin aparılmasının əhəmiyyətini vurğuladı.

Sonda tədbir iştirakçıları kitabxanada yaradılmış şəraitlə tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: