Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

29.09.2018 15:27
  • A-
  • A
  • A+

Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Sentyabrın 28-də R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayı keçirilib.

Tədbiri giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov açaraq aşıq sənəti haqqında məlumat verib.

Azərbaycan Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini deyən R.Hüseynov bu gün altıncı qurultayın gerçəkləşməsini əlamətdar hadisə hesab edib. O, aşıq sənətinin həm də millətin böyük amallarının ifadəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur.

Akademik R.Hüseynov Azərbaycanın aşıq ensiklopediyasının da işıq üzü gördüyünü diqqətə çatdırıb.

Sonra Qurultayın mandat komissiyasının sədri Elxan Məmmədlinin hesabatı dinlənilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin son illərdəki fəaliyyət istiqamətlərindən danışıb. Nazir vurğulayıb ki, ölkəmizin bölgələrində yerləşən musiqi məktəblərində saz sənəti öyrədilir, tədris olunur, proqrama daxil edilir. Bütün bunlar bu sənətin gələcək nəsillər tərəfindən qorunmasına, yaşadılmasına hesablanmış addımdır.

Nazir qədim, əbədi mənəvi varlığımız olan aşıq sənətinə ulu öndər Heydər Əliyevin yüksək qiymət verdiyini, ümummilli liderin təşəbbüsü ilə UNESCO tərəfindən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirildiyini xatırladıb. O, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ədəbiyyatımıza, incəsənətimizə, aşıq sənətinə qayğısından, bir çox aşıqlarımıza Prezident təqaüdünün verilməsindən söhbət açıb.

Daha sonra Aşıqlar Birliyinin sədri, Ədəbiyyat İnstitutunun şöbə müdiri, fil.ü.e.d. Məhərrəm Qasımlı çıxış edərək rəhbərlik etdiyi qurumun son illər gördüyü işlərdən danışıb. Vurğulayıb ki, son dövrlər milli-mənəvi dəyərlərimizə, o cümlədən aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasında - UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 

M.Qasımlı qeyd edib ki, bu gün aşıq sənəti bir dövlətçilik atributu kimi diqqət mərkəzindədir. Bu sənət dövlətçiliyə bağlı olan sənətdir.

Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, şair Əli Kafkasyalı, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, professor Qəzənfər Paşayev və digər çıxış edənlər qurultayın əhəmiyyətindən söz açıblar, aşıq sənətinin humanitar mədəniyyət strategiyasındakı rolunu vurğulayıblar.

Çıxışlardan sonra qurultayda təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində Məhərrəm Qasımlı yenidən Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

Sonda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: