Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.10.2018 17:21
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın direktoru Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilib

Mərkəzi Elmi Kitabxananın direktoru Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi tərəfindən “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirilib.

Tədbirdə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi çıxış edərək MEK-in Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. 

Kitabxanada Macarıstanın kitab guşəsinin təşkil edildiyini deyən diplomat burada böyük macar alimi, türkoloq G.Hazainin həyat və fəaliyyəti, həmçinin Macarıstanın tarixi ilə bağlı müxtəlif nəşrlərin mövcud olduğunu bildirib. V.Szederkenyi MEK-in fəaliyyəti sayəsində Azərbaycan vətəndaşlarının Macarıstanın ənənələri, mədəni müxtəlifliyi, ədəbiyyatı, tarixi, elm və təhsil sistemi ilə daha yaxından tanış olduğunu deyib.

Diplomat səfirliyin kitabxana ilə birgə təşkil etdiyi elmi mühazirələr, təqdimat və sərgilərdən də söz açıb. O, ötən il Bakıda keçirilən "Macarıstan günləri”nin təşkilində MEK-in əsas tərəfdaşlardan biri kimi iştirak etdiyini vurğulayıb.

Daha sonra səfir Macarıstan Prezidenti Yanos Aderin qərarını səsləndirib. Macarıstan-Azərbaycan ikitərəfli elmi-mədəni əlaqələrin genişləndirilməsi və bu istiqamətdəki xidmətlərinə görə MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilib. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək iki ölkə arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıqla xarakterizə olunduğunu deyib. Alim qarşlıqlı elmi-mədəni əlaqələrin genişləndirilməsində MEK-in fəaliyyətini yüksək dəyərləndirib.

Sonda iştirakçılar Macarıstanın mədəniyyəti, tarixi, incəsənəti, eləcə də macar dilində nəşr edilmiş və Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: