Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.08.2014 00:00
  • A-
  • A
  • A+

Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzinin nümayəndə heyəti Rusiyada ezamiyyətdə olub

Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzinin nümayəndə heyəti Rusiyada ezamiyyətdə olub

AMEA Mərkəzi Kitabxana – İnformasiya Resursları Məzkəzinin (MK – İRM) nümayəndə heyəti Moskva şəhərində Rusiya Dövlət Kitabxanası (RDK), Rusiya Elmlər Akademiyasının Təbiət Elmlər Kitabxanası və Sankt Peterburq şəhərində Yeltsin adına Prezident Kitabxanasına ezam olunub.

RDK-nın baş direktoru Aleksandr Vislıy ilə ilk görüşdə nümayəndə heyətinə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu rəhbərlik edib. Azərbaycanda akademik strukturların inkişafından danışan P.Bülbüloğlu bildirib ki, respublikada bütün istiqamətlərdə, xüsusilə də neftçıxarma və geoloji kəşfiyyat sahəsində böyük elmi potensial mövcuddur. Bu potensialı gücləndirmək məqsədilə iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və səylərin birləşdirilməsi vacib hesab edilir.

Görüşdə RDK-ya XX əsr Azərbaycan rəssamlarının albomları, ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr edilmiş “İTAR-TASS” informasiya agentliyi və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Heydər Əliyev: Rusiyada könlümün hissəsi var” fotoalbomu, müxtəlif dillərdə nəşr edilmiş kitablar və s. təqdim olunub.

AMEA İnformasiya Resursları Mərkəzinin direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova bildirib ki, bunlar kitabxanaya Azərbaycan haqqında ədəbiyyatın zənginləşdirilməsi üçün hədiyyə edilmiş son kitablar deyil: “Dövlət başçısı İlham Əliyevin 2004 və 2007-ci illərdə imzaladığı sərəncamlara əsasən müasir və klassik dünya ədəbiyyatı Azərbaycan dilinə tərcümə edilərək işıq üzü görür. Təqdim olunan kitablar da bu layihələr çərçivəsində Azərbaycanda qərb standartlarına cavab verən nəşriyyat məhsullarıdır”.

Görüşdə, həmçinin A.Vislıy Bişkek şəhərində keçirilməsi planlaşdırılan qurultayda RDK-nın təşəbbüsü ilə Avrasiya Elektron Kitabxanasının yaradılması layihəsindən danışıb. Qeyd edib ki, layihə assosiasiyanın üzvü olan kitabxanaların bütün elektron resurslarına ödənişsiz giriş imkanları yaradacaq. Bu da öz növbəsində, hər bir kitabxana fondunun zənginləşməsinə səbəb olacaq.

Görüşdə, həmçinin vurğulanıb ki, bu gün mərkəzə kitablar daxil olmaqla bütün informasiya mübadiləsini qabaqcıl texnologiyalara əsaslanaraq qurmağı planlaşdırır. Bunun üçün məlumatların toplanıb saxlanılması, axtarış sistemləri və məlumatların ötürülmə qaydalarının qabaqcıl olması ilə yanaşı, kitabxana - informasiya və internet istifadəçisinin “görüb oxuya bildiyi” vahid formatda olmalıdır.

8 gün davam etmiş səfər müddətində nümayəndə heyəti milli rəqəmsal yaddaş, vahid informasiya idarəetmə sistemi layihələrinin qurulması məqsədilə müxtəlif formatlarda təşkil olunmuş görüşlər çərçivəsində kitabxanaların idarəetmə, oxucu, təşkilatçı, proqramçı və İT mütəxəssisləri səviyyəsində işi ilə tanış olub, fikir mübadiləsi aparıb, biblioqrafiya, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində mütəxəssislər ilə kompyuter texnologiyaları, kataloqlaşdırmaya dair bir sıra məsləhətləşmələr aparılıb.

Səfər yeni kitabxananın universal əlaqələndirilmiş kitabxana-informasiya məkanında fəaliyyətinə dair məqsədyönlü qərarlar verməsi, eyni zamanda dünya informasiya məkanına inteqrasiyası üçün biliklərin artırılması baxımından əhəmiyyətli hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: